Zeynalovun postuna GÖZ DİKƏNLƏR KİMDİR? - ŞOK İDDİALAR

8-06-2023, 11:11           
Zeynalovun postuna GÖZ DİKƏNLƏR KİMDİR? - ŞOK İDDİALAR
Bu yaxınlarada aktualxeber.az-da “Gələn gedənə rəhmət oxutdurur, Kamran Əliyevin sürücüluk vəsiqəsi biznezi” başlıqlı məqalə dərc etmişdik. Məqalə geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanmış və bizə çoxsaylı şərhlər ünvanlanmışdır. Demək olar ki, hamı DYP sistemindəki korrupsiyadan narazılıq etmiş və buna bir əncam çəkilməsini istəmişlər. Oxucularımızın xahişini nəzərə alaraq mövzunu davam etdiririk.
DYP sistemində rüşvət və korrupsiyadan danışarkən, ilk ağıla gələn isimlər Kamran Əliyev və Fuad Mayılov olur. K.Əliyevin rəhbərlik etdiyi sahələrdən biri sürücülük vəsiqəsinin verilməsidir ki, bura da açıq bazarı xatırladır. Bu gün 1100 azn rüşvət verməyib sürücülük vəsiqəsi alan adamları barmaqla saymaq olar. Qeyd edək ki, Kamran Əliyev bu vəzifəyə təyin olunana qədər sürücülük vəsiqəsinin qiyməti 800 manat idi. Nəzəri imtahanı özü verən təsadüfi şəxslər də “yezda” adlanan sürücülük qabiliyyətini yoxlayan imtahanda sıxışdırılır.
Kamran Əliyevin digər gəlirli sahəsi “nömrə biznesi”dir. Qanuna görə, nömrələr “dyp.gov.az” saytında və Qeydiyyat İmtahan İdarəsinin internet resursunda yerləşdirilməli, qiymətləri göstərilməlidir. O cümlədən, 500-2500 AZN qiymətində olan nömrələr hərrac yolu ilə satılmalıdır. Bu nömrələr və qiymətləri də DYP-nin internet resurslarında yerləşdirilməlidir.Bəs Kamran Əliyev nə edir? DYP-nin saytına baxsanız orada yeləşdirilən heç bir nömrəni tapa bilməzsiniz, o cümlədən, hərrac yolu ilə satılmalı olan nömrələrə də rast gəlmək mümkün deyil. Halbuki, bu qanunla tənzimlənir və qanunda satışın necə yerinə yetirilməsi göstərilir. Kamran Əliyev dövlət nömrə nişanlarını özünün qoyduğu məbləğə istədiyi şəkildə satışını həyata keçirir. Hərrac yolu ilə satılmalı olan nömrələr isə “kimin pulu var, ala bilər” prinsipi ilə satılır. Misal üçün, 500-2500 manat dəyərindəki nömrələri fərdi qaydada 200 min manata satılması kimi hallar var. Bakı şəhərində qeydiyyatda olan nəqliyyat vasitələrinə yeni “77” seriyalı şərti kodun verilməsi də Kamran Əliyevin yeni “biznes”idir və məqsəd daha çox və baha qiymətə nömrə satmaqla, daha çox qazanmaqdır. Qanunsuz yolla əldə edilən pullar isə dövlət büdcəsinə yox, birbaşa şəxsi ciblərə axır. Göründüyü kimi, nə qanunlar, nə dövlət rüsumu, nə yol-nəqliyyat qaydaları, nə də insan həyatı Kamran Əliyev üçün önəmli deyil. Önəmli olan nə qədər pul qazanacağıdır. Onun kurasiyasında olan avtomobillərin texniki baxışdan keçirilməsi prosesində də əsl bazar açılıb. Məlumatlara görə, avtomobilini texniki baxışdan keçirmək istəyən şəxs mütləq 80-90 manat “tas” ödəməlidir. Halbuki, rüsum 30 manat civarındadır. Hətta “tas”ın bir qədər aşağı endirilməsin istəsəniz verilən cavab belə olur: “Rəhbərliyə müraciət edin, onlardan icazə alın”.
Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının komandiri Fuad Mayılov bu vəzifəyə təyin olunduğu gündən qurumda “inqilabi” dəyişikliklərə imza atıb. Təbii ki, bu dəyişiklər müsbət keyfiyyətləri özündə ehtiva etmir. Bildirilir ki, hazırda hər bir Yol Patrul maşınlarına günlük tələb qoyulub. Belə ki, YPX maşınlarının hər biri gündəlik ona 300 manat pul çatdırmalıdır. Qeyd edək ki, F.Mayılovdan da əvvəl belə bir rüşvət sistemi mövcud olub. Ancaq tələb 300 manat yox, 150-200 manat olub. YPX əməkdaşlarının üzərinə birdən-birə qoyulan bu tələb onları da çıxılmaz durumda qoyub. Şübhəsiz ki, YPX əməkdaşları da bu pulu vətəndaşlardan çıxarmalı olurlar. Qeyd edək ki, F.Mayılov 2020-ci ilin aprelində bu vəzifəyə təyin olunub və belə bir rüşvət sistemi məhz onun dönəmində daha da şişərək pik həddə çatıb.
Fuad Mayılovun “MMX biznesi”ndən də çoxlu qazancı olur. Bir maraqlı fakta da diqqət yetirək ki, bir vətəndaşa yazılan cərimə digərinə ödətdirilir. Elə redaksiyamıza müraciət edən Əliyev Oktay İbrahim oğlunun da başına qəribə hadisə gəlib. Belə ki, artıq ikinci dəfədir ki, ona başqasının cəriməsi yazılır və ödəmədiyi halda da şəxsi avtomobilinin üzərinə həbs belə qoyulacağı ilə təhdid edilir.
Qeyd edək ki, Kamran Əliyev və Fuad Mayılov arasında ciddi rəqabət var. Hər biri özünü Ramiz Zeynalovdan sonra BDYPİ-nin rəisi vəzifəsində görür. Amma deyir “sən saydığını say”…
Mövzuya qayıdacağıq və yazıda adı keçən şəxsləri də dinləməyə hazırıq. //aktualxeber.az//












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.