Göycayda Arxitektura və Memarlıq Şöbəsinin müdiri Ayaz Səfərəliyev özbaşınalığı - ŞİKAYƏT
30-01-2023, 10:38
Teref.az Göyçay rayonu 1-ci Ərəbcəbirli kənd sakini 1-ci qrup hərbi əlil, ictimai fəal Məhəmmədəli Azər oğlu Səmədovun şikayətini təqdim edir:
Göyçay rayonu 1-ci Ərəbcəbirli kənd sakini 1-ci qrup hərbi əlil, ictimai fəal Məhəmmədəli Azər oğlu Səmədov tərəfindən yazılan şikayətdə deyilir:
"Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayevin göstərişi ilə Göyçayda təmir-abadlıq işləri gedir. Küçələr və hətta əvvəllər heç vaxt asfalt vurulmamış, bərbad vəziyyətdə olan dalanlar belə asfalt örtüklə təmin olunmaqdadır. Mən də öz növbəmdə 29 noyabr 2022-ci il tarixdə yeni icra başçısı Natiq Ağayevin qəbulunda oldum, ondan küçəmizin bütövlükdə asfaltlanmasını xahiş etdim və o, müraciətimlə bağlı Arxitektura və Memarlıq Şöbəsinə tapşırıq verdi. Ondan sonra, yaşadığım 1-ci Ərəbcəbirli kəndində şəhid Zakir Nəcəfovun adını daşıyan küçəmizin böyük bir hissəsi asfalt örtüklə təmin olunsa da, burada müəyyən yerlərə və o cümlədən bizim dalana asfalt vurulmadı. Mən bu dəfə Göyçay Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinə üz tutdum. Lakin Göyçay RİH-nin Arxitektura və Memarlıq Şöbəsinin müdiri Ayaz Səfərəliyev müraciətimə qeyri-ciddi yanaşmağa başladı. Mobil nömrəsinə zəng etdim, sözümü tam bitirməmiş telefonu üzümə söndürdü. Səbəb isə bəlli idi. Çünki o, Göyçay Mənzil İstismar İdarəsinin rəisi olduğu müddətdə, daha dəqiq desək 2019-cu ildən başlayaraq təxminən 6 ay onun korrupsiya əməlləri barəsində mütəmadi şəkildə əsaslı silsilə məqalələr yazırdım. Bunu həm yuxarı instansiyalara yazılı ərizələr formasında ünvanlayırdım, həm də kütləvi informasiya vasitələri üzərindən geniş paylaşımlar edilirdi. Adı çəkilən idarədə maaş kartlarının mənimsənməsi, gündəlik işə çıxan işçi sayının az olması kimi mövzulara toxunmuşdum. Bundan əlavə, bir çox saytlarda onun şəhid anasını aldatdığını təsdiqləyən şikayətlər mövcuddur. Həmçinin dünənə qədər, yəni Ayaz Səfərəliyev Göyçay Mənzil İstismar İdarəsindəki vəzifəsindən azad edilərək Arxitektura və Memarlıq Şöbəsin müdiri təyin olunduğu günə kimi o, orada sözün həqiqi mənasında "monarxiya" qurmuşdu. Həmin müddət ərzində Göyçay Mənzil İstismar İdarəsini "Ayaz Səfərəliyev və Yaxınları" (qohumları: Səfəralı, Tural, Ələkbər və s..) idarəsi adlandırmaq daha məntiqə uyğun hesab edirəm. Ona görə ki, bu şəxs bütün yaxınlarını, qohum-əqrəbalarını ətrafına yığmışdı. Onlar isə ay ərzində cəmi 5-10 gün işə çıxmaqla, dövlətdən maaş alırdılar. Ayaz Səfərəliyev sözü gedən idarədə rəis vəzifəsində çalışdığı müddətdə idarənin müşahidə kameralarına baxmaq kifayətdir. Gündəlik işə çıxmayan, müşahidə kameralarında görüntüləri əsk olunmayan, lakin müəmmalı şəkildə tabeldə imzası olan işçilərə bu şəraiti yaradan məhz Ayaz Səfərəliyev olmuşdur. Onların maaşlarının hər ay kimlər tərəfindən alınması isə bankomatlardakı kamera ilə çəkilir və yaddaşda 5 il saxlanılır.
Sizcə adi bir jek müdirinin xeyli var-dövlətə sahiblənməsi özü müəmmalı deyilmi? Belə bir şəxsin çoxsaylı korrupsiya əməllərinə rəğmən, onun öz tutduğu vəzifəsindən daha yüksək vəzifə ilə vəzifələndirilməsi isə: "Saqqaldan götürüb bığa qoymaq" məsəlinə bənzəyir. Əminəm ki, Ayaz Səfərəliyevin qanunsuzluqlarından yeni icra başçısının xəbəri yoxdur.
Nəzərinizə çatdırım ki, mən 2009-cu ildə müddətli həqiqi hərbi xidmətdə olarkən xəstəliyə düçar olmuşam və hazırda 1-ci qrup (hərbi) əliləm. Qəribə səslənsə də, yenicə ayaq açıb yeriyən körpə uşaqlar kimi: Bir yeriyib, beş yıxılıram. Küçəmizin asfalt örtüklə təmin olunmasına zəruri ehtiyac var. Göyçay RİH-nin Arxitektura və Memarlıq Şöbəsinin müdiri Ayaz Səfərəliyev isə hazırki vəzifəsindən sui-istifadə edərək keçmişdə baş verən hadisələr səbəbilə mənimlə ədavət aparmaqdadır. Aidiyyəti qurumlardan xahiş edirəm, küçəmizin tam şəkildə asfaltlanması və Ayaz Səfərəliyevin Göyçay Mənzil İstismar İdarəsində rəis işlədiyi müddətdə bütün qanunsuzluqlarının mənim də iştirakımla obyektiv araşdırılması üçün ciddi tapşırıq verəsiniz. Ümid edirəm ki, şikayətim təmin olunacaqdır".
Teref.az