Məktəblərdə açılan “bazar”: - "Direktorlar otaqları müəllimlərə satır"
2-06-2023, 00:19
Son zamanlar məktəblərin idman və akt zallarının icarəyə verilməsi məsələsi gündəmdən düşmür.
Sumqayıtda Hacı Zeynalabdin qəsəbəsində yerləşən 19 nömrəli tam orta məktəbin idman zalında 7 yaşlı Fərid Bakarova idman məşqçisi Mehman Xəlilovun kobud davranışlar sərgiməsi və uşağın ölməsi bu mövzunu aktual edib.
Bu hadisədən sonra sosial şəbəkələrdə və mətbuatada bir neçə məktəbin də idman zallarının icarəyə verilməsi ilə bağlı məlumatlar paylaşılır.
Belə ki, Yeni Yasamalın Ə.Əhmədov küçəsində yerləşən Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə dövlət vəsaiti hesabına tikilən idman kompleksi icarəyə verilib.
Məktəbin direktoru Gülnar Qurbanova idman kompleksini adı açıqlanmayan fərdi sahibkara icarəyə verib.
Maraqlıdır, bu qanunidirmi, icarə haqqı nazirliyin, yoxsa məktəbin büdcəsinə gedir?
TEREF.AZ bildirir ki, mövzu ilə bağlı Cebhe.info-ya danışan təhsil üzrə ekspert Elşən Qafarovun bildirib ki, məktəblərin ərazisi icarəyə verilə bilməz:
“Ümumi təhsil haqqında” Qanunun 30-cu maddəsinə görə, məktəblərin ərazisi icarəyə verilə bilməz. Amma birgə fəaliyyət mümkündür və bu, 8 ildir tətbiq olunur.
Bu da müqavilə əsasında tam qanunvericiliyə uyğun aparılır. Ölkədə, bəlkə də 15-20 nəfər nümunəvi direktor var, onlardan biri də Şuşa şəhər 1 nömrəli tam orta məktəbin direktorudur. Həmin xanım işləyən, çalışqan məktəb rəhbərlərindən biridir.
O məktəbin ərazisini icarəyə verməyib, məktəbin ərazisini birgə fəaliyyət haqqında müqavilə əsasında verib. Nazirlər Kabinetinin 19 yanvar 2010-cu il tarixli 10 nömrəli qərarı var. Təhsil müəssisələrinin sahibkarlıq və innovasiya fəaliyyəti ilə məşğul olmaq qaydalarına uyğun olaraq müqavilə əsasında fəaliyyət göstərir. Orada da pul hesaba oturur”.
Təhsil eksperti məktəblərdə direktorların sinif otaqlarını müəllimlərə pul müqabilində icarəyə verdiyini qeyd edib:
“Bu gün Bakı şəhərində yerləşən məktəblərin təqribən yarısında məktəb direktoru sinif otaqlarını 400-500 manata müəllimlərə satır. Yəni məktəblərdə neqativ formada icarə kütləvi şəkildə var. Xüsusilə, Bakı məktəblərində daha çoxdur. Məktəb direktoru məktəbin otaqlarını öz müəllimlərinə satır”.