RUSLAN ƏLİYEV “AZƏRİQAZ”I DOSTLARINA, QOHUMLARINA İŞLƏDİR - Əhali borcla yüklənir, sədrin müavini istilikxanalarına pulsuz qaz çəkdirir

28-06-2022, 08:21           
RUSLAN ƏLİYEV “AZƏRİQAZ”I DOSTLARINA, QOHUMLARINA İŞLƏDİR -
Yaxın günlərdə “Azəriqaz”da aparılan yoxlamalar, Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilən istintaqla bağlı açıqlamalar veriləcəyi gözlənilir. “Hürriyyət”ə məlumat verən mənbə iddia edir ki, yoxlamalarla bağlı artıq ilkin olaraq dindirilənlər də var. Hələlik həbs edilənlərin olub-olmaması barədə hər hansı bir açıqlama verilmir. Lakin iddia olunur ki, həbslər “Azəriqaz” rəhbəri Ruslan Əliyevin yaxın çevrəsində baş verib və böyük ehtimalla baş verən neqativlərlə bağlı olaraq sədrin də sorğu-sual edilməsi gözləniləndir.

İlkin ehtimallara əsasən, Ruslan Əliyevin yaxın çevrəsində olan, qohumları, dostları və tələbə yoldaşlarından ibarət komanda üzvləri də sorğuya çəkilir.

Bundan başqa, qəzetimizə daxil olan informasiyalarda bildirilir ki, “Azəriqaz”da baş verən neqativ məqamlarla bağlı SOCAR-ın Müşahidə Şurasının üzvləri də fövqəladə qaydada toplanıblar. Qurumun maliyyə vəziyyəti, qarşılıqlı kreditor və debitor borclarla bağlı araşdırmalar aparılıb. Ortaya çıxan ciddi nöqsanlarla bağlı müvafiq olaraq hesabatlar da hazırlanıb.

İlkin informasiyalara əsasən, “Azəriqaz”da Ruslan Əliyevə yaxınlığı ilə tanınan bir neçə yüksək vəzifəli şəxs bu günlərdə işindən uzaqlaşdırılsa da, bu barədə rəsmi olaraq heç bir açıqlama verilməyib.

“Hürriyyət” olaraq sözügedən qurumda aparılan yoxlamaların sonucu və detalları barədə məlumat vermişdik. Redaksiyamıza daxil olan yeni məlumatlara əsasən, daha çox piar sektoruna vəsait ayıran və öz şəxsi imicini formalaşdırmağa çalışan Ruslan Əliyevin gizli bir planı da varmış.

Belə ki, sədr daha çox “şəffaflıq”, “ictimayyətə açıq” sloqanları ilə obraz formalaşdırmağa çalışsa da, əslində, “Azəriqaz”ı SOCAR-dan ayırmağa nail olmağa çalışıb.

Məlumata görə, Əliyevin bu populizmi ölkə rəhbərliyindən daha çox SOCAR rəhbərliyinin diqqətini cəlb edir. Bizə verilən informasiyada qeyd edilir: ““Azəriqaz” İstehsalat Birliyinin sədri Ruslan Əliyev daha çox diqqəti cəlb etməyə çalışır. O, gah abonentlərlə canlı yayımda özü əlaqədə olur və onların şikayətlərini dinləyir, gah da şəhid ailələrini ziyarət edərək, diqqət cəlb etməyə çalışır. Lakin “Azəriqaz” İstehsalat Birliyi sədrinin populizminə baxmayaraq, “Azəriqaz” hələ də vətəndaşların ən çox şikayətçi olduğu xidmət sahələrindən biridir. Xüsusən sayğaclarla bağlı problemlər və sayğacların artıq sərfiyyat yazması ilə bağlı tükənməyən şikayətlər “Azəriqaz” şefinin populizmini bir qədər kölgədə qoyur. Buna baxmayaraq, Ruslan Əliyev mətbuatın diqqətində olmaq və ölkə rəhbərliyinin diqqətini cəlb etmək üçün əlindən gələn hər şeyi edir”.

Bununla belə, xəbərlərə görə, “Azəriqaz” İstehsalat Birliyindən şikayətlərin artması onun Mikayıl Cabbarovun yanında etimadını azaldan faktor olmaqda davam edir.

Bəzi məlumatlara görə isə, SOCAR rəhbərliyi Ruslan Əliyevə fundamental zərbə vura bilmək üçün “Azəriqaz” İstehsalat Birliyində daxili yoxlamaya start verib. Bu yoxlamaların nəticəsi isə SOCAR-ın Müşahidə Şurasında müzakirə olunacaq.

"Azəriqaz"da başladılan yoxlamalar çərçivəsində saxlandığı deyilən, qurumun baş direktorunun istismar üzrə müavini Cahid Hüseyinli haqda redaksiyamıza yeni məlumatlar daxil olub.

C.Hüseynli ilə bağlı məlumatı verən mənbənin sözlərinə görə, müavinin Salyan rayonunda hektarlarla sahədə istilikxana kompleksləri var: "Əhaliyə yazdıqları borcu həmin istilikxanalarda işlətdikləri qazın əvəzində yükləyiblər. Cahid Hüseynli həm də "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyevin tələbə yoldaşıdır. Bəzi məlumatlara görə, Salyandakı istilikxana komplekslərində şərikdirlər".

Qeyd edək ki, Cahid Hüseynovun bir qardaşı da vaxtilə Energetika Nazirliyinin Dövlət Enerji Nəzarət İdarəsinin rəisi vəzifəsində çalışmış Cəfər Hüseynov olub. Mediada dərc edilən məlumatlara görə, o zaman Cəfər Hüseynov işində yol verdiyi nöqsanlara və maliyyə yeyintilərinə görə vəzifəsindən kənarlaşdırılıb.

Bundan başqa, “Hürriyyət”ə məlumat verən mənbə bildirir ki, Dövlət Başçısının vəətəndaşlara əlavə sərfiyyat yazılması və haqsız yerə yüklənməsinə dair açıqlamasından sonra “Azəriqaz”ın mühasibat-maliyyə hesablaşmaları ilə bağlı ortaya ciddi nöqsanlar çıxıb. Məhz müvafiq olaraq araşdırma aparan qurumların hərəkətə keçməsi ilə dövlətdən alınan maye qazın normadan aşağı təzyiqlə vətəndaşlara satılması halları ortaya çıxıb.

Redaksiyamıza danışan sabiq “Azəriqaz” mənsublarından biri iddia edir ki, aşağı təzyiqlə nəzərdə tutulan həcmdən az maye qaz borulara vurulur. Lakin müvafiq olaraq sənədləşmələrdə normaya uyğun təzyiq və həcm satış sənədlərində göstərilir. Bəzən heç bir səbəb olmadan “texniki problem”, “qəza baş verib” kimi səbəblər göstərək “Azəriqaz” rəhbərliyi nəzərdə tutulan dövr üzrə yaşayış massivlərinə qaz verilişini dayandırır. İddialara əsasən, əslində isə, bu “kəsinti” zamanı sənədlərdə göstərilmir və sərfiyyat olaraq rəsmiləşdirilir.

Məlumat verən şəxs bildirir ki, əgər abonentin qazı kəsilirsə, “qaynar xətt”ə müraciət edilir. “Qaynar xətt”dən isə “qəza baş verib” cavabı verilir. Əgər abonent israr etsə ki, qəza harada baş verib, necə baş verib bu zaman heç bir cavab almaq mümkün deyil. Çünki adətən belə “qəzalar” baş vermir. Gerçəkdə də hər hansı bir texniki qəza baş vermir. Lakin abonentlərə həmin kəsinti zamanı fasiləsiz qaz təminatı həyata keçirildiyinə dair sənədləşmə aparılır. Əvəzində vətəndaşların sayğaclarına əlavə xərclər yüklənir və beləliklə “Azəriqaz” SOCAR qarşısında öhdəliklərini “yerinə yetirmiş” olur.

Apardığımız araşdırmalar zamanı məlum olub ki, qurumun cari il üzrə rəsmi açıqlamalarına görə cari ildə qaz itkilərinin həcmi 2.2 faiz azalıb. Əvəzində isə vətəndaşlara əlavə borçların yazılması ötən ilin eyni dövrü ilə müqayiəsədə 3 dəfədən çox artıb.

Bütün bu kimi faktlarla bağlı olaraq artıq bir neçə qurum araşdırmalar aparıb. Belə ki, bəzi məmurların dövlətin vətəndaş üçün ayırdığı mavi qazı öz biznesinə pulsuz aldığına dair ortaya çox mühüm faktlar çıxdığı iddia olunur.

Bütün bu iddialarla bağlı olaraq “Azəriqaz”ın da mövqeyini dinləməyə hazırıq.

İqtisadiyyat şöbəsi



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.