QHT sədrindən ağır İTTİHAMLAR....
11-10-2023, 19:01
Diqqətimi 09 oktyabr 2023-cü il tarixində mətbuatda gedən “Sahib Məmmədov Varşavada işgəncələrə məruz qalmış azərbaycanlılardan danışdı” başlıqlı yazı çəkdi. Yazıda deyilir ki,
ATƏT İnsan meyarı üzrə Konfransının V Plenar sessiyasında Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov çıxış edib.
Bəli, Sahib Məmmədov çox vacib bir məsələyə toxunub. İstər I, istərsə də II Qarabağ Müharibələri zamanı erməni cəlladlarının əsir və girov götürdükləri Azərbaycan Respublikası vətəndaşlarına qarşı törətdikləri vəhşiliklərdəm danışıb. Çox təqdirə layiqdir.
Lakin həmin vaxt Sahib Məmmədovun heç yadına düşübmü ki, 2009-cu ildə QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü olduğu vaxtda, mənim Şuranı haqlı yerə məhkəməyə verdiyim vaxtda məhkəmədə qarşı tərəfin müdafiəçisi kimi mənə qarşı etdiyi istehzalı çıxışları, gülüşləri? Biləsiniz, Şuranı müdafiə etmək üçün necə canfəşanlıqla çıxışlar edirdi, elə bil qarşısında əsir-girovların hüquq müdafiəçisi olan bəndəniz deyil, əstəğfürullah, bir Vətən xaini, bir erməni qadını durmuşdu. Çünki ona sahibləri belə əmr vermişdilər.
Dəfələrlə qeyd etmişəm ki, Şura ilə problemim erməni girovluğundan azad edilmiş qadınlarla bağlı ingilis dilində film çəkməklə bağlı təqdim etdiyim layihəmə çox cüzi vəsait ayrılması olmuşdu. O vaxt da indiki kimi idi. Əhəmiyyətli layihələrə qəpik-quruş, özlərinə lazım olanlara 18-20 min verirdilər. Layhəmin icrasına başlamazdan əvvəl mətbuatda öz narazılığımı bildirmişdim ki, 7 min manata belə filmi çəkmək olmaz. O zaman evimə Şura üzvləri Sahib Məmmədov, Dilarə Vəliyeva (artıq həyatda yoxdur), Vüqar Qədirov və Ceyhun Osmanovun (o zaman həm də MM-in deputatı idi) imzaları ilə bir məktub gəldi ki, biz Apellyasiya komissiyasının üzvləri belə qərara gəldik ki, bu məbləği sizə vermək düzgün deyil, riskdir. Mən ki, Apellyasiya komissiyasına layihənin məbləğinin qaldırılması ilə bağlı müraciət etməmişdim. Buna baxmayaraq, işə başlamamışdan layihəm bu 4 nəfərin təkifi ilə ləğv edilmişdi. Azay Quliyevin komandası o zaman da indiki kimi idi. Nə istəyirdilər, onu da edirdilər. Mən də məhkəməyə ancaq layihəmin ictimai müzakirəsi üçün müraciət etmişdim.
İndi əsir-girov müdafiəçisinə çevrilmiş Sahib müəllim məhkəmələrdə bir qırğın çıxardırdı ki, gəl görəsən... 1 ildən çox sürən müxtəlif ictansiyalı məhkəmələrdə Sahib Məmmədov birinci özünü belə təqdim edirdi: “mən Yasamal Rayonunun İcra Hakimiyyətinin sabiq başçısıyam”. Bəli, cəbhənin hakimiyyəti vaxtında Məmmədov bu vəzifədə işləmişdi.
Mənimçün o günlərə qayıtmaq nə qədər acı olsa da indi hansı maraqlardansa əsir-girov müdafiəçisinə çevrilmiş Sahib Məmmədova Yasamal rayon məhkəməsində hakim Sərdar Mehrəliyevin hakimliyi ilə keçirilmiş 27 iyul 2009-cu il tarixli məhkəməmi xatırlatmaq istəyirəm. Məhkəmədə müxtəlif bölgələrdən məni tək qoymamaq, dəstək olmaq üçün gəlmiş üzvlərimiz- əsirlikdə ən dəhşətli işgəncələrə məruz qaldıqdan sonra asad olunmuş şəxslərlə birlikdə iştirak edirdim. Sahib müəllim də məhkəməyə keçmiş cəbhəçi dostu, həm də Şura üzvü ilə (adını çəkmək belə istəmirəm) gəlmişdi. Hər ikisi onlara tapşırıq vermiş sahiblərinin (hər ikisi Prezidentin sabiq köməkçisi Əli Həsənovun layihəsinin şah əsərləridirlər) tapşırığını cani-dildən, artıqlaması ilə yerinə yetirirməyə çalışırdılar. Tapşırıq da o idi ki, nəyin bahasına olursa, olsun Esmira Orucovanın ağzını yummaq lazımdır ki, digər narazı QHT-lər də onun kimi Şuraya qarşı çıxmasınlar. Onsuz da məhkəmələrdə uduzsam da məndən başqa heç bir QHT sədri mənim kimi sona kimi mübarizə aparmadı ki...
Qayıdım əsas mətləbə: hakim məndən soruşanda ki, filmi çəkməyin vacibliyi nədir ki, siz bu qədər narahatçılıq keçirdirsiniz? Mən də ona dünya ictimaiyyətinə erməni vəhşiliklərini çatdırmaq və sonra da vaxtı çatanda beynəlxalq cinayət məhkəməsinə müraciət etməkdir. Elə bunu demişdim ki, Sahib Məmmədov əsirlikdən qayıtmış şəxslərin qarşında bir oyun çıxartdı ki, dəhşətə gəldim. İndi əsir-girov müdafiəçisi olub! Dedi ki, o gün olmayacaq ki, sən erməniləri məhkəməyə verəsən. Mən nə qədər varamsa, sən heç bir beynəlxalq təşkilatlara da müraciət edə bilməyəcəksən. Elə bunu demişdi ki, 2 nəfər Laçın sakini olan əsirlikdən qayıtmış üzvümüz ayağı qalxıb, Sahibə tərəf yeridilər və dedilər ki, sən ermənidən də betər imişsən ki. Məmmədov qaçıb, zala koridorda duran polisləri gətirdi əsirlikdə əzab, əziyyət çəkmiş zavallıların üstünə. Həmin vaxt mən bütün üzvlərimizi, təbii ki, keçmiş əsirləri xahiş edib, zaldan çıxartdım. Qorxdum ki, Əli Həsənovun tapşırığında müntəzir duranlar bu yazıqları da həbs etdirərlər. İllər keçsə də həmin mənzərəni nə mən, nə də həmin şəxslər unutmamışıq.
İndi Sahib Məmmədov utanmadan, hansı maraqlardansa əsir-girov müdafiəçisi olub. Düşünməyin ki, mən paxıllıq edirəm.
Əsla.
İstərdim ki, daha çox şəxs bu problemi beynəlxalq tribunalardan səsləndirsinlər. Ancaq Sahib Məmmədov kimilər deyil. O zaman döyüşlərdə iştirak etmiş, veteran QHT sədrləri var. Layiqli oğullarımız var ki, onlar getsinlər, beynəlxalq təşkilatların qarşısında tərcümçi də aparsınlar, çlxışlar etsinlər. Bu onların haqqıdır!
Sahib Məmmədov da getsin, öz işi ilə məşğul olsun. Vətəndaşların Əmək Hüquqları Liqasının sədri kimi oğlunun 4 nəfər keçmiş iş yoldaşını keçən ay səbəbsiz yerı QHTAgentliyindən işdən kənarlaşdırılıblar. Öz profili üzrə həmin adamların hüquqlarını müdafiə etsin.
Keçən il QHT Agentliyinin dəstəyi ilə həyata keçirtdiyim layihəm “Birinci Qarabağ müharibəsi zamanı əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı hesabatın hazırlanması (ingilis dilində)” idi. O zaman QHT Agentliyində beynəlxalq əlaqələr sektorunun müdiri Sahib Məmmədovun oğlu Toğrul idi. Prosedur qaydaya görə Toğrul hesabatı yoxlayıb, sonra beynəlxalq təşkilatlara göndərməyimə rəy verməli idi. O zaman o, mənə dedi ki, çox mükəmməl hesabat hazırlamısınız. Bir məqamı da vurğuladı ki, bu hesabatı mənə verərsiniz? Mən ona” nəyinə gərəkdi ki, kimə verəcəksən?”, dedim. Onu başa saldım ki, 66 səhifəlik Hesabatı ordan-burdan köçürtməmişəm. İllərimin zəhməti və əziyyəti hesabına topladığım faktoloji material üzərində apardığım araşdırmalarımın nəticəsidir. Ancaq indi deyə bilmərəm, Sahib Məmmədov oğlunda olan mənim hesabatımdan istifadə edib, ya etməyib?
Esmira Orucova
Teref.az