“Qaçqınkom”da 97 minlik təmir – 6 manatlıq şirkət iri məbləğli tenderləri necə qazanır?

16-05-2023, 10:34           
“Qaçqınkom”da 97 minlik təmir –
Qaçqınların və Məcburi Köçkünləri İşləri üzrə Dövlət Komitəsi mərkəzi aparatda və yerli bölmələrdə aparılacaq cari təmir işləri ilə bağlı tenderə yekun vurub.

Qaynarinfo xəbər verir ki, tenderin qalibi “Simmetriya” MMC olub. Komitə ilə şirkət arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 97 526,33 AZN təşkil edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Simmetriya” MMC 18 noyabr 2002-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 6 AZN olan şirkətin hüquqi ünvanı Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşir. MMC-nin qanuni təmsilçisi Ağayev Ağa Xəqani oğludur.

“Simmetriya” MMC 21 ildir fəaliyyət göstərməsinə baxmayaraq, açıq mənbələrdə barəsində heç bir məlumata rast gəlinmir. Ağa Ağayev də populyar sahibkar deyil. Onun haqqında heç bir məlumat yoxdur.

Buna baxmayaraq, Məcburi Köçkünlərin və Qaçqınların İşləri üzrə Dövlət Komitəsi vaxtaşırı bu şirkətlə satınalma müqaviləsi imzalayır. Təkcə 2022-ci ildə qurumla şirkət arasında imzalanan müqavilələrin maliyyə dəyəri 821 043, 38 AZN təşkil edir.

6 manatlıq və adına heç bir yerdə rast gəlinməyən şirkətin iri məbləğli tenderləri qazanması bir qədər şübhəli görünür. Üstəlik Məcburi Köçkünlərin və Qaçqınların İşləri üzrə Dövlət Komitəsinin keçirdiyi tenderlərin qeyri-şəffaflığı haqqında mediada kifayət qədər faktlara rast gəlinir. Bu isə “Simmetriya” MMC tender əməliyyatlarında iştirak üçün təsis edildiyi qənaətini yaradır.

Məcburi Köşkünlərin və Qaçqınların İşləri zürə Dövlət Komitəsinin sədri Rövşən Rzayevdir. O, 2018-ci ildən bu vəzifədədir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.