Sahil Babayev əsas bu suallara kim cavab verəcək?
13-10-2023, 16:54
Sahil Babayev əsas bu suallara kim cavab verəcək? Sahil Babayev deyir ki, Azərbaycanda insanlar pensiya yaşına çıxandan 15 il sonra yaşayırlar. Azərbaycanın əmək və əhalinin sosial müdafiə naziri bu gün Milli Məclisdə çıxışında deyir ki, bəzilərinin düşündüyü kimi ölkədə pensiya yaşını 50-55 endirmək gələcək illərdə fəaləktə gətirib çıxara bilər. Açığı mən bilmirəm hansı ekspert və ya ictimai şəxs belə bir təklif edib. Lakin bildiyimiz başqa həqiqətlər var. Və bu həqiqətləri illərdir ki, ifadə edirik. Görək bu dəfə əsas suallara cavab verən tapılacaqmı?
GUNDEMİNFO.AZ xəbər verir ki, bu barədə iqtisaçı ekspert Razi Abasbəyli açıqlamasında qeyd edib.
O daha sonra yazır:
- Rəsmi açıqlamaya görə, bu ilin əvvəlinə Azərbaycanda gözlənilən ömür uzunluğu 73.6 ildir.
Qadınların orta ömür uzunluğu 76 yaşa, kişilərdə isə 71 yaşdır. Azərbaycanda qadınların kişilərdən 5 il çox yaşadığı güman edilir.
Son illərdə ömür uzunluğu ilə bağlı göstəricilər daha da pisləşib. Məsələn 2019-cu ildə Azərbaycanda ömür uzunluğu 76.4 ilə bərabər idi.
Amma son 3 ildə ölkədə ömür uzunluğu ciddi şəkildə azalıb. 2022-ci ildə qeydə alınan ömür uzunluğuna dair rəsmi statistika 2010-cu ilin səviyyəsinə qədər enib.
İndi Azərbaycanda təyin olunan pensiya yaşı ilə bağlıdır. Sahil Babayev iddia edir ki, Azərbaycanda effektiv pensiyada olma müddəti 15 ildir və bu rəqəm dünyada olan ən yüksək rəqəmlərdəndir. Məhz Sahil Babayevin çıxış etdiyi 15 illik pensiya ili hansı statistikaya əsaslanır məlum deyil. Əgər ölkədə qadınlar üçün pensiyaya çıxma yaşı 63.5, kişilər üçünsə 65 yaşdırsa, o zaman normalda ömür uzunluğuna dair statistika, yəni pensiya alma dövrünə görə qadınlar üçün (63.5+15=78.5) 78.5 yaş, kişilər üçünsə (65+15=80) 80 yaş olmalıdır.
Lakin rəsmi statistikada qadınlar üçün ömür uzunluğu 73.6 yaş müəyyən dilib. Kişilər üçünsə 71 yaş ömür uzunluğu. Deməli Sahil Babayevin dediyi 15 illik pensiya yaşı azı 5 il saxtalaşdırlmış faktdır.
Bu saxta statistika özünü pensiya təyinatında da göstərir. Məsələn sadə dildə desək, sizin pensiya kapitalınız var və pensiyaya çıxmalısınız. Statistika Komitəsi və ya Sahil Babayev rəsmən açıqlayır ki, pensiya yaşama müddəti 15 ildir. Bu zaman sizin illərlə toplanan pensiyanız 15 ilə bölünür və sizə pensiya təyin olunur. Əgər sizin pensiya kapitalınız 15 ilə yox, reallıqda olduğu kimi 8 və ya ən çoxu 10 ilə bölünsə ən azı ölkədə əmək pensiyalarının minimum həddi 550 manat olar.
Amma rəsmi statistikaya əsasən pensiya təyin olunur və hesab edirlər ki, siz 65 yaşdan sonra 15 il yaşayacaqsınız. Düzdür indiyə qədər ölkədə pensiyaya çıxanlara pensiya təyin edilən zaman onların pensiyaları 144-ə, yəni 12 ilə bölünür. Lakin Sahil Babayev hesab edir ki, siz 15 il yaşayaraq prnsiya alırsınız.
Heç 12 il də pensiya ala bilmək üçün rəsmi statistikada ömür uzunluğu kimi göstərilmir. Yəni rəsmən ölkədə kişilər 65 yaşdan sonra 71 yaşa qədər, yəni 6 il, qadınlar isə 64 yaşdan 76 yaşa qədər, yəni 12 il pensiya ala bilirlər. Baxmayaraq ki, hər il 6 ay artırılmaqla 2026-cı ildə qadınların pensiyaya çatma yaşı 65 olacaq.
Bu ömür uzunluğu statistikası da pensiyaların məbləğinin aşağı təyin edilməsinə səbə olur.
Başqa bir statistika da var. 2022-ci ildə rəsmi statistikaya əsasən ötən il Azərbaycanda 76 min 878 nəfər vəfat edib.
Onların 30 min 544 nəfəri, yəni 40 faizi 65 yaşa çatmayanlardır. Pensiya ala bilmədən vəfat edənlərin 47 faizi kişilər, 32 faizi isə qadınlardır.
Vəfat edən insanların pensiya kapitalının istifadəsinə dair isə hələ də Azərbaycanda müvafiq qanun qəbul edilməyib.
Ölüm göstəricisi tək ortayaşlı şəxslər arasında deyil, gənclər arasında da yetərincə çoxdur. Ötən il vəfat edən 3 min 300 nəfərin yaşı 29-dan az olub. Bu, bütün ölümlərin 4 faizi deməkdir. 27 min 255 nəfər 30-64 yaş arasında ölənlərin sayıdır.
Ötən il dünya üzrə doğulanda gözlənilən ömür uzunluğu 75 il olub. Deməli, Azərbaycan dünya ortalamasından 1.4 il geri qalır.
Dünyada qitələr üzrə ən aşağı göstərici Afrikada qeydə alınıb. 2021-ci ildə Afrikada doğulan kişilər üçün gözlənilən ömür uzunluğu 63, qadınlar üçünsə 66 yaşdır.
Bu, qitələr arasında ən aşağı göstəricidir. Ən yüksək göstərici Şimali Amerikada qeydə alınıb. Ötən il Şimali Amerikada doğulan kişilərin orta gözlənilən ömür müddəti 75 il, qadınlarda isə 81 il olub.
Qonşu ölkələrdən Ermənistanda kişilər üçün doğulanda gözənilən ömür uzunluğu 73 il, qadınlarda 80 ildir. Deməli, Ermənistan hər iki cins üzrə göstəricisi Azərbaycandan daha yüksəkdir.
Gürcüstanda isə kişilərin gözlənilən ömür müddəti kişilər üçün 70 il, qadınlar üçün 78 ildir. Başqa sözlə, gürcü qadınların azərbaycanlı həmcinsləriylə müqayisədə daha çox yaşaması ehtimal edilir.
Deməli Sahil Babayevin dediyi kimi əslində heç kim demir ki, ölkədə pensiya yaşı 50 və ya 55 olsun. Sadəcə pensiya təyinatında ömür uzunluğu statistikası ədalətli olsun. Toplanan kapitala görə pensiya 144 və ya ondan çox aya deyil, 96 aya bölünsün ki, əmək pensiyalarının həcmi artsın. Heç olmasa pensiya yaşına çatanlar yerdə qalan ömürlərini (kişilər 6 il, qadınlar 11 il) normal məbləğdə pensiya ala bilsinlər.
Məsələ bu qədər sadədir.