“Nurgün Motors”un Nurunu niyə söndürürlər – şok səbəb
1-05-2015, 09:47
Bugünlərdə aznews.az saytı Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının Bakıda bir neçə avtomobil satış mərkəzi və salonlarında əməliyyat keçirdiyi haqda məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, əməliyyat nəticəsində 10-dan artıq şəxs tutulub. Saytın əldə etdiyi xəbərə görə, əməliyyata səbəb salonlarda keyfiyyətsiz avtomobillərin satılması, müştərilərin aldadılması ilə bağlı çoxsaylı şikayətlərin edilməsi olub.
Şikayətlər əsasən suya düşmüş, istifadəsi təhlükəli olan avtomobillərin və işlənmiş avtomobillərin “probeq”inin aşağı salınaraq baha qiymətə satılması ilə bağlı olub. MCMİ-nin əməkdaşlarının əməliyyatı zamanı Babək prospektində olan bəzi avtomobil satış mərkəzlərində bu fakt təsdiqini tapıb. Məlum olub ki, avtosalonlar dələduzluq yolu ilə insanlardan xeyli pul mənimsəyirlər, onlara maddi ziyan vururlar.
Elə buna görə də “Nurgün Motors”un bəzi salonlarının, eləcə də “Avto Line”, “Avto Qalareya”, “Avto Murad” və digər salonların rəhbərləri, eləcə də bəzi əməkdaşları saxlanılaraq MCMİ-yə aparılıb.
Musavat.com-a “Nurgün Motors”dakı mənbədən daxil olan məlumatda isə bildirilir ki, əslində axtarışlardan xeyli əvvəl bir sıra dövlət qurumları Nuru Əliyevin biznes fəaliyyətində ciddi qüsurlar aşkarlayıb. Lakin buna uzun illər göz yumulub. O vaxta qədər ki, şirkət rəhbəri açıq şəkildə siyasi proseslərə qoşulub. N.Əliyevin bəzi siyasi qüvvələrlə gizli-aşkar əlaqələri haqda çoxdan məlumatlar var. Onun müxalifətin bir qanadı ilə yaxınlıq etməsi, hətta həmin qanada müəyyən dövrlərdə maliyyə dəstəyi verməsi də təzə söhbət deyil.
Son vaxtlar hakimiyyətin siyasi müxalifətlə gizli-aşkar əlaqə quran bütün iş adamlarını sıradan çıxarmaq təşəbbüsü, görünür, Nuru Əliyevdən də yan keçməyib. Ona məxsus bir çox məşhur brendlərin distributorluğu əlindən alınıb: “Hətta vaxtilə Nuru Əliyevə basqılar o səviyyəyə çatmışdı ki, məcburiyyət qarşısında ölkəni tərk etməli olmuşdu. Sonradan ölkəyə qayıdıb bəzi məşhur brendlərin distributorluğunu təhvil verib işini davam etdirməyə başladı”.
Qaynağımız deyib ki, N.Əliyev əsasən Yapon şirkətləri ilə işbirliyindədir: “Yaponlarla işləmək dəqiqlik, dürüstlük tələb edir. İşlə bağlı hər xırda məqam yaponlar üçün əhəmiyyətlidir deyə yerli şirkətlər onlarla işləməyə çox da həvəs göstərmir. Nuru Əliyevin isə illərdir ki, onlarla ticari əlaqələri var. Bakıda ilk hiper-marketlərdən biri ”Contenental" vaxtilə onun olub. 100-dən çox brendin yayılması hüququ da onda olub. Lakin sonradan “Fillip Moris”in istehsalı olan siqaretlərin ölkədə yayılmasından, məşhur “Vaqon” sosiskalarından və bir çox ərzaq brendlərinin yayım hüququndan imtina etməli olub".
N.Əliyevin böyük biznesə gömrük orqanlarından gəlib. Vaxtilə Bakı hava limanında gömrük rəisi olan N.Əliyevin indiki hakimiyyət qarşısında xidmətləri olub. 1990-cı illərin sonlarında “Nurgün” Şirkətlər Qrupunu yaratmaqla N.Əliyev ölkəyə o dövr üçün əlçatmaz olan maşın markalarını gətizdirməyə başlayıb: “Bir neçə il əvvəl problemləri üzündən ölkədən getsə də, sonradan geri qayıtdı. Salyan və Sabirabad olimpiya idman kompleksləri bu gün də ”Nurgün Motors"un himayəsindədir. Şirkətin sponsorluğu ilə fəaliyyət göstərirlər".
Aznews.az xəbər verir ki, şirkətə məxsus “Infiniti”, “Renault”, “Nissan” və “Ford” markalı avtomobillərin satıldığı salonlar möhürlənib. Səbəb kimi “Nurgün Motors”un vergini vaxtında ödəməməsi göstərilir. “Nurgün Motors”un marketinq şöbəsindən bildiriblər ki, satış mərkəzlərində təmir işləri aparıldığı üçün fəaliyyətini müvəqqəti dayandırıb: “Şirkətə məxsus avtosalonlarda profilaktik işlər görülür və bəzi təmir işləri aparılır. İşlər bitmək üzrədir. Salonların fəaliyyəti bu gün axşam saatlarından etibarən bərpa olunacaq”.
Lakin “Nurgün Motors”a aid olan böyük avtomobil salonlarının niyə hamısında eyni vaxtda təmir işlərinin aparılması sualına cavab verilməyib.