"Əl çəkmirlər məndən...Deyirlər ki, verin yeyək" - İcra nümayəndələri ilə satıcı arasında mübahisə
27-10-2023, 20:02
Bu gün günorta saatlarında Nizami rayonunda, "Xalqlar dostluğu" metrostansiyasının qarşısında Nizami Rayon İcra Hakimiyyətinin, eləcə də
Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində Bakı Şəhər Ticarət və Xİdmət Departamentinin nümayəndələri ilə səyyar satıcılar arasında mübahisə yaşanıb.
Sitat.info-nun hadisə yerində olan əməkdaşı yaşanan gərginliyi videolentə alıb.
Çəkiliş zamanı özlərini təqdim etməyən şəxslər metrostansiyanın ətrafında göyərti və qadın saç aksesuarları satan satıcılardan taxta piştaxtanın dərhal yığışdırılmasını tələb ediblər.
Onlar söhbət zamanı bildiriblər ki, səyyar satışla məşğul olanlar qeyri-qanuni fəaliyyət göstərdikləri üçün satışa icazə verilmir. Özlərini təqdim etməyən şəxslər əvvəlcə çəkilişimizin qeyri-qanuni aparıldığını deyərək,
mane olmağa da cəhd göstərsələr də, daha sonra peşə fəaliyyətimizi davam etdirəyə nail olduq.
Uzun mübahisədən sonra bu şəxslərin Nizami Rayon İcra Hakimiyyətinin və Bakı Şəhər Ticarət və Xİdmət Departamentinin nümayəndələri olduğunu öyrənə bildik. Lakin heç biri özlərini təqdim etmədi.
Satıcılar bildirdilər ki, illədir ki, burada səyyar satışla məşğul olurlar. "10-15 ildir ki, satıcı işləyirəm. İllərdir ki, arabamda göyərti satıram. Yeganə qazanc yerimiz budur. Çox səliqəli, ətrafı çirkləndirmədən çörəkpulumu qazanıram.
Hamı razıdır. İndi mənə işləməyə imkan vermirlər. İcra hakimiyyətinin işçiləri gəlirlər ki, verin, biz də yeyək". Obyektivlik naminə Nizami Rayon İcra Hakimiyyətindən rəsmi məlumat almağa çalışdıq.
İH-nin ictimaiyyətlə əlaqədar şöbəsindən Cavid adlı şəxs suallarımıza cavab olaraq bildirdi ki, satıcılar həmin ərazidə qeyri-qanuni fəaliyyət göstərirlər. Onların səyyar satıcılıqla bağlı icazəsi yoxdur.
İcra hakimiyyəti nümayəndələri və müvafiq qurum birgə reyd keçirir.
Həmin videonu təqdim edirik.
Məğrur,
Sitat.info