İsrail Livanın şərqində təxliyə əmri verib
31-10-2024, 17:14
İsrail ordusu bölgədəki Hizbullah hədəflərinə qarşı hərbi əməliyyatlar keçirəcəyini bildirərək, çərşənbə günü Livanın şərqindəki Beka vadisinin bəzi bölgələrindəki insanlar üçün yeni təxliyə xəbərdarlığı edib.
İsrail Müdafiə Qüvvələrinin sözçüsü bildirib ki, Baalbek, Ayn Borday və Durisdəki insanlar evlərini tərk etməlidir.
İsrail hava hücumları ilə Hizbullahı İsrail-Livan sərhədindən geri itələmək məqsədi daşıyan hərbi kampaniyanı həyata keçirərkən, bu cür xəbərdarlıqları tez-tez edir.
İsrail HƏMAS-a qarşı Qəzza zolağında apardığı müharibədə də eyni üsullardan istifadə edib. BMT rəsmiləri və humanitar təşkilatlar isə təxliyə əmrlərini tənqid edərək, mülki şəxslərin hazırlaşmaq şanslarının az olduğunu və müharibə zamanı çox vaxt təhlükəsiz sığınacaq yerlərinin olmadığını deyib.
Çərşənbə axşamı fələstinlilərin səhiyyə rəsmilərinin bildirdiyinə görə, İsrailin hava hücumu Qəzzanın şimalında beşmərtəbəli yaşayış binasını dağıdıb, nəticədə azı 70 nəfər ölüb. Beyt Lahiyadakı hücumdan sonra daha 23 nəfər itkin düşüb. Səhiyyə rəsmiləri çərşənbə axşamı İsrailin ikinci zərbəsinin azı 18 nəfərin həyatına son qoyduğunu bildirib.
İsrail ordusu ilk zərbəni araşdırdığını bəyan etsə də, ikinci zərbə ilə bağlı açıqlama verməyib. İsrail döyüşlərdə 4 əsgərinin həlak olduğunu, əməliyyat başlayandan bəri ölənlərin sayının 16-ya çatdığını bildirib.
Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş İsrailin baş naziri Benyamin Netanyahuya məktub yazaraq, İsrailin BMT-nin fələstinli qaçqınlara dəstək verən əsas agentliyinin fəaliyyətini qadağan edəcək yeni qanununa görə narahatlığını bildirib.
"Baş katib bir neçə saat əvvəl İsrailin baş nazirinə məktub yazıb, göndərib. O, məktubda həmin qanun layihələrinin gündəmə gətirəcək beynəlxalq hüquq problemlərindən narahatlığını ifadə edib", - BMT sözçüsü Stefan Dujarrik çərşənbə axşamı jurnalistlərə İsrail Knessetinin bazar ertəsi qəbul etdiyi iki qanun layihəsi haqqında deyib.
"Aydındır ki, həyata keçirilərsə, bunun işğal olunmuş ərazilərdə fələstinlilərin humanitar vəziyyətinə dağıdıcı təsir göstərəcək" - deyə, Düjarrik əlavə edib.
Onun sözlərinə görə, Quterreş 1949-cu ilin dekabrında -Birləşmiş Millətlər Təşkilatının Yardım və İşlər Agentliyni (UNRWA) yaradan BMT Baş Assambleyasının prezidentinə də məktub göndərib.
Quterreş daha əvvəl də İsrailin 90 gün ərzində qüvvəyə minməli olan iki qanununu tənqid edib və fələstinli qaçqınlar üçün “dağıdıcı nəticələrə səbəb ola biləcəyini” deyib.
Quterreş həmçinin İsraili beynəlxalq humanitar hüquq çərçivəsində öhdəliklərinə hörmət etməyə çağırıb və milli qanunvericiliyin "bu öhdəlikləri dəyişdirə bilməyəcəyini" bildirib.