Məhkəmədə vəkilsiz qalan Qarabağ əlili - ABSURD...

17-05-2023, 08:59           
Məhkəmədə vəkilsiz qalan Qarabağ əlili - ABSURD...
Əlil, qazi, şəhid ailələrinə dövlət hesabına vəkil ayrılmasından imtinanın qərəzdən qaynaqlandığı sübuta ehtiyacı olmayan aksiomdur. Aztəminatlı şəxslərə vəkilin göstərdiyi xidmət dövlət büdcəsindən ödənilirsə, məhkəmənin, yaxud vəkilin “qarnının ağrısı” qərəzdən başqa nə ola bilər ki, büdcənin dərdini aztəminatlı şəxslərin olmayan büdcəsi hesabına “çəkməkdə” ad çıxarıblar? Qərəz o həddə çatıb ki, vəkillə təminatdan imtinanı əsaslandırmaq üçün çeşidli bəhanələrə , Bakı Apellyasiya Məhkəməsinin sədri Şərafət Məmmədova olan Pərviz Hüseynov və Cahangir Yusifovdan ibarət heyətinin atdığı kimi , əl atılır. Gah yalnız ali instansiyada vəkil ayrılması , gah qanunda nəzərdə tutulan hallarda ödənişsiz hüquqi yardım göstərilməsi bildirilir, gah da vəkilin haqqını ödəməyə cavabdehin olmadığı. Faktiki olaraq məhkəmə hakimiyyəti müdafiə, hüquqi yardım hüququna qadağa qoyub . Vəkillər Kollegiyasından çox danışmışıq, heç danışmağa da dəyməz. Təsəvvür edin, Vəkillər Kollegiyası dövlət orqanlarına, hətta istintaq, ittiham orqanlarına Qarabağ əlillərinə qarşı özbaşınalıqda vəkillik edir, dövlət orqanlarının “özbaşınalıq hüququnu” məhkəmədə müdafiə edir, bütov məhkəmə hakimiyyəti aztəminatlı şəxslərin vəkillə təminatının məcburiliyi haqqında Mülki Prosessual Məcəllənin 67-ci maddəsindən özgə normativ – hüquqi akt tanımır. Nə ən birinci istinad edilməli olan Konstitusiya tətbiq edilir, nə qanunlar, nə yerli və beynəlxalq konvensiyalar. Faktiki olaraq məhkəmə hakimiyyəti müdafiə hüququna, Vəkillər Kollegiyası (hakimiyyəti ) məhkəmə təminatı hüququna qadağa qoyub.
Ölkədə ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan qanunun – Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə görə isə , hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Qanunda nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına həyata keçirilir. Bəs niyə keçirilmir? Vurğuladığımız kimi, məhkəmələr yalnız ali instansiyada bu hüququn tanındığını, aşağı instansiyalarda qanunda nəzərdə tutulmadığını vurğulamaqda “peşəkarlaşıblar”. Konstitusiyanın 127-ci maddəsinin VIII hissəsinin diqqətə çatdırılmağı da yardıma çatmır :” PROSESİN İSTƏNİLƏN MƏRHƏLƏSİNDƏ HƏR KƏSİN MÜDAFİƏ HÜQUQU TƏMİN OLUNUR”. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 20-ci maddəsinə əsasən, məhkəmədə vəkilin xidmətini ödəməyə kifayət qədər vəsaiti olmayan şəxslərə heç bir məhdudiyyət qoyulmadan göstərilən vəkil xidmətinin haqqının dövlət hesabına ödənilməsinin nəzərdə tutulmasından da məhkəmə hakimiyyəti və vəkillik institutu xəbərsizdir. Xəbərdar edəndə də, xəbərdarlığa məhəl qoyan yoxdur.
Vəkillə təminatdan imtina barədə qərardadların verilməməsi ciddi qanun pozuntusu olmasına baxmayaraq, hələ də Məhkəmə - Hüquq Şurasının araşdırma predmetini təşkil etmir. Hətta qərardaddan şikayət hüququna da qadağa qoyulur. Niyə? Vəkil ayrılmasından imtinanın mübahisələndirilməsi, bəyəm qanunda nəzərdə tutulmayıb ? Bu ki özbaşınalıqdır. Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənovun, Bakı Apellyasiya Məhkəməsinin yuxarıda adını çəkdiyimiz Pərviz Hüseynov, Şərafət Məmmədova və Cahangir Yusifovdan ibarət heyətinin bu özbaşınalığından Ali Məhkəməyə, Məhkəmə-Hüquq Şurasına şikayətlər verilməsini vurğulamışıq . Hələ ki, cavabsızdır.
Bəs əlillərin sosial və hüquqi müdafiəsinə cavabdehlik daşıyan ƏƏSMN yetkililəri nə fikirləşir? Bu, ayrıca mövzunun predmetidir , qısaca onu vurğulayaq ki, sosial müdafiə qurumları əlillərin məhkəmə müdafiəsinə qadağada məhkəmə və vəkillərdən heç də geri qalmır. Təsəvvür edin , ƏƏSMN-in nümayəndəsi əlilə vəkil ayrılmasına etiraz edir ki, əlilin pensiyası vəkilin xərcini ödəməyə çatar. Belə sosial, hüquqi müdafiə özbaşınalığı ilə nəyə nail olmaq olar?
...17.05.2023-cü ildə Bakı Apellyasiya Məhkəməsi (sədrlik edən Pərviz Hüseynov, Şərafət Məmmədova və Cahangir Yusifov) bu sətirlərin yazarını DİN-ə qarşı pensiya təminatı ilə bağlı iş üzrə iclasa çağırıb. Qarşı tərəfin müdafiəsində məhkəmə və Vəkillər Kollegiyası, 1-ci dərəcəli Qarabağ əlili müdafiəsiz, hüquqsuz yataqda. ...
Məğrur Bədəlsoy












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.