İlham Rəhimov haqqında ittihamlar var
27-07-2015, 13:05
Rusiyanın “Banditskiy Peterburq” nəşri Putinin ötən əsrin 90-cı illərinin əvvəllərində Sankt-Peterburq meriyasında vəzifə tutarkan hansı qaranlıq işlərlə məşğul olduğuna dair kompromatları yayıb.
Virtualaz.org saytı xəbər verir ki, dosyedə Putinin tələbəlik dostu, Azərbayanda “İlham Putinka” kimi tanınan İlham Rəhimovun da adı keçir. Özü də nadir metalların qaçaqmalçılığı işi üzrə...
Nəşr yazır ki, KQB polkovniki Putin ilk böyük vəzifəsini 1991-ci ilin yayında alıb. Həmin il iyunun 12-də Sobçakı Peterburq meri seçiblər. İyunun 28-də isə o, Putini meriyanın xarici əlaqlər komitəsinin sədri təyin edib. Daha sonra bu vəzifəni merin beynəlxalq əlaqələr üzrə müavini adlandırıblar. Və qeyd etmək lazımdır ki, Putin belə beynəlxalq əlaqələri çox tezliklə yarada bilib.
“O vaxtlar çətin zamanlar idi, mağazalar boş idi, insanlar ərzaq üçün növbələrdə dayanırdı və Qərb SSRİ-yə humanitar yardımlar göndərirdi. Bu vaxt Putin belə ideya irəli sürdü ki, şəhərə dövlət ehtiyatlarından bir neçə partiya xammal (neft məhsulları, alüminium, meşə materialları, nadir metallar və s. ) ayırsınlar. Xammalı xaricə satmaq və əldə edilən pula Peterburq sakinlərinə gündəlik tələbat malları almaq nəzərdə tutulurdu”- deyə “Banditskiy Peterburq” yazır.
Nəşr daha sonra yazır ki, Moskva Putinin təklifinə dəstək verir və Putin xammalı ən layiqli namizədlər arasında bölüşdürür. Lisenziyalar verir, gömrük məsələlərini həll edir. Namizədlər isə özgəsi deyildi. Məsələn, 150 min ton neft məhsullarının satışı Putinin dostları Gennadi Timçenkoya və Vladimir Smirmova həvalə edilir.
Sitat: “Timçenko KQB-çi idi, Smirnov isə kriminal “Tambov qruplaşması”nı təmsil edirdi. Rəngli metalları isə xaricə Vladimir Yakunin və Yuri Kovalçuk (Yakunin hazırda “Rusiya Dəmir Yolları”nın, Kovalçuk isə “Bank Rossiya”nın rəhbəridir. Lakin ən “krutoy” vasitəçi nadir metalların satışı üçün seçilmişdi-hansısa Rəhimov C.M.-nin adına olan “Cikop” birgə müəssisəsi”.
“Banditskiy Peteburq” xatırladır ki, Rəhimov Cahangir Məmmədhəsən oğlu Putinin tələbəlik dostu İlham Rəhimovun qardaşıdır. Onlar Putinlə bir qrupda oxumuşdular, cüdo ilə birgə məşğul olmuşdular: “İlham Rəhimov azərbaycanlı, (daha dəqiq desək, dağ yəhudiləri) diasporunun görkəmli xadimidir, Moskvadakı “Sadovod” bazarının sahiblərindən biridir. Moskvadakı “Çerkizovsk” bazarının dağıdılmasından sonra onun yerini tutub. 2013-cü ildə İlham Rəhimov Bakıda “fəlsəfi düşüncələrindən” ibarət “Cinayət və cəza” adlı kitabının təqdimatını keçirib. Mərasimdə Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin və digər tanınmış şəxslər iştirak edib”.
Nəşr qeyd edir ki, Cahangir Rəhimovun firmasına (əslində bu firmanın arxasında İlham Rəhimov özü dayanırdı) xaricə nadir metallar (sirkonium, niobium, skandium və s.) satmaq həvalə edilmişdi.
Dosyedən sitat: “1991-ci il idi, fəlsəfə haqda fikirləşməyin yeri deyildi. Metal satışı vasitəçilər üzərindən gülməli qiymətlərə həyata keçirilirdi. Məsələn, 7 kq skandium kiloqramı cəmi 50 dollardan Almaniyaya satılmışdı. Həmin vaxt bu metalın kiloqramının dünya bazarında qiyməti 100 min dollara yaxın idi.
Bu cür aşağı qiymətə təkcə skandium yox, digər qiymətli xammal da satılmışdı. Lisenziyanı isə Putinin xarici əlaqələr komitəsi verirdi. O vaxt həmin əməliyyatlar nəticəsində 100 milyon dollardan çox vəsait hansısa xarici hesablarda gizlədildi. Şəhər sovetinin deputatları, Marina Salyenin başçılıq etdiyi komissiya həyəcan təbili çalmağa başladı: Putin ac şəhər üçün nəzərdə tutulan pulları oğurlamışdı.
Qalmaqal başladı. Deputatlar bütün instansiyalara yazmağa başladılar, Putini vəzifədən kənarlaşdırmağı tələb etdilər. Lakin gözlənilmədən nüfuzlu adamlar - mer Sobçak, xarici ticarət naziri Pyotr Aven, baş nazir Yeqor Qaydar onu dəstəklədilər. Putinin verdiyi bütün lisenziyaları təsdiqlədilər, onun fəaliyyətində heç bir problem görmədilər. Yeltsin korrupsiyası bax belə başladı. Sonradan o, Putin kleptokratiyasına çevrildi”.
Xatırladaq ki, bu günlərdə RBC media qrupunun araşdırması İlham Rəhimovun Rusiyada miqrantlar haqda qaydaların sərtləşdirilməsindən sonra Azərbaycan və bəzi digər keçmiş sovet respublikalarından çörəkpulu dalınca gedənlərə sənəd verilməsi biznesinə girişdiyini yazmışdı.
“Oliqarx” kimi çağrılmasından xoşlanmayan, özünün barəsində bəzi yerli KİV-lərdə daha çox filosof, professor, elm adamı imici formalaşdırmağa çalışan bu qalmaqallı iş adamının barəsində əvvəllər digər korrupsiya faktları da Rusiya mətbuatında açıqlanıb.