Yeni Gəncə Tibb Mərkəzində şıdırğı vaksin alveri gedir
18-05-2023, 00:02
Dövlət tərəfindən ölkə vətəndaşlarına pulsuz verilən vaksinlər niyə satılmalıdır?
Gəncə və ətraf rayonların əhalisinə həm cərrahi, həm də terapevtik kliniki xidmət üzrə fəaliyyət göstərən “Yeni Gəncə” Tibb Mərkəzinin icraçı direktoru vaksin alveri etməkdə ittiham olunur.
Teref.Az xəbər verir ki, bu haqda dünyaninsesi.az saytına “Yeni Gəncə” Tibb Mərkəzindən olan mənbədən verilən məlumatda iddia edilir.
Qeyd olunur ki, bu tibb ocağına rəhbərlik edən anestezioloq-reanimatoloq doktor Mahir Babayev yeni doğulan körpələrin vaksinasiyası üçün yeni qazanc mənbəyi icad edib. Tibb Mərkəzindən olan mənbənin dediyinə görə Mahir Babayev tibb müəsissəsinə rəhbərlik etdiyi vaxtdan bir az sonra Gəncə Gigiyena və Epidemiologiya Mərkəzindən pulsuz olaraq aldığı vaksinləri pasiyentlərə pulla satdırmağa başlayıb.
M.Babayev tərəfindən “Yeni Gəncə” Tibb Mərkəzinin doğum şöbəsinə göstəriş verilib ki, yeni doğulan körpələr evə buraxılarkən onlar vaksinə görə mütləq 22 manat pul ödəməlidirlər. Amma pasiyentlərə bu ödənişlə bağlı hər hansı bir qəbz təqdim etmirlər. Yalnız zəng edib bu məlumatı verdikdə doğum şöbəsinə sözügedən pasiyentin müəsisədən buraxılmasına icazə verilir.
Məlumat üçün qeyd edək ki, BSJ vaksini doğulandan sonra körpəyə ilk vurulan peyvənddir (4-cü-7-ci günlər arası vurulur). Həkimlər tövsiyə edirlər ki, BSJ uşağa məhz doğum evində, uşaq evə yazılmamışdan əvvəl vurulsun.
Apardığımız araşdırmada o da məlum oldu ki, BSJ peyvəndi ölkəmizdə istehsal olunmadığından dövlət büdcəsi hesabına alınaraq respubilkamıza gətirilir.
Azərbaycan Respubilkasının ərazisində BSJ və ya digər adda olan bütün vaksinlər nəin ki, azyaşlılara, eləcə də digər kateqoriyadan olan bütün şəxslərə pulsuz vurulur.
Adı müxtəlif qalmaqallarda hallanan bu tibb ocağının rəhbərliyi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Gəncə və ətrafı regionların əhalisinə tibbi xidmət göstərmək əvəzinə, şəxsi mənfəətləri üçün pulsuz vaksini onlara pulla satmaları mütləq hüquq mühafizə orqanları tərəfindən araşdırılmalıdır.
Məlumat üçün qeyd edək ki, “Yeni Gəncə” Tibb Mərkəzinin doğum şöbəsində normal doğuş üçün qiymət 600 manat, keysər üsulu ilə 1300 manat təşkil edir.
Əlavə olaraq onu da qeyd edək ki, “Yeni Gəncə” Tibb Mərkəzi “İNTERMEDSERVİS” MMC-nin tərkibindədir və onun təsisçilərindən biri sabiq deputat Əliyev İlham Əlisəftər oğludur.
Səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini dərc edə bilərik.