Mikayıl Rəhimov Seçki Məcəlləsinə təklif olunan dəyişikliyə qarşı çıxdı
15-12-2017, 09:32

Mikayıl Rəhimov: “Seçici yoxlamağı kameraların ümidinə buraxmaq olmaz”; Fazil Mustafa: “Terror məqsədilə də kimsə seçki məntəqəsinə daxil ola bilər”
Azərbaycanda seçkilər zamanı seçki məntəqəsinin girişində seçicinin şəxsiyyətinin müəyyənləşdirilməsi və sənədlərinin yoxlanılması qaydası ləğv edilir. Bununla bağlı Seçki Məcəlləsinin 104-cü (Səsvermə qaydası) maddəsinin 7-ci bəndi ləğv olunur.Hazırda qüvvədə olan bənd isə belədir: “Məntəqə seçki komissiyasının bir üzvü seçki məntəqəsinin girişində dayanaraq məntəqəyə daxil olan vətəndaşların seçici vəsiqələrini, şəxsiyyət vəsiqələrini və ya şəxsiyyəti təsdiq edən digər sənədləri yoxlamalıdır”.
Layihə Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. Seçki zamanı bəzi hallarda şəxslərin “karusel” əməliyyatlarına cəhd etmələrinin, bir neçə məntəqədə səs verməyə çalışmalarının şahidi oluruq.
Bəs bu dəyişikliyə səbəb nədir?
Məsələ ilə bağlı “Yeni Müsavat” a danışan deputat Fazil Mustafa bildirib ki, məntəqələrdə kamera sistemi də var və bütün seçiciləri də ayrı-ayrı kameralardan müşahidə etmək mümkün olacaq: “Hər hansı bir şəkildə şübhəli məqam olduğu zaman vətəndaş, həmin videolentlərin göstərilməsini məhkəmədə sübut kimi tələb edə bilər. Burada da aydınlaşa bilər ki, seçkidə hər hansı bir şəkildə saxtakarlıq həyata keçirilməyib. Ancaq burada bütövlükdə bəndin tam şəkildə qadağan olunması doğru deyil. Çünki terror məqsədilə də kimsə seçki məntəqəsinə daxil ola bilər. Yəni şəxs üzərində başqa vasitələrlə də içəri daxil olmağa cəhd edər. Ona görə də şəxsiyyət vəsiqəsinin lazım olduqda tələb edilməsi, hər halda, ümumi faydalara uyğun şəkildə həyata keçirilməlidir. Burada söhbət seçicinin ”karusel" və ya hansısa formada müdaxiləsindən getmir. Söhbət terrorçuluğa qarşı diqqətli davranışdan gedir. Belə olarsa, məncə, daha məqbul variant tapıla bilər. Bütövlükdə isə bu dəyişikliklər bürokratik maneələrin ortadan qaldırılması üçün nəzərdə tutulur. Çünki hansısa şübhəli şəxsdən söhbət gedirsə, orada müşahidəçilər var və onların tələbi ilə bu şəxslərin yoxlanması nəzərdə tutulmalıdır. Milli Məclisdə müzakirələrdə də bununla bağlı fikrimizi səsləndirəcəyik".
Mustafa qeyd edib ki, xarici ölkələrdə göndərilən bülleten əsasında səs verilir:
“Bizdə də əslində seçicinin şəxsiyyət vəsiqəsindən çox ona göndərilən səsvermə bülleteni və ya çağırışından istifadə edilir”.
“Yeni Müsavat”a danışan Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov ilk olaraq qeyd edib ki, dəyişikliyi parlament etdiyi üçün nələrin dəyişdiyini də onlar bilirlər: “Səs verməklə, dəyişikliyi qəbul edirlər. Biz isə Mərkəzi Seçki Komissiyası olaraq qanunun tətbiqini təmin edən təşkilatıq. Hesab edirəm ki, Seçki Məcəlləsində edilən dəyişikliklər daha mütərəqqi tədbirlərin, ideyaların gerçəkləşməsi üçün imkan yaradan dəyişikliklər olmalıdır. O baxımdan da düşünürəm ki, bu dəyişikliklər də ümumi dövlətin maraqlarına xidmət edən işlər olacaq. Onların da tətbiqini Mərkəzi Seçki Komissiyası olaraq, təbii ki, biz həyata keçirəcəyik. İndi bu hansı formada olacaq, necə formalaşdırılacaqsa, bunu da qanun qəbul edildikdən sonra biləcəyik. İndiki mərhələdə hansısa təkliflər vermək düşünürəm ki, bizə aid olan məsələ deyil. Sadəcə olaraq, onu qeyd edim ki, seçkilərin keçirilməsi ərəfəsində qarşılaşdığımız problemlərlə bağlı mütəmadi olaraq mövqe ifadə etmişik. O cümlədən də parlament üçün də məsələlər qaldırmışıq ki, bizim ümumi işimizə nələr mane olur. Bunların düzəlməsi üçün də təkliflər vermişik. Gözləyək, müzakirələr bitsin və qanunun tətbiqi ilə bağlı mülahizələrimizi mətbuatla bölüşəcəyik. Ancaq konkret olaraq bu məsələ ilə bağlı biz parlamentə müraciət etməmişik. Hesab edirik ki, sonuncu keçirilən referendumdan sonra Seçki Məcəlləsində bir sıra maddələr dəyişilməlidir. Bunun da baş verməsini gözləyirik. Dəyişilməyə ehtiyacı olan kifayət qədər çox maddə var”.
Rəhimov bildirib ki, kameralar vasitəsilə tam nəzarəti həyata keçirmək mümkün deyil: “Açıqlanan məlumat tam deyil və buna görə də qiymətləndirmək olmur. Ancaq bütün hallarda Məntəqə Seçki Komissiyasının vəzifəsidir ki, məntəqəyə daxil olan insanların hansı subyekt qismində ora girməsini dəqiqləşdirsin, bununla bağlı müvafiq qeydiyyat aparsın və onun subyekt olaraq hüquqlarını həyata keçirməsinə şərait yaratsın. Necə həyata keçirilməsinin isə Seçki Məcəlləsində yolları göstərilib. Həmin yollardan biri, yəni daxil olanların sənədlərinin araşdırılması, yoxlanması məsələsi ləğv olunursa, bunun yerinə təbii ki, alternativ göstərilməlidir. Ancaq hazırda bu alternativ göstərilmir. Bəs komissiya bu maddədə göstərilən prosesi necə həyata keçirəcək? Kameralara gəlincə isə onlar bütün məntəqələrdə quraşdırılmayıb. Məntəqələrin cəmisi 20 faizində kameralar var. Onlar da məntəqənin çölünü deyil, içərini, səsvermə otağını çəkir. Məntəqəyə gələn adamların kimliyini dəqiqləşdirmək isə birbaşa olaraq Məntəqə Seçki Komissiyasının vəzifələrindən biridir. Bunu da kameraların ümidinə buraxmaq olmaz”.
Mərkəzi Seçki Komissiyasının keçmiş üzvü Akif Qurbanov isə dəyişikliyi doğru saymayıb: “Əvvəla, onu deyim ki, qanun layihəsinə dəyişikliklərin nələr olması bütöv şəkildə görünməlidir. Bu haqda isə heç bir məlumat yoxdur. Kompleks surətdə təkliflərin nə olmasını bilmirik. Məsələnin ikinci tərəfi də budur ki, açığı, dəyişiklik mənim üçün sürpriz olmadı. Vətəndaş cəmiyyətinə, siyasi institutlara münasibətdə məhdudlaşdırıcı siyasət davam etdiyi kimi seçki institutunu da bitirməyə çalışırlar”.