Dəhşətli işgəncələrə məruz qaldığını bildirən Zaman Orucovun yaxınları Xaçmaz rayon prokurorluğu qarşısına toplaşdılar.
20-02-2017, 17:06

Bu gün səhər saatlarında yanvarın 22-dən 23-nə keçən gecə Xaçmaz rayon polis şöbəsinin rəis müavini Amil Tahirli, cinayət-axtarış bölməsinin rəisi Səxavət Abbasov və daha bir mülki geyimli polis əməkdaşı tərəfindən dəhşətli işgəncələrə məruz qaldığını bildirən Qusarçay kənd sakini Zaman Orucovun təxminən iyirmi nəfərədək ailə üzvü və yaxın qohumu Xaçmaz rayon prokurorluğu qarşısına yığışıb.Zamanın “Şimal xəbərləri” qəzetinin əməkdaşına verdiyi məlumata görə, onlar rayon prokurorluğunda aparılan araşdırmaların ləngidiyindən və konkret bir cavab olmamasından şikayətləniblər. Lakin prokuror səhər saatlarında işdə olmayıb. Bir qədər sonra işə gələn rayon prokuroru Elxan Əbdülrəhimov toplaşanlarla qısa danışıq aparıb və bildirib ki, iki gündən sonra bu məsələ barədə açıqlama veriləcək. Bundan sonra prokurorluq qarşısına yığışanlar evlərinə qayıdıblar.
Bu arada “Şimal xəbərləri”nin əməkdaşı Zaman Orucovla bağlı məhkəmə-tibb ekspertizasının rəyinin prokurorluqda olduğu barədə məlumat əldə edib. İnformasiyaya əsasən, rəydə Zamanın küt alətlə vurulduğu qeyd edilib. Bu məsələni müxbirimizə şərh edən məhkəmə-tibb eksperti Gündüz Tarverdiyev ətraflı məlumat verməsə də, bəzi nüansları açıqlayıb: “Mən nə yazıram ki? Yazıram ki, küt alətlə vurulub, tarixi budur, ağırlıq dərəcəsi budur. Ondan sonra müstəntiq işi necə aparacaq, düz aparacaq, düz aparmayacaq mənə aid işlər deyil. ” Rəyin çoxdan prokurorluğa göndərildiyini bildirən ekspert Zamanın küt alətlə vurulmasını konkret olaraq nə təsdiq, nə də təkzib etməsə də deyilənlərə onu da əlavə etdi ki, yumruq da, təpik də, kəllə də, daş da, kəsək də, ağac da küt alət sayılır.
Mövzuya qayıdacağıq.


