Naxçıvanda müəllimlərdən illik tibbi yoxlama üçün qanunsuz 60 manat tələb edirlər

14-10-2024, 12:06           
Naxçıvanda müəllimlərdən illik tibbi yoxlama üçün qanunsuz 60 manat tələb edirlər
Naxçıvanda illik tibbi yoxlanışdan keçmək istəyən müəllimlərin hər birindən qanunsuz olaraq, 60 manat tələb olunur. Müəllimlər bildirirlər ki, Naxçıvan Gigiyena və Epidemiologiya Mərkəzində müayinə zamanı onların tibbi sığortası nəzərə alınmır. Şikayətçilər hesab edirlər ki, xəstəxana rəhbərliyi həm sığortadan, həm də onlardan pul almaqla, ikiqat qazanc əldə edib, yarısını ciblərinə qoyurlar.
Şərur rayon orta məktəblərinin birində dərs deyən müəllim S. Xəlilov deyir ki, haqqını tələb edənlərin işini elə çətinə salırlar ki, məcbur olub tələb olunan pulu ödəsin:
“Mən inada düşüb, 3 dəfə getdim, yenə xeyri olmadı. Sığorta adını çəkən kimi, o qapı sənin, bu qapı mənim edib, bezdirirlər. Ötən ay bir qrup müəllimlə gəlmişdik, sığortanı nəzərə almadan hərəmizdən 60 manat istədilər. Çoxu get-gələ salınacaqlarını bilib, tələb olunan pulu verdilər. Məni isə, pul vermədiyim üçün işimi çətinə saldılar. Hansı qapıya göndərdilərsə getdim, müxtəlif bəhanələr gətirib, müayinə etmədilər. Lakin, pul verənləri dərhal yola salırlar. İki dəfə gəldim, eyni vəziyyətlə üzləşdim. Üçüncüdə məcbur olub, ödədim. Çünki, işimə davam etmək üçün arayış tələb olunurdu”.
Naxçıvan şəhərindən olan başa bir müəllim Natiq Hüseynov iddia edir ki, onlardan alınan artıq pul yerli səhiyyə və təhsil nazirlikləri rəhbərləri arasında bölüşdürülür:
“Bu necə ölkədi, başa düşmürük. Sığorta ola-ola niyə müayinə üçün pul ödəməliyik. Bilirlər ki, işimizi davam etmək üçün onların verdiyi sağlamlıq haqqında arayışdan asılıyıq. Bilirlər ki, tələb etdikləri pulu vermək məcburiyyətindəyik. Hara şikayət etsək də, nəticəsi olmayıb. Nə Səhiyyə, nə də ki, Təhsil Nazirliyi cavab vermək istəyir. Bizdə olan məlumata görə, hər iki nazirlik bu məsələdə əlbirdir və bizdən alınan qanunsuz pullları ciblərinə qoyurlar“.
Gündəlik Naxçıvan












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.