Seçkilərə bir həftə qalmış Harris və Tramp bir-birinə qarşı kəskin ifadələr işlədib

31-10-2024, 17:34           
Seçkilərə bir həftə qalmış Harris və Tramp bir-birinə qarşı kəskin ifadələr işlədib
ABŞ-ın vitse-prezidenti Kamala Harris və sabiq prezident Donald Tramp seçki gününə bir həftə qalmış səsləri təmin etmək üçün son addımlarını atırlar.

Demokratlar Partiyasının namizədi Harris çərşənbə axşamı Ağ Evin yaxınlığındakı çıxışında, özünün dediyi kimi, “bağlanış nitqini” söyləyib. Tramp isə qalibin müəyyən edilməsində mühüm ola biləcək yeddi ştatdan biri olan Pensilvaniyada təşfiqat mitinqini keçirib.

Harris insanların həyatını yaxşılaşdırmaq üçün çalışacağını və Ağ Evə görüləcək işlərin siyahısı ilə gələcəyini vəd etdiyi halda, Trampın yalnız özünə fokuslandığını və yeni müddətə düşmənlər siyahısı ilə başlayacağını bildirib.

Onun çıxışı 2021-ci ilin yanvarında izdihamın ABŞ Kapitolisinə basqın etməzdən qısa müddət əvvəl Trampın Co Baydenə seçkilərdə uduzmasının təsdiqini dayandırmaq üçün tərəfdarlarına müraciət etdiyi ərazidə baş verib.

“Baxın, biz Donald Trampın kim olduğunu bilirik. O, təxminən dörd il əvvəl məhz bu yerdə dayanan, azad və ədalətli seçkilərdə xalqın iradəsini alt-üst etmək üçün Birləşmiş Ştatların Kapitolisinə silahlı dəstə göndərən şəxsdir”, Harris bildirib.

Sorğular Harris və Trampın bəzi mühüm ştatlarda bərabərləşdiyini və ya çox az fərqlə birinin digərindən irəlidə olduğunu göstərir.

Florida Universitetinin keçirdiyi rəy soğularına görə, gələn çərşənbə axşamı rəsmi seçki günü ərəfəsində artıq 50 milyondan çox insan ya seçki məntəqələrində, ya da poçt vasitəsilə səs verib. 2020-ci il seçkilərində səs verənlərin ümumi sayı 155 milyondan çox idi.

Əhalisinin latın amerikalıların çoxluq təşkil etdiyi Pensilvaniya ştatının Allentaun şəhərinə getməzdən əvvəl Tramp çərşənbə axşamı Floridadakı Mar-a-Laqo okean sahilindəki malikanəsində danışıb. O, Harrisi "olduqca səriştəsiz ... tamamilə fəlakətli insan" kimi təsvir edib.

Lakin Tramp jurnalistlərin suallarını cavablamayıb və bazar günü Nyu-Yorkun “Madison Square Garden” sarayında Trampın mitinqində komediyaçı Toni Hinçklifin zarafatına toxunmayıb. O, ABŞ-ın ispan dilli ərazisi olan Puerto Rikonu “üzən zibil adası” adlandırıb.

Trampın kampaniyası özünü bu zarafatdan uzaq tutub. Tramp bu açıqlamaları açıq şəkildə şərh etməyib, lakin ABC News-a açıqlamasında Hinçklifi tanımadığını deyib: “Kimsə onu ora qoyub. Onun kim olduğunu bilmirəm”.

Tramp televiziyada yayımlanan və haqqında çox yazıldığı halda belə, zarafatı eşitmədiyini iddia edib.

O, Nyu-York mitinqini “mütləq sevgi festivalı” adlandırıb.

Adada yaşayan puerto-rikolular amerikalıdırlar, lakin seçkilərdə səs verə bilməzlər, çünki prezident seçkilərində ərazilərdə deyil, yalnız ABŞ ştatlarında yaşayan insanlar səs verə bilər. Bununla bərabər, adada böyüyən yüz minlərlə insan öz qohumları kimi ABŞ ərazisinə köçüb və onlar yaşadıqları ştatda səs verə bilərlər.

Yüz minlərlə puerto-rikolu səsi bəzi kritik ştatlarda nəticə üçün əhəmiyyətli ola bilər. Harris kampaniyası tez bir zamanda latın amerikalı seçicilərinin keçmiş prezidentin təmsil etdiyindən daha yaxşısına layiq olduqlarını bildirdiyi rəqəmsal reklam hazırlayıb.

Kaliforniya Los-Anceles Universitetindəki Latino Data Hub-a görə, hər iki namizədin prezidentliyə qalib gəlmək üçün vacib hesab etdiyi Pensilvaniya ştatında 300.000-dən çox puerto-rikolu seçici yaşayır.

Şimali Karolina, Viskonsin və Miçiqanda, digər üç döyüş bölgəsində də xeyli puerto-rikolu var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.