Dövlətin texnikası nazirin şəxsi bağında İŞLƏYİR? - İDDİA
10-05-2023, 10:30
Nazir müavini Vüqar Kərimovun polis rəisi ilə şərikli fındıq biznesi…
1978-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirən və tarix müəllimi olan Hüseynqulu Bağırov 18 il ( 2001-2018-ci illər ) Azərbaycan ekologiyasına qənim kəsiləndən sonra, hamı düşünürdü ki, nəhayət Azərbaycan təbiəti rahat nəfəs alacaq. Və bütün cəmiyyət səbrsizliklə yeni ekologiya nazirinin kim olacağını gözləyirdi. 2018-ci ildə Muxtar Babayev yeni ekologiya naziri təyin olunanda bəlli oldu ki, o da sabiq həmkarı kimi ixtisasca ekoloq deyil, hətta uyğun sahənin nümayəndəsi də deyil.
Belə ki, Muxtar Babayev Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin politologiya ixtisasını bitirib. İstər-istəməz ortaya sual çıxır ki, fəlsəfə-politologiya hara, ekologiya hara..?
Nə isə, 2018-ci ildən, yəni 6 ildir ki, Muxtar Babayev ekologiya və təbii sərvətlər naziridir. Məlumat üçün onu da qeyd edək ki, Muxtar Babayev bir müddət SOCAR-da işləmişdir. Və Muxtar Babayev ekologiya naziri olan kimi vaxtı ilə SOCAR-da çalışdığı və meşəçilkdən, ekologiyadan zərrə qədər anlayışı olmayan bütün dost-tanışlarını, qohumlarını Ekologiya Nazirliyinə doldurdu. Və hamısına nazirlikdə aparıcı vəzifələr verdi.
Sonra Muxtar Babayevin əli ilə min hektarlarla meşə sahələri məhv eddilərək yerində fındıq bağları salındı. Yeri gəlmişkən, Muxtar Babayevin özünün və qohumlarının da xeyli fındıq və gilas bağları var. Bütün bunlar azmış kimi, Muxtar Babayevin yaxın ətrafı qiymətli ağacları “sanitar qırıntı” adı altında kütləvi surətdə kəsdirərək parket sexlərinə göndərdi. Hələ bu harasıdır..?
Cənab nazir Quba rayonunda meşə fonduna məxsus 210 hektar torpağı ayrı-ayrı işbazlara bağ salmaq ( gilas, fındıq, alma, armud) adı altında qanunsuz olaraq satmışdır. Həmin 210 hektarın 30 hektarını isə cənab nazir Quba rayonunda yaşayan bacısının kürəkəninə hədiyyə etmişdir. Bütün bunları əlbəttə Muxtar Babayev təkbaşına edə bilməzdi. Bu işdə Muxtar Babayevə qulluq edənlərdən biri də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin rəisi Elxan Baxışovdur. Keçmişi kolxoz sədri olan Elxan Baxışovun kim olduğuna nəzər salaq. Bu adamın ixtisası ekoloq deyil, “mühəndis-elektrik”dir. 1986-cı ildə “Lenin” adına kolxozda çilingər, “Engels” adına kolxozda baş mühəndis, kolxoz sədri, 1994-1997-ci illərdə “Həzi Aslanov” adına kolxozda baş mühəndis, 2013-cü ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azəryaşlandşaft” ASC-nin yaşıllıqların mühafizəsi, onlara qulluq və xidmət şöbəsində aparıcı mütəxəssis, 2014-2022-ci illərdə 2 saylı Yaşıllaşdırma idarəsinin direktoru vəzifəsində işləyib. 10 may 2022-ci ildən Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin direktoru vəzifəsində işləyir.
Yəni bu adam hətta Hüseynqulu Bağırovun vaxtından, 10 ildir ki, ekologiyaya qənim kəsilib. Elxan Baxışov direktoru olduğu idarənin keçirdiyi bütün tenderləri saxtalaşdırır və aldığı “otkat”ların hesabına milyonlar qazanır.
Onu da qeyd edək ki, Elxan Baxışovun direktoru olduğu idarəyə məxsus texniki avadanlıqlar gecə-gündüz Muxtar Babayevin özünün, qohumları Elçinin, İlqarın və qaynının Nabrandakı bağlarında, obyektlərində işləyir. Və nəticədə meşələrimizdəki ağaclar texniki avadanlıq olmaması səbəbindən od tutub yanır. Daha dəqiq desək, mexaniki suvarma ( damcı üsuli ilə ) üçün lazım olan avadanlıqlar ancaq nazirin və qohumlarının bağlarında istifadə olunur. Meşələr isə Allahın ümidinə qalıb. Nazir Muxtar Babayevin müavini Vüqar Kərimov ( o da vaxtilə SOCAR-da işləyib ) isə Şəkidə məcburi köçkünlərin əlindən zorla tutub aldığı torpaq sahələrində fındıq bağları salıb. Və Şəkinin polis rəisi ilə şərikdir. //gundelik-baku.com//