Milli fəal Yusuf Karinin polis təcridxanasında döyüldüyü bildirilir

31-10-2024, 16:24           
Milli fəal Yusuf Karinin polis təcridxanasında döyüldüyü bildirilir
Ərdəbil sakini və azərbaycanlı milli fəal Yusuf Kari polis təcridxanasında və məhkəmədə zorakılığa məruz qalıb. Keçmiş siyasi məhbus olan Kari, 28 oktyabrda Ərdəbildə həbs edildikdən sonra polis təcridxanasında işgəncə görüb.

Hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, Kari Ərdəbilin 14 saylı polis bölməsində çavuş Rza Hüseynzadə və bir neçə polis əməkdaşı tərəfindən döyülüb.

Daha sonra Ümumi və İnqilab Prokurorluğuna aparılan Kari, prokuror müavini Hüseyn Salari tərəfindən əfv istəməyə çağırılsa da, imtina edib və ona qarşı tətbiq edilən zorakılığa görə şikayətçi olduğunu bildirib. Bu müzakirədən sonra məhkəmə meydançasında saatlarla qandallanmış vəziyyətdə saxlanılıb və burada da təhlükəsizlik qüvvələrinin fiziki təzyiqinə məruz qalıb.

Yusuf Kari barəsində məhkəmə işi açılıb, lakin ona qarşı irəli sürülən ittihamlar barədə məlumat yoxdur. Baş və alın nahiyəsində aldığı xəsarətlər ədli tibb ekspertizasında qeydə alınıb. Hazırda Ərdəbil həbsxanasında saxlanılan Kari üçün müvəqqəti azadlığa buraxılma şərti olaraq 100 milyon tümən girov müəyyən edilib.
Keçmiş siyasi məhbus Yusuf Kari şəhərdə səyyar meyvə satarkən saxlanılıb. Saxlanılma anında polisin müdaxiləsinə etiraz edərək, insanları ədalətsizliyə şahid olmağa çağırıb. Hüquq müdafiəçiləri və siyasi fəallar, polisin bu addımını Kari üçün dolanışıq imkanlarını məhdudlaşdırmaq məqsədi daşıdığını bildirir.

İran azərbaycanında və ümumiliklə İranda siyasi fəalların təhlükəsizlik ittihamları ilə cinayət stajına malik olması onların iqtisadi fəaliyyətini məhdudlaşdırır və işlə təmin olunma imkanlarını əllərindən alır. Hakimiyyət və təhlükəsilzik qurumları bu şəxslərin iş sahibi olmaq hüququnu olduqca məhdudlaşdırır. Bu yaxınlarda Urmiyədə yaşayan milli fəallardan biri olan Salar Tahir Əfşarın bir internet taksi şirkətində sürücü kimi işləməsinə qadağa qoyulmuşdu.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.