Zakir Fərəcovu qətlə yetirilən bələdiyyə sədri ilə nələr bağlayırdı – ŞOK FAKTLAR
10-06-2015, 23:24
İyunun 7-də axşam Saray bələdiyyəsinin sədri, 39 yaşlı Vəsilə Həsənovanın və onun həyat yoldaşı Vəfadar Həsənovun qətli ilə bağlı ilginc faktlar üzə çıxıb. Bu haqda məlumat hər iki şəxsi qətlə yetirən 35 yaşlı Fədail Hüseynovun dünən keçirilən məhkəmə iclasında açıqlanıb.
Məlum olub ki, Fədailin indiyədək açıq qalan 3 cinayət işi olub. O, Vəsilə Həsənovanın həm sürücüsü olub, həm də onun tapşırıqlarını yerinə yetirib. Eyni zamanda bu dəhşətli qətldə torpaq satışı amilinin rol oynaması Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun da adını dolayısı ilə bu işə bağlayan məqamlar ortaya çıxarır.
Əvvəla məlub olur ki, Fədail bir vaxtlar Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun bacısı Nərgiz xanımın da sürücüsü işləyib, ta son günlərə qədər isə həm o, həm də qardaşları Abşeron rayonunda, xüsusən də Saray qəsəbəsində torpaq satışı məsələsində Z.Fərəcovun Abşeron rayon İcr Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsində işləyən bacısı oğlu Elgiz Fərəcov və qətlə yetirilən bələdiyyə sədri ilə əlbir işləyiblər.
Bu həmin Elgiz Fərəcovdur ki, ötən il mətbuatda onun hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığına dair məlumatlar yayılmışdı.
Həmin məlumatlarda bildirilirdi ki, onun həbsinə səbəb qeyri-qanuni torpaq satışı təşkil etməsi və bu zaman başqasının etibarından sui-istifadə etməsi olub.
Edilən şikayət əsasında həyata keçirilən əməliyyat təbiri nəticəsində həbs olunan E.Fərəcov dayısı Zakir Fərəcovun müdaxiləsi nəticəsində bir müddət sonra sərbəst buraxılıb.
Z.Fərəcov bu hadisənin onun nüfuzuna və gəlcək planlarına zərbə vuracağından narahat olaraq E.Fərəcovu həbsdən qurtarıb.
Həbsdən çıxan E.Fərəcov isə əvvəlki əməllərini dava etdirib və Abşeronda torpaq biznesinin əsas fiqurlarından biri kimi onun icazəsi olmadan heç kim daşı-daş üstdə qoya bilməyib.
Baş verən dəhşətli qətl işində Z.Fərəcovun adının çəkilməsinin bir səbəbi isə bu il aprelin 29-da moderator.az saytında dərc olunan “Saray bələdiyyəsinin xanım sədri qoçu dəstəsi saxlayır” sərlövhəli yazıdır. Şikayətçi Fikrət Məmmədovun məktubu əsasında hazırlanan həmin yazıda Saray bələdiyyəsində baş verənlərdən bəhs olunur. Torpaq alverində icra başçısı Zakir Fərəcovun qohumu Elgiz Fərəcovun, onun dostu kimi qatil Fədai Hüseynovun, qardaşı Vüqar Hüseynovun və Vəsilə Əbilhəsənovanın adları hallanır. Tamailə mümkündür ki, qətl torpaq mübahisəsi zəmnində baş verib. F.Məmmədovun moderator.az-da göndərdiyi məktubunda o prezidentə müraciətlə yazır: “Bələdiyyə sədri Vəsilə xanımın fəaliyyətini yoxlamaq kifayətdir ki, bələdiyyələrin vətəndaşların başına hansı oyunları açdıqlarını faktlarla müəyyənləşdirmək mümkün olsun. Vəsilə xanım uzun illərdir Saray bələdiyyəsi sədrinin müavini, indi də sədri seçilib. Xanım sədr torpaqları bölüşdürməkdə və satmaqda xüsusi mütəxəssisdir. Vəsilə xanım bu xüsusi qabiliyyəti sayəsində bu yaxınlarda Saray kəndində, “Şamlıq” deyilən ərazidə Abşeron rayonu İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin əməkdaşı Elgiz Fərəcovla əlbir olaraq əhaliyə paylanan 2 hektar pay torpağını öz sürücüsü Ziyadxanın adına sərəncam verərərək saxta yolla özəlləşdirdikdən sonra Elgizin yaxın dostları olan Vüqar və Fədai Hüseynov qardaşlarının əli ilə satışa çıxarıb. “İşgüzar” sədrin fəaliyyəti bununla bitmir. Xanım bələdiyyə sədri Elgiz Fərəcovla Hüseynov qardaşlarının əliylə qanunsuz silahlı dəstə saxlaması isə dəhşət doğurur. Bu dəstə kənd ərazisini gəzərək xoşlarına gələn torpaq sahələrinin sahiblərinə hədə-qorxu gəlməklə dəyərindən 2-3 dəfə aşağı qiymətə alırlar. Xanım sədr həmin torpaqları Elgizlə birlikdə saxta yolla sənədləşdirərək yenidən baha qiymətə satışa çıxarırlar. Nəticədə xanım sədr Saray qəsəbəsi ərazisində bir qarış da olsa boş torpaq qoymayıb. Xanım sədrin xeyir-duasıyla Elgiz və onun dostları Vüqar və Fədai qardaşları kənd ərazisində yerləşən “Üç qardaş” marketinin yanında bir hektardan artıq torpağı da zəbt edərək heç bir sənəd olmadan fərdi yaşayış evləri tikməklə ayrı-ayrı adamlara satır. Bundan əlavə Elgizlə Vüqar Saray ərazisindən keçən beton kanalı torpaqla dolduraraq satışa çıxarıb. Cənab prezident! Yuxarıda adlarını qeyd etdiyim insanların çirkin əməllərindən 20 aprel 2015-ci ildə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etdiyimizə görə 25 aprel tarixində Xırdalan şəhərində həmin qoçu dəstəsinin üzvləri Vüqar, Fədai və Nuru qardaşlarının başçılığı altında 8-9 nəfərlik dəstənin hücumuna məruz qaldıq. Onlar qəflətən mənim və yanımda olan bacımoğlunun, qardaşımoğlunun üzərinə hücum edərək bizi hədələdilər, üstümüzə bıçaq çəkərək ölümlə hədələdilər. Tələbləri də bu olub ki, adıçəkilən quruma etdiyimiz şikayəti geri götürməsək bizi ailəlikcə məhv edəcəklər. Xoşbəxtlikdən yaxınlıqda olan insanların köməkliyi ilə həmin quldur dəstəsinin əlindən qaçıb canımızı qurtara bildik. Bu barədə DİN-in 102 xidmətinə zəng etdik. Amma hələ də cinayətkarlar azadlıqda gəzərək bizi hədələməkdə davam edirlər. Möhtərəm prezident! Sizdən xahiş edirik ki, bu cür harınlamış məmurların saxladıqları qoçu dəstəsinin qəzəbindən bizim ailəni və Saray qəsəbə sakinlərini xilas edəsiniz”.
Bu arada gunxeber.com-a daxil olan məlumata görə, iki nəfərin qətli ilə bağlı istintaq işində bütün bu məqamların nəzərə alınacağı və araşdırmaların da məhz bu istiqamətdə gedəcəyi gözlənilir. Ehtimal olunur ki, qətl işinin materialları Abşeron Rayon Prokurorluğundan alınaraq Bakı Şəhər Prokurorluğuna veriləcək. Bu addımın işin Abşeron rayon Prokurorluğunda obyektiv araşdırılmasının qarşısının alınmasına ola biləcək təsirlərin aradan qaldırılması üçün atılacağı gözlənilir.
Göründüyü kimi Z.Fərəcovun adının bu dəhşətli qətl işi ilə bağlı gündəmə gəlməsini şərtləndirən çox ciddi məqamlar var və yəqin ki, həm icra başçısı, həm də onun yaxın ətrafı çox ciddi suallara cavab verməli olacaqlar.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.