Nazir “Bakı Univermağı”nı neçəyə icarəyə götürüb? – ŞOK AÇIQLAMA

8-06-2015, 17:18           
Nazir “Bakı Univermağı”nı neçəyə icarəyə götürüb? – ŞOK AÇIQLAMA
Səhmdar Vəzir Rəcəbovdan ilginc açıqlamalar
Iyunun 4-də məşhur “Bakı Univermağı” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının illik ümumi yığıncağı keçirilib.
Bu barədə “Bizim Yol” qəzetinə məlumat verən cəmiyyətin səhmdarı Vəzir Rəcəbovun sözlərinə görə, müəssisənin səhm-nəzarət paketinin sahibi 96.23 faiz səhmlə Rauf Hüseyn Soltan-Həmid oğlu iki il bundan əvvələ qədər həm də ASC-nin idarə heyətinin sədri imiş.
Yığıncaqda ASC-nin 2014-cü il üzrə maliyyə hesabatı təqdim olunarkən məlum olub ki, cəmiyyətin 2500 kv. m.-dən artıq sahəsi bütövlükdə yalnız bir şirkətə – “Italdizain Group”a icarəyə verilib. Qeyd edək ki, “Italdizain Group” 21 salon və butiki – “Idea”, “Creative System”, “WMF”, 2 “Villeroy & Boch” butik və salonu, “Glampire Time Pieces and Cewellery”, “Ambiance”, 5 “Swarovski” butiki, “Royal Collection”, “Royal Collection – Watches & Accessories”, “Yves Delorme”, “Baccarat – Bernardaud”, “Museum”, “Chopard”, “Carpets Boutique”, “Lladro”, “Rosenthal-Christofle-Herend”, iki “Eurodesign” və “Transeurocom” telekommunikasiya şirkəti, “ID Catering” keyterinq şirkəti və “Creacon” inşaat şirkətini özündə birləşdirən holdinqdir. Şirkətin web-saytında qrupun prezidentinin Elçin Zeynalov olduğu yazılır.
“Azadlıq”ın əldə etdiyi məlumata görə, “Italdizain Group”un faktiki sahibi gənclər və idman naziri Azad Rəhimovdur.
“Italdizain”nın “Bakı Univermağı”nda illik rəsmi icarəhaqqı 118219 manatdır. Səhmdara görə bu, cüzi bir məbləğdir. V.Rəcəbov: “Müəssisənin ümumi sahəsi 3000 kv.m.-ə yaxındır. Hökumət evinin yanında, şəhərin lap mərkəzində 2500 kv.m. sahə ayda cəmi 9851 manata icarəyə verilib. Bu rəqəmi ümumi sahəyə bölsək hər kvadrat 3 manat 94 qəpikdən düşür, heç 4 manat da eləmir. Dünən univermağın çevrəsində icarə qiymətlərilə maraqlandım. Icarədarlar kv.m. üçün icarə haqqının faktiki 100 manatdan başladığını söylədilər. Kağız üzərində necə olduğunu təbii ki, vergi orqanları bilir. Hətta 7-8 kv.m.-lik yerlər 1000 manatdır. 10-20 kv.m. olanlar da 1000-3500 manat arasında dəyişir. Sahənin böyüklüyünü nəzərə alıb qiyməti ikiyə bölüb 50 manatdan hesablasaq müəssisənin icarə haqqı aylıq 125 min, illik isə 1.5 milyon manat edər. 50 manat hara, 3.94 manat hara? Bunlar hansı maraqdan əmlakı dəyərindən 12 dəfə ucuz icarəyə verirlər? Elə bu qiymətə özümüz də səhmdar kimi oranı icarəyə götürüb işlədə bilərik.
Təbii ki, belə qiymətlə icarədən gəlir gözləmək real olmaz. Həmin məbləğdən də cəmiyyətin məxariclərini çıxandan sonra 2014-cü ilin yekununa görə 44076 manat mənfəət yaranıb. Bundan da müəyyən ödəmələr aparıb, yerdə 28208 manat xalis mənfəət qalıb. O boyda böyük univermaq 1 ildə bir köşkün verdiyi gəliri götürüb. 17 ildir ki, bu cəmiyyət mənfəətini gizlədib, səhmdarlarına dividend verməyib. 96,23 faizlə əsas payçı müxtəlif yolla uzun illər gəliri bizdən gizlədib. Sonda elan olundu ki, 17 il ərzində cəmiyyətin 279 min manat xalis mənfəəti olub. Belə çıxır ki, ASC-nin illik qazancı cəmi 16400 manatdır. Halbuki bu illər ərzində qanunla işləsəydilər 25 milyon manat gəlir götürərdilər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.