20 Yanvar iştirakçılarını şantaj edən Maral Qocaman kimdir? - FOTOLAR
14-10-2024, 12:24
Özünü "20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması" İctimai Birliyinin sədri kimi təqdim edən, “reket QHT” təmsilçisi kimi tanınan Maral Zamanovanın (Maral Qocamanın) 20Yanvar şəhidlərinin ailə üzvlərini aldatması, onların etibarından sui-istifadə etməsi barədə faktlar üzə çıxıb.
Pravda.az araşdırmanı təqdim edir:
Saxta sədrlik, dağıdılan 20 Yanvar Fondu
20 Yanvar əlili, 20 Yanvar Fondunun keçmiş sədr müavini və İdarə Heyətinin üzvü Tahir Fətullayev sosial media səhifəsində bu barədə Ədliyyə Nazirliyinə yazdığı şikayət məktubunu ictimailəşdirib. Məktubda deyilir: “Son zamanlar 20 Yanvar şəhid ailələrinin və əlillərin adından sui-istifadə olunaraq, bir sıra məsələlərdə onların adının hallandırılması və nəticədə bu insanların nüfuzdan salınması 20 Yanvar əlili olaraq məni də narahat edir. Bildirmək istəyirəm ki, 20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması" İctimai Birliyi (əvvəlki adı 20 Yanvar Fondu) adı altında fəaliyyət göstərən QHT əslində, qeyri-qanuni fəaliyyətlə məşğuldur. Bununla əlaqədar 2017-ci ildə mən Ədliyyə Nazirliyinə müraciət etsəm də, heç bir tədbir görülmədi və bu QHT qeydiyyata alındı. Belə ki, 20 Yanvar şəhid ailələrinin və əlillərinin 1990-cı ildə təsis etdiyi və 24 dekabr 1990-cı il tarixində Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınan 20 Yanvar Fondu 2017-ci ilin sonlarına qədər qanuni fəaliyyət göstərmişdir. Lakin 05.10.2017-ci il tarixində Zamanova Maral Əlihüseyn qızı Fondun İdarə Heyətinin üzvlərinin xəbəri olmadan növbədənkənar ümumi yığıncağın keçirilməsi ilə əlaqədar saxta protokol tərtib etmiş, ümumi yığıncağın keçirilməsi üçün “Təşkilat Komitəsi” yaratmışdır. Halbuki, İdarə Heyətinin qeyd olunan tarixdə keçirildiyi iddia olunan ümumi yığıncağında İdarə Heyətinin üzvləri – mən - Fətullayev Tahir, Xanməmmədova Şövkət və İsmayılova Elmira iştirak etməmişik. Saxtakarlıqla yaradılan Təşkilat Komitəsinə guya üzv seçilən Elmira İsmayılovanın belə bir Təşkilat Komitəsinin varlığından xəbəri olmamışdır. Təşkilat Komitəsinin 06.10.2017-ci il tarixli qərarına əsasən, 05.11.2017-ci il tarixində ümumi yığıncaq keçirilmişdi. Ümumi yığıncaq adı altında keçirilən toplantıya 20 Yanvar əlilləri ümumiyyətlə, dəvət olunmamış, şəhid ailəsi adından isə Fondun Nizamnaməsinə zidd olaraq, şəhid ailəsi statusu olmayan şəxslər iştirak etmişdir. Maral Zamanova Fondun Nizamnaməsini dəyişdirərək, 20 Yanvar əlillərini təşkilatın üzvü olmaq hüququndan tamamilə məhrum etmişdir”. Tahir Fətullayev bütün dediklərinə dair videosübut da təqdim etmişdir.
Şikayət məktubundan məlum olur ki, əslində, Maral Qocamanın əsl məqsədi bu təşkilatı dağıtmaq, 20 Yanvar şəhid ailələri və əlilləri arasında nifaq salmaq, 20 Yanvar kimi müqəddəs addan şəxsi mənafeyi naminə istifadə etmək olmuşdur.
Şantaj və iftiralar
Mövzu ilə əlaqədar araşdırmamız göstərdi ki, "20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması" İctimai Birliyi 2017-2022-ci ildə təkcə QHT-lərə Dövlət Dəstəyi Şurasından (2021-ci ildən sonra QHT-lərə Dövlət Dəstəyi Agentliyindən) 50 min manata yaxın qrant alıb. Bu qrantlar əsasən 20 Yanvar şəhid ailələrinin qayğısına qalmaq, onları sosial müdafiəsi adı altında dövlətdən istənilib. Maraqlıdır ki, Maral Qocaman bu dövrdə bir dəfə də olsun QHT-lərə Dövlət Dəstəyi Şurasından narazılıq etməyib. Lakin QHT-lərə Dövlət Dəstəyi Agentliyində 2023-cü ildə təmizləmə işləri başladıqdan, PA-da QHT-lərlə iş sektorunun müdiri Vüsal Quliyev vəzifəsindən uzaqlaşdırılan kimi Maral Qocaman ortalığa çıxaraq gah PA qarşısında, gah Ədliyyə Nazirliyi qarşısında, gah da digər qurumlar qarşısında peyda olur, “etirazlar edir”.
Maral Qocamanı yaxından tanıyanlara sirr deyil ki, o, bir cümlə yazanda 2-3 yerdə səhv edir, amma Maral Qocaman sosial media statuslarında hüquqşünas rəyləri verir. Təəssüf ki, bu “hüquqi rəylər” vaxtilə “diplom bazarı” kimi tanınan və bağlanan Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakültəsinin səviyyəsindən irəli gedə bilmir.
Tahir Fətullayevin şikayət məktubundan o da aydın olur ki, artıq 20 Yanvar şəhid ailələri və əlilləri onların adından sui-istifadə edən Maral Qocamanın hüquqi məsuliyyətə cəlb olunmasını istəyirlər: “Maral Zamanovanın şəhid ailələrinə qarşı kobud rəftarı, İdarə Heyətinin və şəhid ailələrinin fikrini nəzərə almadan təşkilat adından özbaşına bəyanatlar verməsi, saysız qanun pozuntuları etməsinə baxmayaraq, son zamanlar Şəhidlər xiyabanında və Ədliyyə Nazirliyinin qarşısında icazəsiz aksiyalar keçirərək 20 Yanvar şəhidlərinin, şəhid ailələrinin və əlillərinin, eləcə də dövlətin nüfuzuna xələl gətirdiyini nəzərə alaraq, sizdən xahiş edirəm Maral Zamanovanın hərəkətlərinə hüquqi qiymət verilsin. Eyni zamanda 2017-ci ildən hazırkı dövrə qədər təşkilatın fəaliyyətinin bir dəfə də olsun belə yoxlanılmamasını nəzərə alaraq, təşkilatda müvafiq yoxlamalar aparılsın”.
Redaksiyamıza daxil olan məlumatlara görə, artıq bir qrup 20 Yanvar şəhidlərinin ailə üzvləri və 20 Yanvar əlilləri də aidiyyəti qurumlara müraciət edərək Maral Zamanovanın dələduzluq əməllərinə hüquqi qiymət verilməsi tələb ediblər.
Şəhid ailələri necə aldadılıb?
O da məlum olub ki, Maral Qocaman 20 Yanvar şəhidlərinin bəzi yaşlı analarını, həyat yoldaşlarını da şantaj edib ki, əgər onun keçirdiyi etiraz aksiyalarına qatılmasalar, ona dəstək verməsələr, onların dövlətdən aldığı pensiyaların kəsilməsi üçün “QHT-si adından” məsələ qaldıracaq. Maraqlıdır ki, Maral Qocaman kimdir ki, dövlətin şəhid ailələrinin üzvlərinə verdiyi pensiya və ya müavinətləri kəsdirsin?!
"20 Yanvar" İctimai Birliyinin sədri, 20 Yanvar əlili Sultan Əzimzadə də 20 Yanvar şəhid ailələrinin və əlillərinin adından sui-istifadə edənlərin cəzalandırılmasını tələb edib. O, sosial mediada bununla bağlı paylaşım edib və 20 Yanvar iştirakçılarını və əlillərini diqqətli, ayıq-sayıq olmağa çağırıb: “20 Yanvar hadisələri xalqımızın tarixində faciəli və qəhrəmanlıqlarla dolu bir hadisədir. Zaman-zaman bu hadisədən kimlərsə öz şəxsi mənafeləri üçün istifadə etməyə çalışmışdır. Son dövrlərdə baş verən hadisələr, 20 Yanvar şəhid ailələrinin etiraz aksiyalarına cəlb olunması “20 Yanvar” İctimai Birliyinin sədri, xalqımızın azadlığı, müstəqilliyi uğrunda aparılan mübarizədə yaralanaraq 2-ci dərəcəli əlil olan şəxs kimi məni də narahat edir. İlk vaxtlarda bu aksiyalara münasibət bildirmək istəməsəm də, bu prosesin xroniki hal alması bir daha sübut edir ki, kimlərsə 20 Yanvar şəhid ailələri və əlillərinin qarşılaşdığı bəzi problemlərdən öz şəxsi mənafeləri üçün istifadə etməyə çalışır və şəhid ailələrinin kiçik bir hissəsini bu aksiyalara cəlb edə bilir. Ədalət naminə demək istəyirəm ki, şəhid ailələri və əlillərin bir sıra problemləri var və bu problemlər öz həllini tapmalıdır. 20 Yanvar hadisələri xalqımızın azadlığı və müstəqilliyi uğrunda aparılan mübarizədə və onun qazanılmasında önəmli rol oynadığı kimi bu gün də 20 Yanvar şəhid ailələri və əlilləri ilə bağlı imzalanan fərman və sərəncamlar, qəbul olunan qanunlar, 20 Yanvar adından keçirilən aksiyalar dövlətimiz üçün xüsusi önəm kəsb edir. Hesab edirəm hansısa bir problemin hansısa məmur tərəfindən həll olunmaması, hansısa qanunlarda olan boşluqlar elə bir ciddi əsas vermir ki, müntəzəm olaraq 20 Yanvar şəhid ailələri adından xalqımızın və dövlətimizin adına ləkə gətirəcək aksiyalar təşkil edilsin. Ümid edirəm qısa vaxt ərzində müvafiq orqanlar tərəfindən bu məsələ ilə bağlı lazım olan tədbirlər həyata keçiriləcək və 20 Yanvar şəhid ailələrinin, əlillərinin eyni zamanda dövlətimizin adına ləkə gətirənlər öz layiqli cavabını alacaqlar”.
"20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması" İctimai Birliyinin sədr müavini Almara Nəbiyeva da Maral Qocamanın əməllərindən şikayət ərizəsi yazıb. O, Maral Qocamanın sədrliyə keçəndən sonra təşkilatın möhürü ilə törətdiyi bütün saxtakarlıqların araşdırılmasını tələb edib.
Qeyd edək ki, Ədliyyə Nazirliyində yeni rəhbərlik QHT-lərlə iş sahəsində ciddi intizam yaradıb, şantajla, fırıldaqla, saxta üsullarla Nazirliyin iradəsinə təsir göstərmək mümkünsüz olub. Maral Qocamanın sədrlik müddəti bu ilin mayında bitsə də, Nazirlik təqdim olunan sənədlərdə problemlər aşkarladığından yeni İdarə Heyətini reyestrdən keçirməyib. Beləliklə, Maral Qocaman hazırda "20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması" İctimai Birliyinin sədri deyil, bu addan istifadə etməsi ciddi qanun pozuntusudur.
Qrant dəllal və dələduzları üçün meydan daralır
Ümumiyyətlə, son dövrlər QHT-lərlə iş sahəsində neqativ irsdən təmizlənmə vüsət alıb, QHT sektorunda təşəbbüskarlıq, ictimai nəzarət, hesabatlılıq, şəffaflıq, ixtisaslaşma xeyli dərəcədə yüksəlib. Bu yaxınlarda Zəngilanda “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu”nda Prezident Administrasiyasının nümayəndəsinin mesajı da aparılan islahatların dərinləşdiriləcəyinə işarədir: “Hiss olunur ki, QHT fəaliyyətində əmək sərf etmiş, peşəkar, QHT fəlsəfəsinə sadiq insanlar özləri elə bir mühit yaranmasına kömək ediblər ki, işbazlar, heç bir sektorda uğur qazana bilməyib özünü burada sınamağa çalışanlar, cılız ambisiyaların əsiri olan təsadüfi şəxslər, reketliklə məşğul olanlar, qrant dəllal və dələduzları, iftira pərgarları üçün meydan sürətlə daralır. Sağlamlaşdırma tədbirləri qarşıdakı dövrdə daha da dərinləşdiriləcək, bu sahədə hüquqi alətlər işə düşəcək. QHT sektoruna asan qazanc üçün gələnləri, köhnə əyyamların xiffəti ilə yaşayanları bundan sonra da məyus etməli olacağıq”.
Sirr deyil ki, bir sıra xarici dairələr hər fürsətdə qəsdən yad, zərərli ideoloji fikirlər yaymaqla, Azərbaycanda güclü olan ənənəvi milli-mənəvi dəyərləri, yüksək vətənpərvərlik hisslərini zədələməyə çalışır. Onların əsas məqsədlərindən biri də şəhid ailələrini mümkün qədər müxtəlif adlar altında etiraz aksiyalarına cəlb etmək, dövlətdən narazı salmaqdır. Görünür, Maral Qocamanın “tora salmaq” istədiyi bir sıra şəxslər də məhz məlumatsızlıqdan onun kimliyinə fikir verməyib, bu şəxsin atasının 20 Yanvar şəhidi olmasına görə dərinə getməyiblər. “SSRİ sevgisi”ni gizlətməyən Maral Qocamanın xarici dairələrin əlində alət kimi istifadə edilməsi ehtimalı da diqqətlə araşdırılmalıdır.
Fotoları təqdim edirik
QEYD: Bütün maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq!
TEREF