“Təhsil” İstirahət Mərkəzindən böyük narazılıq
7-08-2016, 17:47

Hər il olduğu kimi bu il də Azərbaycana gələn turistlərin sayının artacağı deyilsə də hər şey onun əksini söyləyir. Hər il Azərbaycandan Türkiyə və Gürcüstana gedənlərin sayı qədər dünya ölkələrindən Azərbaycana turist gəlmir. Bunun bir səbəbi var bahaçılıq və aşağı səfiyyəli xidmət. Redaksiyamıza müraciət edən şikayətçilər bu il onların başına Nabranda yerləşən Təhsil İstirahət Mərkəzində gətirilən oyunlardan şikayətlənirlər.
Bir neçə il qabaq Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının xətti ilə tikilən, əsasən də təhsil işçiləri üçün nəzərdə tutulan Təhsil İstirahət Mərkəzində eyni zamanda 260 nəfər istirahət edə bilər. 10 hektardan artıq ərazini əhatə edən mərkəz 3 mərtəbəli oteldən və koteclərdən ibarətdir. İstirahət mərkəzində olan şəraitə söz yoxdur, geniş və səliqəlidir.
Meşənin ortasında, dənizdən 2 km aralı yerləşən mərkəzdə yeməkxana, tibb məntəqəsi, açıq və bağlı hovuzlar, idman qurğuları, futbol, voleybol meydançaları, internet klub pulsuz fəaliyyət göstərir. İstirahət edənləri dənizə aparmaq üçün ayrılan avtobus, gündəlik pulsuz 3 dəfə yemək verilməsi də hər şeyin əla olduğu görüntüsü yaradır.
Bundan başqa pullu yeməkxana, çayxana və mağaza da turistlərin ixtiyarındadır. Bura gələn təhsil işçiləri və onların ailələri 500 manatlıq göndərişi(putyovka)15 faizni, yəni 75 manat ödəməklə əldə edə bilirlər. Otellərdəki otaqlar 1-2, koteclər isə 2 nəfər üçün nəzərdə tutulub. Koteclər 2 otaqdan, dəhliz və artırmadan ibarətdir. Otaqlardan biri 2 nəfərlik yataq otağıdır. 2-ci otaq isə 2 nəfərin dincəlməsi üçün divan, 2 kreslo, televizor və kondisionerdən ibarətdir. Hamam göz oxşayır, isti və soyuq suyu heç vaxt kəsilmir.
Təhsil işçiləri bu cür şəraiti olan, 10 gün 3 dəfə havayı yeməklə təmin olunan, ən əsası 75 manata başa gələn bu göndərişin alınmasının mümkünsüzlüyündən şikayətçidirlər. Deyirlər ki, göndərişi 75 manata almaq xoş xəyaldan başqa bir şey deyil, çox vaxt qeyri- mümkündür. Hər bir rayonun Təhsil Şöbəsinin həmkarlar şöbəsi göndərişi bir nəfər üçün 50-75 və hətta 150-200 manat satırlar. Bundan başqa 2 nəfər üçün nəzərdə tutulan otaqlar 5-6 nəfərə satılır. 2 nəfərlik istirahət otağında qoyulan divan və iki kreslo açılaraq gələnlərin istifadəsinə verilir. 6 nəfərlik ailələr üçün isə yataq otağına əlavə “raskuladuşka” qoyulur. 2 nəfərə 1000 manata başa gələn göndəriş 2000 manat qazanc gətirir.
260 nəfərlik İstirahət Mərkəzində hər 10 gündən bir 460 adam qəbul edilir. 200 adamın yeməyini çox asanlıqla verirlər.1-ci 260 adam üçün nəzərdə tutulan yeməkxana 2 növbəli işləyir. Hər iki növbə arasında 1 saat fərq olur. Bu da gələn istirahətçilərin vaxtının getməsinə və haqlı narazılığa səbəb olur. 200 artıq adamın yemək yeməsinin səbəbi 260 adam üçün nəzərdə tutulan yeməyin keyfiyyətinin aşağı salınması və az verilməsidir. 200 adamın artıq yemək yeməsi hər 10 gündən bir 100 min manat qazanc deməkdir. Şikayətçilər bildirirlər ki, verilən meyvələr zibil qutusuna atılmalı olan meyvələrdən fərqlənmir. Səhər yeməyi daxil bütün yeməklər marqarın və super sun yağlarından istifadə edilir.
Demək olar ki, hər gün günorta və axşam yeməkləri ətsiz sup və borşdan və cüzü ət qoyulmaqla kartof və makarondan ibarətdir. İstirahətçilərin haqlı narazılığından sonra verilən 3 bacı dolmasında əti gördüm deyən olmadı. Axırıncı gün verilən adı aş olan düyünün üstündə bir qaşıq çəkilmiş mal ciyəri qoyulub. Bütün bunlar azmış kimi qanunsuz fəaliyyət göstərən 1-ci növbədə artıq qalan yeməkləri və çörək qırıntılarını 2-ci növbəyə verirlər. Hətta vətəndaşlardan bir neçəsinin zəhərləndiyi və həkim müdaxiləsindən sonra sağaldığı bildirilir. Təhsil İstirahət Mərkəzində zəhərlənmənin adi hal almasının digər səbəbi ərzaqların at arabasında və yayın istisində minik maşınlarında gətirilməsidir. Bütün bunlar azmış kimi valideyinləri tərəfindən gətirilən süd-əmər körpələrdən və DAUN xəstəsi uşaqlardan 10 gün üçün əlavə 75 manat alınması və heç bir ödəniş qəbzi verilməməsi də faktdır. Vətəndaşlar haqlı olaraq bildirirlər ki, bir günü 50 manata başa gələn 500 manatlıq göndəriş ilə qonşu Gürcüstanda 20 gün ən yüksək səviyyədə istirahət etmək olar.
Bu yaxınlarda Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Mehbaliyev bildirdi ki, bu il Azərbaycanda Həmkarlar İttifaqının hesabına 100 min nəfər istirahətə gedib.
istiqlal.az