Kon sürücüsü Neftçala Suvarma İdarəsindən 154 minlik tender uddu – Antinhisarın işidi, deyirlər
15-10-2024, 09:49
Neftçala Suvarma Sistemləri İdarəsi Qırmızıkənd B-3 (LRN-100) nov kanalının (PK27+78 – PK22+18) L=1,080 km üzərindəki qurğularla birlikdə əsaslı təmiri üzrə bir mənbədən satınalma metodu ilə keçirdiyi tenderdə “ALİBƏY” Məhdud Məsuliyyətli Cəmiyyətini qalib seçib və 154.999,05 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumatı 06.10.2024-cü ildə dövlət satınalmalarının vahid internet portalına yerləşdirib.
Aktualinfo.org Neftçala Suvarma Sistemləri İdarəsi qalib seçdiyi MMC ətrafında araşdırma apardı. Məlum oldu ki, “ALİBƏY” (VÖEN 5502156611) Məhdud Məsuliyyətli Cəmiyyəti Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsində 06.06.2024-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı İMİŞLİ RAYONU, MƏZRƏLİ, , ev 0-da yerləşir. MMC-nin qanuni təmsilçisi Əliyev İlham Zöhrab oğludur.
Qeyd edək ki, Neftçala Suvarma Sistemləri İdarəsinin Satınalma Komissiyası “Dövlət Satınalmaları Haqqında” Qanununun tələblərini elə bir mənbədən satınalma metodu ilə keçirdikdə pozub. Sözügedən qanunun 49-cu maddəsinə görə: 49.1.1. satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; 49.1.2. satınalma predmetinə təcili tələbat yarandıqda.
Göründüyü kimi Neftçala Suvarma Sistemləri İdarəsi satınalmanın təşkilindən cəmi üç ay əvvəl dövlət qeydiyyatına alınmış, xüsusi hüquqlara malik olmayan bir MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da satınalmanın saxtalaşdırıldığına əsaslı şübhələr yaradır.
Bundan əlavə Neftçala Suvarma Sistemləri İdarəsinin Satınalma Komissiyası satınalma proseduru zamanı Nazirlər Kabenitinin 30 dekabr 2023-cü il tarixli Qərarı ilə müəyyən edilmiş uyğunluq göstəricilərini nəzərə almamış, “ALİBƏY” MMC-nin satınalma müqaviləsinin icrası üçün peşəkarlıq və təcrübə meyarını, oxşar analoji xüsusiyyətli (Sututarın üzərində konstruktiv və mürəkkəblik baxımından oxşar hidrotexniki qurğuların əsaslı təmir-bərpası, su hövzələrinin, su anbarlarının) işlərin görülməsi təcrübəsinin olmamasını nəzərə almamış, satınalma müqaviləsinin icrası üçün texniki imkanlarının və maddi-texniki bazasının olması meyarı üzrə nəqliyyat vasitələri və xüsusi texnikaları, “işçi qüvvəsi” meyarları ilə bağlı tələblərə uyğun olmadığı açıq aydın görsənməkdədir.
Belə olan halda suallar yaranar. Neftçala Suvarma Sistemləri İdarəsi üç ay əvvəl dövlət qetdiyyatına alınmış bir MMC ilə bir mənbədən satınalma metodu ilə keçirilən tenderdə iştirakına necə yol verib? Neftçala Suvarma Sistemləri İdarəsinin Satınalma Komissiyası satınalma müqaviləsi bağlayarkən “ALİBƏY” Məhdud Məsuliyyətli Cəmiyyətinin uyğunluq göstəricilərini nə üçün dəqiq araşdırmamış, MMC-nin tələblərə cavab vermədiyinə niyə göz yummuşdur? Suvarma İdarəsi”ALİBƏY” MMC-nin maliyyə imkanları və ödəmə qabiliyyəti, müvafiq sahədə peşəkarlığı və təcrübəsi, işçi qüvvəsi olmadığı halda MMC necə qalib seçib? Bütün bunlar MMC-nin təqdim etdiyi bir sıra sənədlərin saxtalaşdırıldığını deməyə ciddi əsaslar verirmirmi?
Bütün bu kimi suallara cavab almaq üçün Neftçala Suvarma Sistemləri İdarəsinin Satınalma Komissiyasına ünvanladığımız sorğu məktubu cavabsız qaldı. İdarənin baş mühasibi Elçin Gözəlov satınalmadan üç ay əvvəl yaradılmış MMC-nin bir mənbədən satınalma metodu ilə tenderin qalibi olmasına aydınlıq gətirə bilmədi, Antinhisar Dövlət Xidmətindən soruşmağımızı məsləhət gördü. Baş mühasib 154 min manat dəyərində sifariş verdikləri MMC-nin əlaqə vasitəsini də bilmədiyini dedi.
Açıq internet axtarış sistemləri üzərindən apardığımız araşdırmada Neftçala Suvarma Sistemləri İdarəsinin bir mənbədən satınalma metodu ilə 154 min manat məbləğində müqavilə bağladığı MMC -nin barədəsində heç bir məlumat əldə edə bilmədik. Mərkəzi Seçki Komissiyasının seçicilərin siyahısında “ALİBƏY” MMC -nin qanuni təmsilçisi Əliyev İlham Zöhrab oğlu İmişlı rayonu, Məzrəli kəndində daimi pasport qeydiyyatındadı, 1990-cı il təvəllüdlüdü.
İmişlidəki mənbələrimizdən əldə etdiyimiz məlumata görə Əliyev İlham Zöhrab oğlu İmişli Beton zavodun direktoru Bakir Əliyevin bacısı oğludur. Özü də hazırda Beton zavodda kon sürür. Çox güman ki, “ALİBƏY” MMC -nin əsl sahibi də Beton zavodun direktoru Bakir Əliyevdir.
Neftçala Suvarma Sistemləri İdarəsinin baş mühasibinin bilib, bizə bildirmək istəmədiyini biz axtarıb, araşdırıb tapdıq. Göründüyü kimi Neftçala Suvarma Sistemləri İdarəsi bir mənbədən satınalma metodu ilə keçirdiyi tenderdə kifayət qədər ciddi qanun pozuntularına yol verilib. Deyilənə görə bütün bunlara Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti yol verib.
Qeyd edək ki, Neftçala Suvarma Sistemləri İdarəsinin rəisi Elçin Ataş oğlu Əsədovdur. Onun bu vəzifədə nə vaxtdan çalışması barədə məlumat yoxdu. Amma sosial şəbəkələrdə və elektron mediada onun barəsində kifayət qədər geniş şikayətlər var.
Aktualinfo.org