Təhməzovlar Azərbaycanın xidmətində deyil, Azərbaycan onların xidmətindədir... - FAKT BUDUR!
12-05-2023, 16:28
Qardaşlara məxsus “6-cı Mərtəbə”, “Hünər-İnşaat” tikinti şirkətləri vətəndaşların pulunu vermir... Sözün düzü, bu yazını yazmağa nə xüsusi həvəsimiz, nə də marağımız var idi. Amma təsəvvür edirsiniz, eyni gündə ölkə mediasında iki tikinti şirkətinin adı qalmaqalda hallanır, hər ikisinin fəhlələrə, şirkətə, dövlətə külli miqdarda borcu var və ən əsası....
Bəli, ən əsası şirkətlərdən biri- “6-cı Mərtəbə” tikinti şirkəti Atəş Təhməzova, o biri “Hünər-İnşaat” tikinti Firması isə Fərhad Təhməzova məxsusdur. Yəqin ki, söhbətin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin qardaşlarından getdiyi aydın oldu.
Məlumat üçün qeyd edək ki, Atəş Təhməzov vaxtilə Prezident Aparatında Akif Muradverdiyevin işçisi olub, sonradan Akif Muradverdiyev dövlət çevrilişində ittiham olunanda Atəş Təhməzov hansı yollasa aradan çıxa bilib. O biri qardaş Fərhad Təhməzov isə uzun illər Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun direktoru olub və 2016-cı ildən isə Mənzil İnşaatı Dövlət Agentliyinin tərkibindəki MİDA MMC-nin direktoru təyin olunub. Fərhad Təhməzov Fondun direktoru olanda məcburi köçkünlərin hesabına qazandığı milyonları qardaşları Ataş Təhməzov və QİDA-nın indiki rəhbəri Qoşqar Təhməzli vasitəsilə biznes sahəsinə yönəltdi. Qoşqar Təhməzli isə qardaşı Fərhadın milyonlarını Azərbaycanda açılan özəl klinikalar üçün xarici ölkələrdən tibbi aparatura və avadanlıqlar alınması və satılması biznesinə yatırdı. Hələ bu harasıdır..?
Fərhad Təhməzovun oğlu İsrafil Təhməzov da Rusiya və Türkiyədə tikinti materiallarının biznesi ilə məşğul olur. Və dəfələrlə vergidən külli miqdarda yayınmaya görə, məhkəməyə verilib. Hələ bu da harasıdır..?
Fərhad Təhməzov və qızı Fidan Təhməzlinin Türkiyədə “İlahi inşaat” adında ortaq biznesləri var. Yeri gəlmişkən, İLAHİ kişi Təhməzov qardaşlarının atasının adıdır. Fərhad Təhməzovun Fondan sonra MİDA-da etdiyi korrupsiya əməlləri, 442 mənzili fokus-mokus oyunu ilə 5-10 dəqiqəyə hərracda satması barədə ölkə mediasında kifayət qədər yazılıb. Ona görə də həmin məsələlərin üstündən keçərək, gələk bu günümüzə.
Bəli, bir müddət öncə mediada yayılan xəbərdən bəlli oldu ki, Atəş Təhməzova məxsus olan “ 6-cı Mərtəbə” tikinti şirkəti “Şərq Bazarı”nın yenidən qurulmasında iştirak edən subpodratçıların pulunu ödəmir. Və subpodratçı şirkətlər mətbuat konfransı keçirərək kömək üçün ölkə başçısına müraciət ediblər.
Təsəvvür edirsiniz, bazarın açılışından 11 ay keçib, amma Atəş Təhməzov şirkətlərin 1 milyona yaxın pulunu vermir.
İndi isə keçək, o biri qardaşın, Fərhad Təhməzovun "Hünər-İnşaat” Firmasına. Yenə bir müddət öncə yayılan xəbərdən bəlli olur ki, Hövsan Yaşayış Kompleksinin tikintisi ilə bağlı qalmaqal yaranıb. Kompleksin inşasında podratçı şirkət olan "Hünər-İnşaat” Firması müqavilə öhdəliklərinə əməl etmir.
Məlumata görə, “Hünər-İnşaat” firması subpodratçı şirkətə olan yüz minlərlə borcunu vermək istəmir. Məlumat üçün qeyd edək ki, “Hünər-İnşaat” 14 oktyabr 1997-ci ildə qeydiyyata alınıb. "Hünər-İnşaat” Fırması əsasən Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) layihələrində podratçı şirkət kimi iştirak edir.
İndi gördünüzmü, Təhməzov qardaşları ata-ata gedirlər. Yəqin ki, bir gün bu qardaşlar da qanun qarşısında cavab verməli olacaqlar.
P.S. Firmanın adını istər İlahi qoyaq, istər Spartak qoyaq, istərsə də Təyyubə qoyaq heç bir dəxli yoxdur, əsas xalqımıza ədalətlə xidmət etməkdir. //gundelik-baku.com//