Məhkəmə qərarı var amma... Nizami rayon icra şöbəsi qərarı icra etmir İTTİHAM
6-03-2023, 16:10
Teref.az yazır ki, redaksiyamıza müraciət edən vətəndaş İlqar Mənaf oğlu Məmmdov deyir ki, məhkəmə qərarı əlində ola ola Nizami rayon icra şöbəsi qərarı icra etmir. Şikayətçi məktubunda daha sonra yazır:
Mən 2016 cı ilin Mart ayında Mehdiyev Əli Adil oğlu adlı şəxslə aramızda razılaşaraq onun BMW markalı avtomobilini satın almışam.
Alqı satqı Xətai rayon notariusunda aparılıb və mən BDYPİ nə gedib həmin avtomobili öz adıma sənədləşdirmək istəyəndə mənə orda bildiriblər ki, mülkiyyətçinin bank borclarına görə avtomobilin üzərinə həbs qoyulub və alqı satqısı mümkün deyil. Mən mülkiyyətçi ilə əlaqə saxladığımda mənə söz verdi ki, yaxın vaxtda o problemi özü həll edib hər şeyi yoluna qoyacaq.
Lakin müəyyən bir müddət sonra onun məni aldatdığını anlayınca, Xətai rayon polisinə müraciət etmişəm və polis şöbəsi 7 dəfə işi geri qaytarıb ki, cinayət tərkibi yoxdur, mülki qaydada məhkəməyə müraciət etməlisən.
Mən bu mövzu ilə bağlı Bakı şəhər prokuroru cənab İlqar Abbasovun və Xətai rayon polis idarəsi rəis muavinin də şəxsən qəbulunda olmuşam. Onlar da məni birmənalı olaraq mülki məhkəməyə yönləndiriblər. Cinayət işi açılmayınca , məcbur qalıb mülki qaydada məhkəməyə müraciət etmişəm, Nizami rayon məhkəməsində işə baxılıb və mənim xeyrimə qətnamə çıxarılıb ki, mənim ödədiyim 12 min ABŞ dolları Mehdiyev Əli Adil oğlundan alınıb mənə ödənilməlidir.
Qarşı tərəfin Apellyasiya və Ali Məhkəmə şikayətləri təmin edilməyib və Bakı Apellyasiya məhkəməsi ödənilən dövlət rüsumunun da qarşı tərəfin ödəməli olduğunu işə əlavə edərək yeni bir qətnamə çıxarıb. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin 13 dekabr 2018 -ci il tarixli 2(103)-13089 sayılı Qətnaməsinə əsasən Mehdiyev Əli Adil oğlundan 12 000 (on iki min) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) habelə dövlət rüsumunun əvəzi qisminde 30.40 (otuz manat qırx qepik) manat alınaraq mənə ödənilməlidir. Lakin, illərdir Nizami rayon icra şöbəsi qəsdən qarşı tərəfin mənafeyini güdür və bu günə qədər məhkəmə qətnaməsini icra etməyib. İcra şöbəsindən əldə etdiyim çıxarışlardan məlum olur ki, icra məmuru icra sənədini aldığı gündən 2 ay sonra icra tədbirlərinə başlayıb, bir çox zəruri hərəkətləri isə bu günə qədər hələ də həyata keçirməyib, bir qismini də qəsdən gec həyata keçirərək borclu şəxsə yayınma fürsəti yaradıb və işi icra etmədən istintaqa göndərib. 02 Mart 2022 ci il tarixli, 212950325 sayılı İstintaq qərarı ilə sübuta yetirilib ki, borclu şəxs bu 5 il ərzində qətnamənin icrasından qərəzli şəkildə yayınıb. İcra məmuru borclunun mülkündə olan Volkswagen və Şevrolet marka 2 minik avtomobilinə vaxtında həbs tədbiri qoydurmadığı üçün 2019 cu ildə iş icrada ola – ola borclu şəxs həmin avtomobilləri öz adından çıxarıb yaxın qohumlarının adına keçirib, icra şöbəsi isə buna göz yumub. İcra şöbəsi borclunun ölkədən getmə hüququnu məhdudlaşdıran tədbiri vaxtında deyil, icra sənədini aldıqdan 3 il sonra qoydurub və elektron sistemdən görünür ki, borclu şəxs 2020 ci ildə dəfələrlə xarici ölkələrə giriş – çıxış edib. Borclu şəxs Keşlə qəsəbəsindəki həyət evini 2020 ci ildə 55 min manata satıb gəlir əldə etdiyi vaxt icra şöbəsini dəfələrlə xəbərdar etməyimə baxmayaraq, heç bir tədbir görmədi, borcludan borcun ödənməsini tələb etmədi.
İcra Haqqında Qanunun 43.1.3. maddəsində “tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi” və 54 cü maddəsində “Bir neçə icra sənədi üzrə icraatın xüsusiyyətləri” yazılsa da borclu şəxsin üçüncü şəxsdə olan və istintaq qərarında qeyd edilən, elektron portalda da görünən, Yasamal rayon İcra şöbəsinin icraatında olan 14 min 500 azn alacağı pul vəsaiti ilə bağlı icra şöbəsi heç bir icra tədbiri görmür, icra sənədlərinin birləşdirilməsi xahişimi də rədd edir. İcra məmurunun dəyişdirilməsi ilə bağlı xahişimi icra şöbəsinin rəisi dəfələrlə yazılı şəkildə rədd edib. İcra məmurları haqqında Qanunun 8 ci maddəsində “İcra məmuru icra ilə əlaqədar zəruri hallarda borcluya məxsus mənzilə və ya otağa daxil olmaq, orada baxış keçirmək və bütün saxlama yerlərini açmaq və baxmaq, habelə müvafiq məhkəmənin qərarına əsasən bu hərəkətləri borcluya məxsus digər şəxslərin tutduqları mənzil və otaqlarda da həyata keçirmək” hüququ olduğu yazılsa da bu 5 il ərzində mənim çoxsaylı yazılı müraciətlərimə baxmayaraq borclunun yaşadığı mənzilə baxış keçirilmir, borclunun yaşamadığı qeydiyyat ünvanı ilə bağlı akt tərtib edib, məsələni bağlayıblar.
Halbuki, İcra Haqqında Qanunun 10.3 maddəsində aydın yazılıb ki, borclunun köhnə ünvanı haqda akt tərtib edildikdən dərhal sonra tələb borclunun yeni yaşayış yerinə yönləndirilməlidir. (borclu şəxs öz yeni yaşayış yerini yazılı şəkildə icra şöbəsinə bildirib.) Ailə məcəlləsinin 32 maddəsində ər və arvadın birgə nigah dövrü qazandıqları bütün əmlak və gəlirlərin və həmçinin bu dövürdə yaranan borcun ortaq olduğu yazılsa da icra məmuru borçlunun arvadının “birgə nigah dövrü” əmlak sorğusunu keçirmir. Borca görə üzərinə həbs qoyulmuş borcluya məxsus BMW marka avtomobilin üzərindən 2022 ci ildə məndən xəbərsiz həbsin götürülməsinə, borclu tərəfindən satılmasına və borcun ödənməməsinə icra şöbəsi şərait yaradıb. Halbuki İcra haqqında Qanunun 82 ci maddəsinə əsasən İcra məmuru bu hərəkətlərinə görə məsuliyyət daşıyır. İcra şöbəsi borclunun məşğulluq mərkəzinə yönləndirilməsi ilə bağlı icra tədbiri görməkdən boyun qaçırır. Borclunun faktiki yaşayış yeri məlum olduğu halda İcra şöbəsi onun haqqında 1 dəfə də olsa “məcburi gətirilmə tədbiri” görməyib, inzibati həbs tədbiri həyata keçirməyib, onun haqqında “yeri məlum olmayan şəxs” kimi dəfələrlə axtarış verərək işin icrasını uzatmaq məqsədi güdüb. Halbuki müxtəlif vaxtlarda polis borclunu eyni ünvandan götürüb icra şöbəsinə təhvil verib və polis axtarışı ilə İcra şöbəsinə gətirilən şəxs barəsində icra məmuru heç bir tədbir görmədən onunla məndən xəbərsiz gizli danışıqlara gedərək, onu sərbəst buraxıb.
Mənim yuxarı orqanlara şikayətlərimi susdurmaq məqsədilə borclu haqqında təkrardan axtarış verib. Bu 5 il ərzində İcra şöbəsi bu cür qərəzli hərəkətləri və hərəkətsizlikləri ilə ancaq borclunun maraqlarına xidmət edib, məhkəmə qətnaməsinin icrasını mümkünsüz hala gətirməyə çalışıb. Bu məsələ ilə bağlı Ombudsman aparatına, Baş Prokurorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə, cənab Prezidentə, Birinci Xanıma dəfələrlə yazılı müraciətlərim olub və heç bir nəticə verməyib, müraciətlərimin çoxuna “məsələni araşdırırıq, aldığımız məlumata görə icra tədbirləri davam edir” kimi şablon cavablar gəlir.
Ədliyyə nazirliyi üzrə isə kuratora etdiyim şikayətlər heç nəticə vermədiyi üçün, sistematik olaraq aşağıdan yuxarı, icra baş idarəsi rəis müavinlərinin qəbulundan sonra İcra baş idarəsinin rəisi cənab İlqar Cəfərovun şəxsən özünün qəbulunda 5 dəfə və cənab Nazir Fikrət Məmmədovun qəbulunda isə 2 dəfə olmuşam, fəqət yenə də heç bir nəticə olmayıb və icra şöbəsi işi icra etmədən istintaqa ötürüb.
02 Mart 2022 ci il tarixli, 212950325 sayılı İstintaq Qərarı ilə sübuta yetirilib ki, məhkəmə qətnaməsi qərəzli şəkildə icra olunmayıb və cavabdeh barəsində CM nin 306.1 maddəsi ilə cinayət işi açılıb və Nizami Rayon Məhkəməsinin 1(007)-170/2022 saylı, 08 iyun 2022-ci il tarixli hökmü ilə ona 3 il azadlığın məhdudlaşdırılması cəzası verilib. Mənim apellyasiya və Ali Məhkəmə şikayətlərim təmin edilməyib və bu günə qədər pulumu ala bilməmişəm.
Ən sonda isə cənab prezidentin Hüquq Mühafizə işləri üzrə köməkçisi hörmətli Fuad Ələsgərovun özünün şəxsən qəbulunda olmuşam.
Lakin bu günə kimi heç bir nəticə əldə olunmayıb və yenidən qəbula düşməyə cəhd edirəm.
Hal hazırda isə Nizami rayon icra şöbəsinin rəisi Rəşad Hacıyev deyir ki, biz görülməli olan bütün icra tədbirlərini görmüşük, bundan sonra icra şöbəsinin görəcəyi heç bir tədbir yoxdur. Sənin pulun batdı. Azərbaycan Respublikasının Konstitusiyasına görə Məhkəmə qərarları dövlətin adından çıxarılır və icrası məcburidir.
Hörmətli redaksiya!
Xahiş edirəm ki, 5 ildir süründürməçiliyə yol verilərək icra edilməyən məhkəmə qərarının icra olunmasında mənə köməklik göstərəsiniz.
İlqar Mənaf oğlu Məmmdov
Teref.az