Gəncə təhsil şefinə İTTİHAM VAR... - Nazirin adından istifadə edərək...

13-05-2023, 08:38           
Gəncə təhsil şefinə İTTİHAM VAR... -
Azərbaycanda əhalinin 2009-cu il siyahıyaalınmasına əsasən verilən məlumatlarda görə Goranboy rayonunun Alpout kəndində 1229 nəfər əhali yaşayır. Son 13 ilə kənd əhalisinin sayındakı artım barədə məlumat əldə edə bilmədik. Amma əhalisinin o qədər də çox olmadığı bu kəndin orta məktəbində çox böyük oyunlar getməsi barədə məlumatlar əldə etmişik.

Belə ki, Alpout kəndindəki Ə.İsgəndərov adına tam orta məktəbin bir qrup müəllimi redaksiyamıza müraciət edərək, uzun illərdir işlədikləri təhsil ocağında baş alıb gedən özbaşınalıqların və qanunsuzluqların media vasitəsi ilə Elm və Təhsil naziri Emin Əmrullayevin və digər səlahiyyətli qurumların diqqətinə çatdırmağımızı xahiş edirlər.

Müəllimələr bildirirlər ki, 09.03.2023-cü il tarixdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun bir neçə nəfər əməkdaşı məktəbdə olublar və bir sıra nöqsanlar aşkar ediblər. Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Xəyal Məmmədov məktəbdə baş verən ciddi nöqsanlarla bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəhbərliyini məlumatlandırıb. Direktor idarəyə çağırılaraq söhbət aparılıb. Bundan sonra məktəbin direktoru Nuridə Ağayeva “səhhəti” ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilməsi xahişi ilə Elm və Təhsil naziri Emin Əmrullayevin adına ərizə yazıraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevə təqdim edib. Sözügedən idarənin rəhbərliyi isə nədənsə məktəb direktorunun ərizəsini Elm və Təhsil nazirliyinə təqdim etməyərək bir neçə gün keçdikdən sonra Nuridə Ağayevaya töhmət verib vəzifəsində saxlayırlar. Arada keçən bu bir neçə gündə nələr baş verib ki, idarə müdiri fikrini dəyişib Müəllimlər bildirilər ki, nazirin adına yazılmış ərizə necə olur ki, it bata düşür. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin dəftərxanasında bu ərizə hansı səbəblərdən qeydiyyata alınmayıb, nazirliyə göndərilməyib. Bunun səbəbini müəllimlər bilməsə də biz öyrənə bilmişik. Bu barədə sonra. Bəs Nuridə Ağayeva nədən “səhhəti” ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilməsi xahişi ilə naziri Emin Əmrullayevin adına ərizə yazıb?

Müəllimlərin verdiyi məlumata görə Alpout kəndi orta məktəbinin yuxarı sinfində 4-5 şagirdin adı Elm və Təhsil Nazirliyi Ümumi Təhsil Müəssisələrinin İnformasiya Sistemində (ÜTİS) olsa da, sinif jurnalında olmayıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun əməkdaşları da bunu əsas gətirərək Nuridə Ağayevadan “səhhəti” ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilməsi ilə bağlı ərizə alıblar. Amma Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəhbərliyi isə, sadəcə töhmətlə kifayətlənərək direktoru işində saxlayıb.

Sonradan direktor sinif rəhbərlərini məcbur edərək həmin şagirdlərin adlarını jurnalın axırıncı sıralarına yazdırıb. Fənn müəllimlərini isə hədə qorxu yolu ilə məcbur edib, həmin şagirdlərə əvvəlki tarixlərə qiymət yazdırıb.

Müəllimlərin bildirdiyinə görə məktəbdə qanunsuzluqlar bununla bitmir. Əsas məsələ kiçik bir kənd məktəbində bu qədər qanunsuzluqların baş verməsi deyil. Əsas məsələ, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevin bunları görməzdən gəlməsidir. Axı onun ən başlıca vəzifəsi tabeçiliyində olan orta ümümi təhsil müəssisələrindəki nöqsanları aradan qaldırmaq, bölğədə tədrisin keyfiyyətini yaxşılaşdırmaq olmalıdır. Amma Anar Qədiməliyev nə edir? Başdan ayağa nöqsan içində olan bir məktəbin direktoruna əvvəlcə tutduğu vəzifəsindən azad olunması ilə əlaqədər nazirin adına ərizə yazdırır, sonra töhmət verib işində saxlayır. Bəs aşkar olunan çoxlu ciddi noqsanlar? Onlar kimlərin ayağına yazıldı? Göründüyü kimi işin içində bir müəmma var. Elə məktəbin müəllimlərini də maraqlandıran məhz budur.

Biz Alpoud kənd məktəbin direktoru Nuridə Ağayevanın vəzifəsində qalması üçün kimlərə ağız açmasından da, nə qədər xərcə düşməsindən də təxminən xəbərimiz var . Görəsən bu işlərdən Elm və Təhsil naziri Emin Əmrullayevin necə, xəbəri varmı? Yoxsa Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevin bunları özbaşına edir. Direktora nazirin adına ərizə yazdırır, sonra töhmət verib işində saxlayır. Belə çıxmırmı ki, Anar Qədiməliyev nazirin adından sui-istifadə edir?

Aktualinfo.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.