“Nurgün”ün sahibi Nuru Əliyevlə qohumu arasında QALMAQAL

11-12-2017, 20:28           
“Nurgün”ün sahibi Nuru Əliyevlə qohumu arasında QALMAQAL
''Adi sürücüdə 145 min dollar hardandır?''

“Nicat” MTK-nın təsisçilərindən biri olmuş Kamaləddin Əliyev təsisçisi olduğu və özünün iddiasına görə 145 min dollar yatırım etdiyi şirkəti məhkəməyə verib. Nərimanov Rayon Məhkəməsi Kamaləddin Əliyevin iddiasını qismən təmin edərək onu təsisçilikdən çıxarıb, amma maddi təzminat tələbini rədd edib.

Bu barədə Meydan TV-yə şikayət edən Kamaləddin Əliyev bildirib ki, qərarla razılaşmır. “Mənim zəif tərəfim əlimdə heç bir sənədinin olmamasıdır. “Nicat” MTK “Nurgün Grup” MMM-nin tabeliyindədir. “Nurgün”ün sahibi Nuru Əliyev ilə qohumuq, uzun müddət bir yerdə işləmişik və buna görə yatırım qoyanda hər hansı sənəd tələb etməmişəm. Hazırda mənim qoyduğum yatırımı ziyana işləməyimizlə əlaqələndirərək vermir”.

K.Əliyev iki ildir məhkəmə yoluyla “Nurgün Grup” MMM-ə qarşı mübarizə apardığını deyir: “Nərimanov Rayon Məhkəməsi iddiamı qismən təmin etdi. Tələbimə əsasən, məni təsisçilikdən çıxardı. Amma hakimin mənə təzminatın verilməsi ilə əlaqədar tələbimi təmin etməməsi barədə qərarı gülüncdür”. O etiraf edir ki, tələbini əsaslandıran sənədlərə malik deyil, amma bununla belə qeyd edib ki, qarşı tərəfin də sənədləri yoxdur.

“Onlar hər şeyi ziyana bağlayırlar. Halbuki, bu mümkün deyil. “Nurgün Grup” MMM mənim bir tanışıma bir mənzili kvadrarını 1200 manatdan 900 manata endirib satıb. Belə qiymətə mənzil satılan binada ziyan ola bilərmi?”

K.Əliyevin digər bir iddiası Nəsimi Rayon Məhkəməsində “Universal-Təchizat” ASC-yə qarşıdır. Dediyinə görə, burada da eyni adamlardır. “Mənə 200 min dollar verməli olduqları halda cəmi 30 min manat ödədilər. Qalanını vəd etsələr də, vermədilər. Mənim həyat yoldaşımın imzasını istədilər, amma ödənişi tam etmədiklərindən yoldaşım qol çəkmədi. Sonra da hansısa yolla əmlakı öz adlarına keçirtdilər. Hazırda yoldaşım Nəsimi Rayon Məhkəməsində iddia qaldırıb”.

Qarşı tərəfin nümayəndəsi Oqtay Rüstəmov Kamaləddin Əliyevin iddialarının yalan olduğunu bildirib: “Kamaləddin Əliyev bizə qarşı 2 ildir məhkəmələrdə uduzur və söylədikləri də yalandır. O, heç zaman yatırım qoymayıb. Adi bir sürücü olan şəxsdə 145 min dollar hardaydı ki, yatırım da qoysun. Nəsimi Rayon Məhkəməsindəki iddiaya gəlincə, yoldaşına 30 min manat ödənilib, vəssalam. Ümumiyyətlə, onun danışdıqları yalandır. Ən əsası iddialarının əsassız olduğu məhkəmələrdə sübut edilib. Bu adam eyni iddiaları ilə məhkəmələrdə uduza-uduza gedir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.