Aylar Həqqinin xatirəsi məzarı başında ehtiramla yad edilib
Bu gün, 16:54
Noyabrın 15-də, İran İslam Respublikası hakimiyyətinə qarşı keçirilən 2022-ci kütləvi etirazlarda Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən öldürülən Aylar Həqqinin ildönümü ailəsi və yaxınları tərəfindən yad edilib.
Aylar Həqqinin atası, qızının Təbrizin Vadi-Rəhmət qəbiristanlığındakı məzarının şəkillərini İnstagram səhifəsində paylaşaraq, insanların məzara gələrək gül dəstələri qoyduğunu bildirib və onlara təşəkkür edib.
Aylar Həqqi, Təbriz Azad Universitetinin tibb fakültəsinin 23 yaşlı tələbəsi idi. O, 2022-ci il noyabrın 16-da Təbrizdə keçirilən etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri tərəfindən arxadan ov tüfəngi ilə vurularaq həyatını itirib. İran rejiminə bağlı media orqanları onun hündürlükdən yıxılaraq yarımçıq binanın qazıntı çuxuruna düşməsi nəticəsində öldüyünü iddia etsə də, bu iddialar etirazçılar və ailəsi tərəfindən rədd edilib.
Etiraz aksiyaların keçirildiyi həmin ilin dekabrında Təbrizin Vadi-Rəhmət qəbiristanlığında dəfn edilmiş Aylar Həqqinin qırx mərasimi keçirilmişdi. Təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində mərasimdə iştirakçılarla həmin qüvvələr arasında qarşıdurma baş vermşdi. Mərasimdə iştirak edənlər hökumət əleyhinə şüarlar səsləndirimişdi.
Keçən il Aylar Həqqinin məzar daşı naməlum şəxslər tərəfindən vandalizmə məruz qalmış, sprey boya ilə mərhumun təsviri örtülmüşdü. Atası bu hadisə ilə bağlı sosial media hesabından video paylaşaraq qızının adının heç vaxt insanların qəlbindən silinməyəcəyini vurğulamışdı.