Binəqədi QAİ-nin yanında, Baksol yolunun kənarında dəhşətli poliqon...- Səlahiyyətli nazirliklərimiz buralarla niyə maraqlanmır?
9-03-2023, 09:54
Sakinlər daş tozundan boğulur, cənab ekonazir....
Bu kriminal ərazi buldozerə verilməli və yerində böyük park salınmalıdır... Vaxtilə bu ərazidə fəaliyyət göstərən zavodları məmurlar ələ keçirib...
Bir müddət əvvəl Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun Binəqədi rayonu ərazisində yerləşən, ona məxsus torpaq sahəsini satması barədə məlumat yayıldı. Ən təəccüblüsü o idi ki, xəbərdə qeyd olunurdu ki, artıq alqı-satqı baş tutub və Əli Həsənov torpağın satışından 12 milyon manat pul əldə edib.
Sözün düzü, əgər torpaq sahəsi şəhərin mərkəzində, yaxud yaxın ərazidə olsaydı, bizə təəccüblü gəlməzdi. Binəqədi rayonunda torpaq sahəsinin qiymətinin 12 milyon olması həqiqətən də təəccüblü idi. Ona görə də marağımıza səbəb oldu və bu barədə araşdırma aparmalı olduq. Araşdırma zamanı bir çox alqı-satqı elanlarına rast gəldik. Məsələn elanların birində qeyd olunur ki, Binəqədi rayonu Baksol yolunun girəcəyində yarımçıq tikili olan 50 sot torpaq sahəsi 2 milyon 600 min manata satılır. Başqa bir elanda həmin ərazidə satılan torpaq sahəsinin qiyməti 3 milyon 500 min göstərilir. Başqa bir elanda oxuyuruq: Rəsulzadə (Kirov) qəsəbəsi körpüsündən Baksol yoluna doğru 500 metr aralı, “Zəngəzur” şadlıq evinin arxasında 3 sot torpaq sahəsi satılır, qiyməti 270 min manat. Və s.
Deməli, Əli Həsənovun 12 milyona torpaq satması təəccüblü deyilmiş. Və apardığımız araşdırma zamanı daha təəccüblü faktlara rast gəldik.
Deməli, Binəqədi rayonu, Baksol yolu deyilən yerdə, 3-cü işıqfora qədər ərazidə, Binəqədi QAİ-nin ( Dövlət Yol Polisinin ) yaxınlığında sanki böyük bir alqı-satqı-icarə meydanı fəaliyyət göstərir. Birincisi, ondan başlayaq kim olur-olsun, istər məmur, istər biznesmen kimdir ki, 12 milyona, yaxud 3-4 milyona torpaq satır..?
Görəsən, bu torpağı həmin şəxslər necə əldə ediblər..? İnanın ki, ciddi araşdırılsa, bəlli olacaq ki, torpaqların zəbt olunması, hətta özəlləşdirilməsi qanunsuz olub. Hələ bu harasıdır..?
Yuxarıda qeyd etdiyimiz ərazidəki obyektlər ən bahalı qiymətlərə icarəyə verilir.
Təsəvvür edirsiniz, adını çəkdiyimiz ərazidə az qala toyuq damı boyda obyekt icarədara hər ay üçün 18 min manata arendaya verilir. Yazıq icarədar nəyin bahasına olur-olsun bu pulu ödəməlidir..?
Görəsən, toyuq damını 18 min manata icarəyə verən məmur dövlətə hər ay neçə manat vergi ödəyir..? Həmin ərazidə məmurlara məxsus xeyli sayda daş sexləri, müxtəlif tikinti materialları sexləri fəaliyyət göstərir. Buna görə də ətrafda yaşayan sakinlər tozun, torpağın əlindən nəfəs ala bilmirlər, müxtəlif xəstəliklərə düçar olurlar. Görəsən, borudan çıxan adi tüstüyə görə akt tərtib edən Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu qədər havanın çirklənməsinə, daş tozunun camaatı boğmasına niyə susur..? Niyəsini izah edək...
Onu da qeyd edək ki, bu ərazidə olan obyektlərin, sexlərin bir çoxu Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevə məxsusdur. Ətrafda faəliiyət göstərən müxtəlif kombinatlar, mini zavodlar, dəyəri az qala milyardlar olan obyektlər, hasara alınmış torpaq sahələri və daha nələr... İstehsal zamanı zərərli tullantıların çoxu yaxnlıqdakı gölməçələrə axıdılır. Bu açıq-aşkar cinayətdir.
Yeri gəlmişkən, araşdırma zamanı belə bir xəbərə rast gəldik. “Baksol yolu” ərazisində 21 ədəd qumbara tapılıb. Görəsən, bu ərazi döyüş bölgəsidir, yoxsa sərhəd zonası..?
Bəli, bu ərazidə hər cürə kriminal elementlərə, qaçıb bu ərazidə gizlənən cinayətkarlara, patı-matı satanlara rast gəlmək olar.
Yeri gəlmişkən, onu da qeyd edək ki, sovet dövründə bu ərazidə Bakının xeyli sayda zavodu faəliyyət gəstərirdi, həmin zavodlar məmurlar tərəfindən dağıdıldı və özəlləşdirildi.
Biz bir media olaraq təklif edirik ki, bu ərazi buldozerə verilərək düzlənsin və ərazidə böyük bir park, yaşıllıqlar salınsın, insanların istirahət mərkəzinə çevrilsin. gundelik baki.com/