Elmar Vəliyevdən qalan acı miras: Hacıkənddə Nizami parkını yadplanetlilərmi salıb?

17-05-2023, 16:52           
Elmar Vəliyevdən qalan acı miras:
Gəncənin icra hakimiyyətinin sabiq başçısı Elmar Vəliyev artıq 5 ildir postunda deyil. Amma bu gün də gəncəlilərin və onun zamanında Gəncə ilə bağlılığı olanların yaddaşında "dərin izlər" buraxıb. TEREF.AZ bildirir ki, Moderator.az-a daxil olan bu şikayət məktubunu da oxuyanda adamı heyrət bürüyür. Əlbəttə, əslində burada qeyri adi bir şey yoxdur, çünki gəncəlilər demişkən, söhbət "Elmar Qroznı"dan gedirsə, başqa necə ola bilərdi ki...

"Bir abadlıq işi görmək, istirahət parkı salmaq yaxşı işdir. Amma, yaxşı işin arxasında ədalətsizlik, qanunsuzluq olmamalıdır. Özü də, bu qanunsuzluğa dövlət orqanı rəvac verdikdə, deyiləsi söz qalmır.....

Diqqətə çatdırılan bir məsələdə bu ədalətsizliyi oxucu da görə bilər. “Caspian Service” MMC və Sultanov Rəhim Ələddin oğlu Gəncə İnzibati məhkəməsinə müraciət edərək, Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsi 35-də ümumi sahəsi 0.086 ha. olan torpaq sahəsinin, həmin torpaq sahəsinin üzərində sökülmüş 3 otaqlı fərdi yaşayış evinin və qonşuluqda - Azərbaycan küçəsi 31 ünvanında, ümumi sahəsi 407,9 kv.m olan qeyri yaşayış sahəsi - hamamın yerləşdiyi torpaq sahəsinin mülkiyyət sənədləri olmasına baxmayaraq, Gəncə şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevin qanunsuz tapşırığı ilə zəbt edildiyini bildirmiş və mülkiyyətin olduğu kimi qaytarılmasını tələb etmişdir. Keçmiş icra başçısı başqasının şəxsi mülkiyyətini qanunsuz zəbt edərək yerində “Nizami Gəncəvi parkı” salmışdır. Böyük şairin adına park yaratmaq yaxşı işdir, amma torpağın sahibinə xəbər etmədən, mülkünün dəyərini ödəmədən nə iş görsən haqsızlıqdır. Həm də, həmin ərazi elə Gəncə şəhər Memarlıq və Şəhərsalma idarəsi tərəfindən “Caspian Service” MMC-yə təhkim edilmişdir ki, regionlarda turizmin inkişafı üçün dörd mərtəbəli otel tikilsin (bütün sənədlər, hansı tarixdə verilməsi barədə məlumatlar mövcuddur, sadəcə oxucunu rəqəmlərlə yormaq istəmirik). Ərazi hasara alınmış, layihə sənədləri – eskiz razılaşdırılmışdır. Lakin, şəhərə təyin edilən təzə başçı Elmar Vəliyev həmin ərazidə otel tikilməsinə razı olmamışdır. Çünki, sonradan özü həmin ərazinin qonşuluğunda otel tikdirmişdir.

Onu da əlavə edək ki, əvvəl bu parkın bir hissəsinin yerində İkinci Dünya müharibəsində həlak olan həmvətənlərimizin xatirə abidəsi ucaldılmışdır. Bu abidə də Elmar Vəliyev tərəfindən dağıdılmış, amma əvəzində başqa yerdə yenidən ucaldılmamışdır. Bu isə müharibələrdə həlak olan həmvətənlərimizin, eləcə də müqəddəs şəhidlərimizin xatirəsinə, onların yaxınlarına hörmətsizlikdir.

Mülkiyyət hüququnun pozulması ilə əlaqədar Rəhim Sultanov və “Caspian Service” MMC Gəncə İcra hakimiyyətinə çoxsaylı müraciətlər etsələr də, heç birinə dolğun, ətraflı və işin mahiyyətinə uyğun cavablar verilməmişdir. Nəhayət, 25.04.2022-ci ildə belə bir cavab gəlmişdir ki, Gəncə İcra Hakimiyyəti tərəfindən “Caspian Service” MMC -yə və Rəhim Sultanova məxsus hər hansı torpaq sahəsi zəbt edilməmiş və mülkiyyətində olan tikinti sökülməmişdir. Yəni, əldə rəsmi sənədlərin olmasına baxmayaraq, Gəncə İcra Hakimiyyəti işin həqiqi halından yayınmaq üçün qanunsuzluğa belə yol vermişdir.

Adətən mübahisəli məsələlər məhkəmədə həll olunur, amma bu məsələdə mübahisə yaradacaq hal da yoxdur. Zərərçəkənlər Gəncə İnzibati məhkəməsinə müraciət etməklə ədalətin bərpa olunmasını istəsələr də, 20 fevral 2023-cü ildə baş tutan məhkəmədə tam tərsi baş vermişdir. İddia təmin edilməmişdir. Qərarda isə icra hakimiyyətinin əsassız məktubundan sitat gətirilmişdir ki, Hacıkənd qəsəbəsində tikilinin sökülməsi, torpağın zəbt ediməsi, parkın salınması və ya ərazinin genişləndirilməsinə dair Gəncə şəhər icra hakimiyyəti tərəfindən qərar verilməmiş, bununla bağlı dövlət büdcəsindən hər hansı vəsait ayrılmamışdır.

Baxmayaraq ki, məhkəməyə təqdim edilən sənədlərdən görünür ki, mübahisələndirilən torpaq sahələri Rəhim Sultanova və “Caspian Service” MMC-yə məxsusdur. Həmçinin, Hacıkənd Bələdiyyəsinin qərarı ilə 0.33 ha. torpaq sahəsi beşulduzlu otel tikintisi üçün 99 il müddətinə “Caspian Service” MMC-yə təhkim edilmişdir. Üstəlik də hakim Emin Axundov məhkəmə gedişatında əraziyə şəxsən getmiş və qərarında göstərmişdir ki, - “28.11.2022-ci il tarixli yerli baxış protokolundan görünür ki, torpaq sahəsinin və fərdi yaşayış evinin yerində park salınmışdır”.

Bütün bu sadalananlardan sonra məhkəmənin iddianı rədd etməsi qanunsuz və əsassızdır. Amma, Gəncə İnzibati Məhkəməsinin işə baxan hakimi Emin Axundov bu ədalətsizliyə imza atmışdır. Hakim Emin Axundov rəvac verdiyi qanunsuzluğa belə bir don geyindirməyə çalışmışdır ki, qeyd olunan ərazinin alınması və abadlıq işlərinin görülməsi barədə Gəncə İcra Hakimiyyətinin qərarı yoxdur və bu barədə iddiaçı sübut təqdim edə bilmir. Əcəba, Hacıkənd qəsəbəsində “Nizami Gəncəvi parkı”nı yadplanetlilərmi salıb? Məhkəməyə onlardanmı şikayət verək?

Təbii ki, Rəhim Sultanov və “Caspian Service” MMC bu qərardan apellyasiya şikayəti verib və 24.05.2023-cü ildə Gəncə Apellyasiya məhkəməsində işə sədrlik edən hakim Aygül İsgəndərova, tərkib üzvləri Azər Bayramov və Rəşad Mamedovun iştirakı ilə yenidən baxılacaq. Ümid edirik ki, Gəncə Apellyasiya Məhkəməsinın daha təcrübəli hakimləri ədalətli və qanuni qərar qəbul edəcək".

P.S. Redaksiya qarşı tərəfin də mövqeyini verməyə hazırdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.