"Azərbaycan Bayrağı" ordenli qazi müalicəsi ilə bağlı çağırış etdi- VİDEO+FOTO
28-02-2018, 01:27

“Ailəliyəm, iki uşağım var. Yaşamağa nə evim, nə də bir yurdum var. Qardaşımın evinə sığınmışam. Uzun müddətdir ki, növbədəyəm, gözləyirəm. Acınacaqlı bir durumdayam. Müvəqqəti qaldığım evin ümumi sahəsi cəmi 28 kvadratmetrdir. Hazırda ailə üzvlərimlə bərabər həmin balaca otaqda yaşayıram. Mətbəxim də, hamamım da, yataq otağım da hamısı ordadır”.
Bu gün haqqında danışacağım adam birinci Qarabağ savaşının "tozqoparan şahin"lərindən olub. Savaşın ən qaynar çağlarından müharibəyə atılıb. Sözün əsl mənasında qəhrəmanlıqlarla dolu döyüş yolu keçib. Cəbhənin müxtəlif istiqamətlərində döyüşərək, erməni yaraqlılarının hücumunun qarşısını kəsib. İki dəfə yaralanıb. 1994-cü ilin mayın on birində - atəşkəs müqaviləsindən cəmi 24 saat əvvəl başından güllə yarası alır. Ağır yaralanır. Müalicə alaraq xidmətinə davam edir. Bir müddət sonra giliz-qəlpə yaraları canında gizildəməyə başlayır. İnsult keçirir. Bədəninin bir tərəfi iflic olur. İndi müalicə olunmağa imkanının olmadığını deyir. Aidiyyəti qurumlardan, imkanlı şəxslərdən onun müalicəsinə kömək edilməsini istəyir. Məncə, onun buna artıqlaması ilə haqqı çatır. Bilirəm, niyəsini soruşacaqsınız. Niyəsini onun özündən eşidəcəyik.
Bugünkü qəhrəmanımla tanış olaq, “Azərbaycan Bayrağı” ordenli Şirinov Elçin Ramazan oğlu və ya qısaca olaraq Elçin Şirinov.
E.Şirinov deyir ki, 1992-ci ilin iyun ayında Şəki Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılır. İlk döyüş yolu Xocavənd istiqamətində olur. Xocavənd rayonundakı qanlı döyüşlərdə iştirak edir. Onun xidmət etdiyi tabur qeyri-bərabər döyüşlərdə düşmənə ardıcıl tutarlı zərbələr endirir, düşmən geri çəkilməyə məcbur olur:
“Qubadlıda, Laçın koridorunda, Zəngilanda döyüş yolu keçmişəm. Keçdiyim döyüş yolu daha çox Füzuli rayonu ilə bağlıdır. 1993-cü ildə düşmənin iki tank və bir ədəd “BTR-2”ni vurmuşam. Sonra 14 maşınlıq düşmən kalonunu darmadağın etmişəm. Bütün bunlara görə, 1993-cü ilin 14 dekabrında ölkə prezidentinin 59 saylı fərmanına əsasən "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşam”.
Canı, cüssəsi, öz zirəkliyi ilə hərbçi yoldaşları arasında seçilən Elçin birinci Qarabağ müharibəsinin bitməsinə 24 saat qalmış başından güllə yarası alır. Buna baxmayaraq, qısa müalicədən sonra xidmətinə davam edir. Sonra ikinci dəfə güllə yarası alır. Bu dəfə ayağından yaralanır:
“İlk dəfə 1994-cü ilin mayın on birində başımdan güllə yarası aldım. Cəmi bir gün sonra atəşkəş imzalandı. Bir də 1995-ci ilin yanvar ayında ayağımdan yaralandım. Ayağımdakı da güllə yarasıdır. 1996-cı ilin yayında ordudan təxris olunmuşam. Açığını deyim ki, 2006-cı ilə qədər səhhətimdən şikayətim olmayıb. Elə həmin ildən şiddətli ağrılarım başladı. Sol tərəfim fasiləsiz ağrımağa başladı. 2010-cu ildə isə sol tərəfim işləmədi. Həmin vaxt ikinci qrup Qarabağ əlili kimi pensiyaya çıxdım. Ağrılarımın ilkin mərhələsində müalicəmin xərclərini aldığım pensiya ilə qarşılayırdım”.
Elçin Şirinov müsibətli günlərinin də məhz bu dövrdən sonra başladığını deyir:
“Elə olurdu ki, hər ay, bəzən də üç aydan bir müayinəyə gedirdim. Müalicə götürürdüm. 2016-cı ildə beyin insultu keçirdim. Sol tərəfim təmiz iflic oldu. Sol tərəfdəki əl və ayağım işləmədi. Sağ tərəfdəki gözüm kor, qulağım isə kar oldu. Başımın bir tərəfi işləmədi. Ondan sonra Şəki Rayon Mərkəzi Xəstəxanasında öz hesabıma silsilə müalicə almağa başladım. Bir müddət sonra məni Bakıdakı Topçubaşov adına Mərkəzi Respublika Xəstəxanasına yazdılar. On beş gün də orada müalicə almışam. Danmaq lazım deyil, sağ olsunlar, pulsuz müalicə aldım. Sonra Zərifə Əliyeva adına Göz Klinikasına göndərilmişəm. Orada da əməliyyatımı pulsuz etdilər. Gözümdə ağrı əmələ gəlmişdi. Xəstəliklə əlaqədar əlavə problemlər yaranmışdı. Həmin ağrıları aradan qaldırdılar. Keçən ilin dekabr ayında səkkiz gün “respublikanski” xəstəxanada məcburən saxladılar”.
Müsahibim deyir ki, axırıncı müalicəsini də elə həmin vaxt alıb. Ondan sonra müalicəsini davam etdirmək üçün maddi vəziyyətinə görə heç yerə gedə bilməyib:
“Çünki buna maddi imkanım yoxdur. İndi ağrılar daha da şiddətlənib. Müalicəmi davam etdirməyə məcburam. Amma özəl klinikadır. Pul lazımdır. O imkan da məndə yoxdur. Maddi durumum çox aşağıdır. Sosial problemlərim çoxdur. Özəl klinikaların da hamısı pulludur. Sağ olsunlar, bizim Əlillər Cəmiyyəti “respublikanski” xəstəxanaya gətirdilər. Onlardan başqa maddi yardım edən olmayıb. Mart ayının beşində özəl xəstəxanaların birində qəbula yazılmışam. Gedəsiyəm. Müayinə pulu 340 manatdır. Kimə nə qədər pul ödəyəcəyimi öyrənmişəm. Yoxlatmağa, həkimə nə qədər verəcəyimi öyrənmişəm. Müayinədən sonra hansı diqanoz qoyulacaq, xəstəliyim nə olacaq, müalicəyə nə qədər pul lazımdır - onlardan xəbərim yoxdur. Müayinədən sonra bəlli olacaq. Amma indiki durumda həmin 340 manatıbelə tapıb müayinəyə getməyə mənim imkanım çatmır”.
“Azərbaycan Bayağı” ordenli Elçin Şirinov indiyə qədər Heydər Əliyev Fonduna və digər aidiyyəti qurumlara müraciət etmədiyini deyir. Həmsöhbətimin sözlərinə görə, o, həmin qurumlara hansı qaydada müraciət edilməsini bilmədiyi üçün indiyə kimi sorğu göndərə bilməyib.
Ümid edirik ki, Qarabağ müharibəsində düşmənin 14 maşınlıq eşalonunu darmadağın edən cəngavərimizin ürək ağrıdan bu çağırışı aidiyyəti qurumların “sarı sim”inə toxunacaq. Onun səsinə səs verəcəklər. Unutmayaq ki, qazi bir əsgərin sağlamlığına diqqətsizlik, didilmiş Vətən torpağının yarasının qərtməyini qoparmağa bənzəyir. Vətənin qaysaqlamış yarasını yenidən qoparmaq istəmiriksə, jurnalist yazısı, aidiyyəti qurumlar yardımı, imkanlı şəxslər öz diqqəti ilə bir cüt nuri-didə obyektivlərini qazilərimizin çağırışına yönətməlidir.
Bir daha xatırladıram, 1993-cü ildə düşmənin iki tank və bir ədəd “BTR-2”ni vurmuş, sonra 14 maşınlıq düşmən kalonunu darmadağın etmiş və hazırda iki uşaqla qardaşının 28 kvadratmetrlik evinə sığınan Elçin Şirinov nəinki 5-6 min manatlıq müalicəsinin pulunu ödəyə bilmir, hətta imkanı 340 manatlıq müayinə puluna belə çatmır... Vətən qazilərdən başlayır, cənablar. Daha doğrusu, canını, bədəninin bir hissəsini indi gedə bilmədiyi Qarabağda qoyub gəlmiş qazilərdən... Onları rəngli kölgəyə, ciblərindən “üşüməyə” qoymamalıyıq. Yox, pafos deyil, bu sadəcə, bir jurnalist yanğısıdır. (hafta.az)



