"HAFKA" VƏ OĞLUNA QARŞI YENİ İTTİHAM... – “Məni aldadaraq adıma 1 milyon kredit götürdü" + VİDEO
2-03-2023, 00:05
"Hafiz Məmmədov ("Hafka" ləqəbli tanınmış iş adamı, “Bakı” futbol klubunun sabiq prezidenti-red.) və oğlu Kənan məni aldadaraq adıma külli miqdarda kredit götürüblər".
Bunu Ucar rayon Boyat kənd sakini Güləliyev Andrey Nəsib oğlu "AzPolitika.info"-ya ünvanladığı şikayət məktubunda bildirib.
Şikayətçi bildirir ki, iş adamı onu yeni vəzifəyə təyin edəcəyi vədi ilə aldadaraq, bankdan adına külli miqdarda kredit götürüb: "Mən 2009-cu ildə Hafiz Məmmədovun Bakı şəhərində yerləşən villasında qulluqçu işləyirdim. 2012-ci ildə Hafiz bəy mənə dedi ki, "Səni yeni vəzifəyə təyin edirəm. Şəxsiyyət vəsiqəni götür nümayəndə ilə get banka sənədə imza at". Mən də Hafiz bəyin nümayəndəsi ilə gedib, əvvəlcədən hazırlanmış sənədə imza atdım. Lakin sonrada mənə məlum oldu ki, H. Məmmədov mənim adıma bankdan yeddi yüz min manat, onun oğlu Kənan isə yüz min dollar kredit götürüb".
"Mən bu barədə Hafiz bəyə sual etdikdə bildirdi ki, "narahat olma, kredit vaxtında ödəniləcək. Heç bir qorxusu yoxdur". Mən onun maddi durumunun yaxşı olmasına və və "kişi sözü" verməsinə inanıb, arxayın oldum"-deyə şikayətçi əlavə edib.
Şikayətçi qeyd edir ki, 2020-ci ildə Ucar Rayon Məhkəməsi tərəfindən ona bildiriş gəlib və bu zaman məlum olub ki, H. Məmmədov sözügedən kredit məbləğini ödəməyib: "2018-ci ildə Hafiz bəyin villasındakı işimdən ayrılaraq, başqa bir şirkətdə tır sürücüsü kimi fəaliyyət göstərməyə başladım. 2020-ci ildə Ucar Rayon Məhkəməsindən bildiriş gəldikdə məlum oldu ki, yaranan kredit borcuyla əlaqədar mənə qarşı iddia qaldırılıb. Adıma rəsmiləşdirilən 700 min manat kredit borcu faizlərlə birlikdə 875 min manat, 100 min dollar isə 196 min dollar olmuşdu. Bu isə ümumilikdə bir milyon manatdan çox pul edir".
"Adıma olan kredit borcuyla əlaqədar, ölkədən çıxışıma "stop" qoyulub. Bu səbəbdən də Azərbaycandan kənara yük daşıya bilmirəm. Hətta borcu ödəyə bilməsəm, məni həbs belə gözləyir. Mənim isə nəinki bir milyon, heç min manat belə ödəməyə imkanım yoxdur"- deyə, şikayət məktubunda bildirilir.
Şikayətçi qeyd edir ki, adına kredit götürülən zaman “Bank of Azərbaycan” bankının sədr müavini Şamil Aslanov bütün sənədləri özü hazırlayıb və ona imzalatdrıb: "Sonradan mən Ş. Aslanova zəng edib sual etdim ki, - məni nə üçün aldatdınız? O, bildirdi ki, "mən 500 min manata qədər kreditin verilməsində iştirak edirəm, ondan yuxarı məbləğlərə Hafiz bəy özü razılıq verir". Həmin vaxt mən Şamil Aslanova bildirdim ki, bəs Kənan Məmmədovun yüz min dollar krediti iştirakım olmadan mənim adıma götürməsinə nə üçün razılıq vermisən? O, heç bir cavab verə bilmədi. Bildirdi ki, bütün bu saxtakarlıqları "Hafka" edib. Şamil Aslanovla aramızda olan telefon danışıqlarının səs yazısı belə var.
Onu da qeyd edim ki, “Bank of Azərbaycan” bankının sədr müavini olmuş Şamil Aslanov hazırda Xətai Rayon İcra Hakimiyyətində məsul vəzifədə işləyir".
Şikayətçi məktubun sonunda mətbuat vasitəsi ilə ölkə başçısı İlham Əliyevə, Baş Prokuror Kamran Əliyevə müraciət edərək, şikayətinin araşdırılmasını və ona qarşı cinayət törətmiş Hafiz Məmmədov və onun oğlu Kənan Məmmədov barəsində ciddi tədbirlər görülməsini xahiş edir.
Qeyd edək ki, şikayət məktubunda adı çəkilən iş adamı Məmmədov Hafiz Məcid oğlu hazırda ev dustaqlığındadır. Onun barəsində bilavasitə faktiki rəhbərlik etdiyi müəssisələr üzrə yaranmış 1 465 200 manat məbləğində vergi və məcburi dövlət sosial sığorta haqlarının ödəməkdən yayındırılması faktları üzrə Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə cinayət işi açılıb. Ardınca H. Məmmədov barəsində Yasamal rayon məhkəməsinin 25 yanvar 2022-ci il tarixli qərarı ilə 2 ay 12 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Hafiz Məmmədov istintaq prosesində ona qarşı irəli sürülmüş ittihamı qəbul edib, 600 min manat məbləğində vergi və məcburi dövlət sosial sığorta haqlarını ödəyib, qalan borcun 1 həftə ərzində ödəniləcəyinə dair öhdəlik götürülməsi barədə iltizam verib. Göstərilənləri nəzərə alaraq, Yasamal rayon məhkəməsi 31 yanvar tarixində Hafiz Məmmədovun vəkilinin həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması barədə vəsatətini təmin edib.
Qeyd edək ki, yazıda adı çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.