KARTOF BALLADASI...
Bu gün, 11:54
Milli kartofumuz dünya mətbəxində layiqli yerini tutmasada, lap uşaqlıqdan dilimizə dad verən yemək, qızardılmış ,,kartoşka" olub. İndi də, beloruslardan sonra, kartof sevdalısı elə biz olarıq ( biz deyəndə, quzu, osetrin kababları, qara dana lüləsi, dənə-dənə beluqa ikrasından bezmiş Allah bəndəmizi nəzərdə tuturam).
Kartofdan fantastik, elit xörəkləri ilk dəfə Gədəbəydə gördüm. Çölləri gəzib dolaşıb gəlirdik milis şöbəsinə. Rəis bizə ,,ujin" verirdi. Bir həftə. Teyxa kartofdan.
- Ay rəis, başa düşürəm, doğma Qədəbəy bizə sərvətini əsirgəmir. Amma, ta hər gün yox da.
- Qadan alem, bu günkü kartofu hələ ,,prob" eləməmisiz. Tay srağa gün soyutma idi, sonra portdəmə, ondan sonra buğlama, dünən közləmə, indi qızartma. Sabah, inşallah gamış qaymağında qızardılmış piraşki. Heyif birisi gün çıxıb gedirsiz! Püre hazırlayardılar...
,, Piraşki " sözü, mənim Pavlovun itində olan kimi, dad reseptorlarıma refleks təsiri ötürdü: ağzım doldu su ilə.
... Uşaqlıqda Sabunçu vağzalından Əmircana, nənəmgilə gedirdik. Tində yekəqarın ağ xalatlı kişi peroşki satırdı: pirrrroşki, ətlə kərtofla, cigərrrrlə! Anamdan pul alıb yaxınlaşdım buxarlanan yeşiyə. İki kartof piroşkisi istədim. Dərhal birini dişlədim. Çiyər çıxdı. Qayıtdım qaytarmağa. Gülər üz, qırmızı sifət kişi idi. Aldı dişlədiyim çiyəri əlimdən, atdı ağzına.
- Ağzuvun dadını bilirsən! - dişləri mırıq çəngəlini yeşiyə batırıb iki piroşki çıxartdı. - Gələ, kartofla! Biridə podarka.
Həyatda bir hal var. Dejavyu deyirlər - san ki, bu halı əvvəllər yaşamısan.
Balaca piroşki istədi. Nənə - baba ,,xodlandıq". Üşaq xəmirin yoğrulmasın izləyirdi. Xəmirin piroşkiyə çavrilməsinə hələ çox vaxt var idi.
Düşdüm küçəyə. Tində ,,təndir" var idi. Xalalar elə bil ,,marten" peçində pörtmüşlər. Bir kişi piştaxtanın arxasında yatmışdı.
- Qardaş, mənə iki dənə kartof pirojkisi ver.
Qardaş iki dəqiqəyə gözlərin aça bildi. Xeyli gücənib qalxdı ayağa. Elə bil səhərə kimi bunun belində pojara boçka ilə su daşıyıblar. Selofana iki piroşki atıb verdi mənə. Yolda uşaqlıq nəfsim aldı məni əsir: piroşkinin birinin yarısını dişlədim. Kartofa çatmadım. Başladım dərinə qazmağa. Kartofu tapmadım. Fikirləşirdim, uşağın qınaqlı baxışlarına nə deyəcəm?
Qayıtdım geri.
- Əmi oğlu, sizdə kartofsuz, teyxa xəmir pirojki var?
- Höylə praşki olur? - dərhal ayıldı müdür.
Piroşkini uzununa-eninə bölüb qoydum qarşısına. Arvadlarıda səsləyib aldılar yarılmış pirojkini ,,okrujeniyə".
- Ayə, adam satdığı bərəkətdən oğurlayar? -başladım ,,politzanyataya".
- Bu piraşki kasıbın obedidir. Kasıbın çörəyindən kəsirsiz?
- Yox vallah...- arvadlar başladı silsilə xora. Onların görkəmi pirojkidən kəsilən kartofun harda olduğundan xəbər verirdi.
Mən isə düşünürdüm: Vallah ,,za derjavu obidno!". Kasıbı belə, dövlətlisi balə! Yəni, hamısı belə?
- Ayə, mən heç. Sizin kimilərin bir kiprik titrəməsindən qan qrupunuzu muəyyən edirəm. Bəs yaxşı, birdən sizin bu quduzxananı ,,Təndir" bilib Ronaldinyonu gətirərdilər piroşki yeməyə!? Oda kartof piraşkisinin dəlisi. Nə cavab verəcəkdin, müdir?
- Hessat... - gözlərin döydu. - Biabır olcaqdıq Messinin yanında...
Zahid Teymurov
TEREF