Həkimlər reklam üçün bu aparıcılara 20 min manat verir
30-01-2023, 09:48
Televiziyaların populyar aparıcıları xalqı aldatmaq, hətta dolandırmaq adına həkimləri reklam edərək fantastik pullar qazanırlar…
Televiziyanın əsas funksiyalarından biri maarifləndirməkdir. Ancaq təəssüf ki, son vaxtlar yerli telekanallarda maarifləndirmə ilə ucuz reklamın sərhədləri qarışıb.
Müəllif proqramlarında əhalini maarifləndirmək adı altında hansısa "ekspert” və "mütəxəssislər” reklam edilir. Manipulyativ xarakterli bu özfəaliyyət tamaşaçıya "tibbi maarifləndirmə proqramı” tipli verilişlərdə daha qabarıq şəkildə diqqəti çəkir.
Əgər əvvəllər telekanallar müxtəlif xəstəliklər, tibbi məsələlər, səhiyyə sahəsində mövcud olan problemlərlə bağlı az-çox sanballı verilişlər hazırlayırdısa, son dövrlər tamamilə başqa tendensiya diqqəti çəkir: hansısa həkimlər canlı yayıma və ya tibbi məzmunlu verilişlərə çağırılır, aparıcı isə qonaqla ciddi mövzuda söhbət etməkdənsə, daha çox onun ünvanına "bəy tərifi” yağdırmaqla məşğul olur. Vəziyyət o həddə çatıb ki, artıq həkimlər ölkənin çox izlənilən tok-şou və populyar şou verilişlərinə belə ayaq açıblar.
Məsələn, teleaparıcılardan Əkbərin, Elgizin, Tarix Əliyev (Tolikin) səhər verilişlərində, Xoşqədəm Hidayətqızı və Zaur Baxşəliyevin tok-şoularında həkimlər ekspert kimi saatlarla otururlar. Əsl şou da elə bu dəvətlər dəb halını alandan sonra başlayıb.
Aparıcılar bu verilişlərdə həkimləri "ölkənin nömrə 1 həkimi”, "ən yaxşı cərrah”, "ən yaxşı travmatoloq”, "ən bacarıqlı ginekoloq” və s. kimi təqdim edirlər. Belə proqramlarda peşə etikası, hətta reklam haqqında qanunun tələbləri ciddi şəkildə pozulur, aparıcılar hansısa "mütəxəssis” barədə şəxsi, subyektiv fikirlərini tamaşaçılara həqiqət, real informasiya kimi sırımağa çalışırlar… Sirr deyil ki, bütün bunların arxasında ciddi maliyyə dəstəyi dayanır.
Vəziyyət o həddə çatıb ki, ölkədə həkimlər qeyri-rəsmi olaraq, 2 kateqoriyaya bölünüb: reklamı güclü olanlar, başını aşağı salıb işini görənlər.
Təbii ki, şou və əyləncəli proqramlarda reklam olunan həkimlərin pasiyentlərinin də sayı artır. Qabiliyyəti, savadı üstün olan həkimlər isə bu reklam şoularına qatılmır və daha az pasiyentlə kifayətlənməyə məcbur olurlar. Məsələnin ziyanlı tərəfi həm də ondan ibarətdir ki, teleaparıcıların sayəsində tamaşaçı pulu olan, ancaq yetərincə bacarığı olmayan belə "həkim”lərin toruna düşür. Pasiyentlər kifayət qədər pul sərf etsələr də, həmin həkimlərin apardığı müalicə və əməliyyatlar çox zaman nəinki uğurlu olmur, hətta bir çoxlarına sağlamlıqlarını itirmək bahasına başa gəlir.
Medicina.az saytı populyar televiziya proqamlarında həkimlərin reklam olunmasının qiymətləri barədə araşdırma aparıb.
Məlum olub ki, telekanalların reklam paketlərindən əlavə teleaparıcılardan Zaur, Xoşqədəm və Elgizin proqramında qonaq kimi iştirak edən həkimlər aparıcıların xüsusi təqdimatı üçün əlavə ödənişlər edirlər.
Belə ki, əgər sponsor paketi 10 min manatdırsa, həkim canlı verilişdə oturmaq və çıxış, xüsusi təriflənmək üçün əlavə 3-5 min manat arası pul ödəyir.
Telekanallarda Xüsusi sponsor qiymətləri aşağıdakı kimidir.
ATV telekanalında Zaur Baxşəliyevin "Bizimləsən” proqramında müvafiq xidmətin qiyməti ƏDV-siz 16-18 min manatdır.
Zaur Baxşəliyevin verilişinə şəxsən çıxmaq üçün əlavə ödəniş tələb oluna bilər. Yeri gəlmişkən, aparıcı bu yaxınlarda həyat yoldaşı və özünü "Azərbaycanda ən bahalı reklam edən aparıcısı” elan etmişdi.
ATV-nin "Nanəli” proqramında həkimlərin reklamı ƏDV xaric 9-12 min manata başa gəlir.
ARB kanalında Xoşqədəm Hidayətqızının "Səni axtarıram” verilişində sponsor qiyməti 17-20 min manatdır.
Verilişin xüsusi sponsoru olmayan (yəni 17 min manatı ödəməyən) həkimi ayrıca verilişə çıxarıb reklam etmirlər. Xoşqədəm Hidayətqızının həkimi şəxsən təqdimatı üçün nə qədər ödəməli olduğu sirr saxlanılır, bunu yalnız aparıcı özü təyin edir.
"Elgizlə İzlə” verilişində reklam paketi 8-9 min AZN-ə başa gəlir.
Həkimin verilişdə qonaq kimi təqdimatı, əyləşməsi, ekspert kimi çıxışı 5-6 min manatdır. Bu məbləği Elgiz özü təyin edir və aparıcının özünə aiddir.
Tarix Əliyevin ("Tolik”) MUZ.TV -də yayımlanan "Ümid ilə gəl” verilişində sponsor paketləri 5 min manatdan başlayır. Həkimlərin həftədə 1-2 dəfə efirdə görünməsi isə 3 min- 3 min 500 manatdır.
Sponsor paketində həkim və ya klinikanın reklamı rolik şəklində göstərilir və aparıcı tərəfindən səsləndirilir.
Həkimin birbaşa həmin verilişə qatılması, tanıdılması və aparıcı tərəfindən şəxsən təqdimatı ayrıca hesablanır.
Bir neçə il əvvəl Xoşqədəm Hidayətqızının verilişinə qatılan həkimlərdən biri hər ay üçün əlavə pul ödədiyini bildirib:
"Kanala ayrıca reklam paketi ödənişi etdim. Xoşqədəm xanımın verilişində təqdimatı üçün ayrıca pul verdim. Həmin vaxt xəstə çox oldu, otağımın qarşısı dolu idi. Özəl klinika rəhbərliyi bunu görüb, mənə ayrıca mərtəbə ayırdı, otaqları çoxaltdı. Klinika bizə reklam üçün pul vermir. Həmin il mən telekanallarda müxtəlif proqramlara 35 min pul xərclədim. Bu məbləği ikiqat çıxardım. Amma sonra pandemiya oldu. Daha sonra icbari tibbi sığortaya görə xəstələr mənim etdiyim əməliyyatı sığorta ilə etdirməyə başladılar. Ona görə xəstə sayı çox düşdü. İndi həmin verilişlərdə reklam qiymətləri qalxıb”.
Adı çəkilən verilişlərdə aylarla "ən yaxşılar” kimi təqdim olunan göz həkimi, ginekoloq, cərrah, travmatoloq, pediatr, kök hüceyrə mütəxəssisləri, eləcə də uroloq və böyrək həkimlərinin reklamdan sonra qəbul qiymətlərinin artdığı da bildirilir.
Xüsusən bölgələrdən həmin həkimlərin qəbuluna xəstə axını müşahidə olunur. Xüsusən yaşlı nəslin nümayəndələri yaxınlarından onları Zaur, Xoşqədəm və Elgizin reklam etdiyi həkimə aparmağı tələb edirlər.
Beləcə, aparıcıların reklam etdiyi həkimlər peşəkar həmkarlarını üstələyir, onların kabinetlərinin qarşısında pasiyent növbəsi yaranır. Bəzi həkimlər bir gündə 50 xəstə qəbul edir və təbii ki, gəliri artır. Daha sonra onlar bu gəliri növbəti, daha yüksək məbləğli reklam dövriyyəsinə buraxır.
Bir maraqlı nüansı da qeyd edək ki, tanınmış göz həkimi, professor Rasim Hacıyevlə müsahibə zamanı həmin aparıcılardan birini öz uşağını müalicə üçün onun qəbuluna gətirdiyinin şahidi olduq. Hətta həkimdən yarızarafat, yarıciddi "aparıcı niyə övladını reklam etdiyi "bir nömrəli göz həkimi”nə deyil, sizin yanınıza getirir” sualını verdik. Belə aydın olur ki, teleaparıcılar öz və ailə üzvlərinin sağlamlığını reklam etdikləri və xalqa məsləhət gördükləri həkimlərə etibar etmirlər…