“HamamBat”ın qiymətləri niyə başqa hamamlardan 4-5 dəfə bahadır..? -
15-05-2023, 08:14
Hamam mədəniyyətdir. Hər bir xalqın folklorunda hamamla bağlı xeyli maraqlı fikirlər tapmaq olar. Məsələn, bizim folklorda “Köhnə hamam, köhnə tas”, “Dəvə dəlləklik eylər köhnə hamam içində” və s. Bir də dahi Üzeyir bəyin dünyaca məşhur “O olmasın, bu olsun” filmindəki Məşədi İbadın toy məsələsi yada düşür.
Ümumiyyətlə, hamamlar azərbaycanlılar üçün bir ünsiyyət məkanıdır. Hətta yüz illər öncə azərbaycanlı kişilər həftə sonunu hamamda keçirməyi, pürrəngi çay içə-içə qəlyan çəkməyi, nərd oynamağı seviblər. Qadınlarda hamamda vaxt keçirməyi, oradan -buradan söhbət etməyi seviblər. Hətta XIX əsrin sonu, XX əsrin əvvəllərində qışda hamamlarda ədəbi-bədii məclislər qurulurmuş. Qəzəlxanlar, meyxanaçılar öz şeirlərini deyirmiş.
Düzdür indi bu ənənələr sıradan çıxıb. Amma hamama getmək həvəsi heç də insanlarda azalmayıb. Hamamların sayının artması da bunu təsdiqləyən mənzərədir. Bir daha qeyd edirik ki, hamam mədəniyyətinin tarixi çox-çox qədimlərdən başlayır. Amma dünyada ilk hamamın harada yaradıldığı barədə dəqiq məlumat yoxdur. Amma əksər araşdırmalarda ilk hamamın yaradılması ideyasının Şərqə mənsub olduğu iddia olunur.
İndi isə bu qısa ekskursdan sonra keçək bu günümüzə. Məlumdur ki, sovet dövründə Bakı şəhərində hamamlar çox az sayda idi. Amma son on illərdə Bakı şəhərində hamamların sayı durmadan artır. Amma hamam məsələsində də bir pərakəndəlik var. Məsələn, Bakıdakı ən məşhur hamamlardan biri Atilla hamamıdır.
Məlumdur ki, Atilla dünyada məşhur türk imperatoru olub. Onun adını hamama vermək heç bir məntiqə uyğun gəlmir. Son illərdə istifadəyə verilən müasir hamamlar həm də kompleks istirahət mərkəzləridir. Bu mərkəzlərdə giriş pulu, çimmək pulu, masaj pulu, kisələnmək pulu, çay pulu, pivə pulu və s ödəməlisən. Yəni müasir hamamlar kasıb təbəqənin cibinə uyğun deyil. Buralarda daha çox icra başçıları, nazirlər, deputatlar və digər imkanlı şəxslər istirahət edir. Paytaxt Bakıda, dənizin kənarında fəaliyyət göstərən müasir-modern hamamlardan biri də “HamamBat”dır. Bu hamam da müasir istirahət kompleksidir. Məqaləni yazarkən Bakıdakı məşhur hamamların qiyməti ilə bağlı xırda bir araşdırma apardıq. Məlum oldu ki, bu hamamların arasında ən bahalısı “HamamBat”dır.
Təsəvvür edirsinizmi, bu hamama qadınların daxil olması 150, kişilərin daxil olması isə 50 manatdır. Hansı ki başqa hamamlarda daxil olma pulu 25-30 manatdır. Biz hələ “HamamBat”dakı masajın qiymətindən, hovuzun qiymətindən, süpürgənin qiymətindən, bir çaynik çayın qiymətindən və s danışmırıq. .
Görəsən, bu hamamda qiymətlərin 4-5 dəfə baha olmasının səbəbi nədir..? Bir məsələ də maraqlıdır.
Görəsən vətəndaşlara bu qədər baha qiymətə qulluq edən “HamamBat” istirahət kompleksi dövlətin büdcəsinə nə qədər vergi ödəyir..?
Bu artıq dövlət qurumlarının səlahiyyətinə aiddir. Ümid edirik ki, İqtisadiyyat nazirliyi, Dövlət Vergi Xidməti bu məsələ ilə maraqlanacaq.
gundelik baki.com