"Məcburi köçkün kimi ümidim cənab Prezident İlham Əliyevədir" - Laçın köçkünündən şikayət

31-08-2015, 12:08           
"Məcburi köçkün kimi ümidim cənab Prezident İlham Əliyevədir" - Laçın köçkünündən şikayət
Ağcabədi rayonu Aşaği Avşar kəndində məskunlaşib yaşayan Laçin rayonundan məcburi köçkün Rüstəmov Akif Əliş oğlu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət edib. Dia.az həmin müraicəti olduğu kimi təqdim edir:

"2014-cü ilin oktyabr ayının 20-də Ağcabədi rayonunun Aşaği Avşar kəndi ərazisində tanıdığım, qabaqcadan əlbir olan 5 nəfər tərəfindən qəsdən vəhşicəsinə döyülüb ağır xəsarət almışam. Ağir xəsarət almağım ekspert rəyləri ilə də təsdiq olunub. Lakin Ağcabədi rayon polis idarəsinin təhqiqatçıları və müstəntiqləri bu ağir cinayəti ört-basdır etməyə çalışaraq, 2 dəfə cinayət işi açılmasının rədd edilməsi haqqında qanunsuz qərarlar qəbul etmişlər. Mənim şikayətlərim nəticəsində bu qərarlar qanunsuz və əsassız hesab edilərək ləğv edilmiş, nəhayət, çoxsaylı şikayətlərimdən sonra 22 aprel 2015 ci il tarixli qərarla faktla bağlı Azərbaycan Respublikasi CM-126.1 maddəsi ilə cinayət işi açılmışdır. İş üzrə zərərçəkmiş şəxs kimi tanınmışam. Lakin işin istintaqı obyektiv aparılmır. İndiyə kimi heç kim təqsirləndirilən şəxs qismində cəlb edilməyib. Rayon prokuroru Salman Səmədov və işi aparan polis müstəntiqi Rüfət Məmmədov isə kabinetində həmin şəxslərlə çay içir və mənə deyir ki, “onlarla barış, səni döyən və xəsarət yetirən ruhi xəstə Rövşəndir”. Mən isə bildirirəm ki, “cinayəti bir ruhi xəstənin üstünə yıxmaq istəyirsiniz, həmin hadisə zamani Rövşən orada olmayıb”.

Bu hadisə zamanı ağır xəsarət almağımla əlaqədar müalicə almaq üçün 2014 cü ilin dekabr ayının əvvəllərində Bakı şəhərinə xəstəxanaya gedərkən 249 baş ana qoyunumu balaları ilə birlikdə Ağcabədi rayonu Qaradolaq kəndində yaşayan qonşumuz olan Ünsiyyət Baxışova etibar edərək xahiş etdim ki, bir neçə gün, yəni mən xəstəxanadan qayıdana kimi saxlasın. Çünki hər ikimiz İsrail adli şəxsin fermasinda qoyunlarımızı saxladığımıza və hər ikimiz Laçin rayonundan olduğumuza görə aramızda etibar var idi. Xəstəxanadan qayıdıb gələndə mənə məlum oldu ki,etibar edib saxlamağa verdiyim qoyunlarımdan 28 başı; yəni balalı və seçmə qoyunumu müvəqqəti saxlamağa etibar etdiyim Ünsiyyət Baxışov tərəfindən mənimsənilmiş, yəni satılmışdır. Hətta bu qoyunlardan birini Eldar adli şəxsin qoyunlarının içərisindən tanıyıb tapdım. Eldar mənə bildirdi ki, bu qoyunu 210 manat dekabr ayında Ünsiyyətdən almışdır. Mən bu barədə DİN-nin 102 xidmətinə mobil telefonumla zəng vuraraq məlumat vermişəm. Daha sonra isə Ağcabədi rayon polis şöbəsinə bu barədə yazılı ərizə vermişəm. Həmin ərizəmlə əlaqədar müstəntiq Rüfət Məmmədov, sahə müvəkkili Çərkəz və daha 2 nəfər polis əməkdaşi gəlib araşdırıblar. Tapilan qoyunumu Eldarda saxlayıblar. Bundan sonra müstəntiq Rüfət Məmmədov Ünsiyyət Baxişovdan yazılı surətdə qəbz alıb mənə verdi. Həmin qəbzdə Ünsiyyət Baxışov öz xətti ilə yazib ki, mənim qoyunlarımın əvəzinə 10 gün ərzində 5.000 manat pulu mənə ödəyəcəkdir. Bu iş də ötür-ötürə salınır, bir müstəntiqdən alinib o birinə verilir. 2 dəfə qanunsuz olaraq “Cinayət işinin açılmasının rədd edilməsi haqqında” qərarlar qəbul edilib. 28 baş balalı qoyunumun Ünsiyyət Baxışov tərəfindən mənimsənilməsi barədə ərizəm və 5 nəfər tərəfindən vəhşicəsinə döyülüb ağır xəsarətləndirilməyimlə əlaqədar CM-nin 126.1 maddəsi ilə başlanmış cinayət işi qeyri-obyektiv araşdırıldığına görə baş prokuror Zakir Qaralovu Tərtər rayonunda, həmçinin daxili işlər naziri Ramil Usubovun Bərdə şəhərində keçirdiyi qəbullara gedərkən Ağcabədi rayon prokuroru Salman Səmədov məni bu qəbullara getməyə qoymayıb yalvardı və Qurana and verdi ki, qəbula getməyim, qoyunlarımı alıb mənə verəcək. Cinayət işimi isə obyektiv istintaq edəcək. O, dönə-dönə Qurana and içdi. Mən də inanıb bu qəbullara getmədim. Ancaq baş polis müstəntiqi Elşən məndən xəbərsiz oğlumdan ərizə alıb ki, guya qoyunlarımız itibmiş onları tapmışıq. Hətta baş müstəntiq Elşən mənə təzyiq göstərirdi ki, ərizəm obyektiv araşdırıldığına görə qəbullardan könüllü imtina etməyim məzmunda Zakir Qaralova və Ramil Usubova teleqramlar vurum. Ancaq mən son anda bundan imtina etdim. Lakin bu günə kimi prokuror Salman Səmədov mənim qoyunlarımı alıb vermir. Ünsiyyət Baxışovla hər gün yeyib-içir. Məni döyənlər isə açıq-aşkar hər yerdə deyirlər ki, “25 min verib qurtarmışıq, 25 min də verib səni öldürüb qanını batırarıq”.

Hətta prokuror Salman Səmədovun qəbuluna getdikdə, kabinetində olduğu halda gizlənir. Sanki məni qəbul etməkdən qorxur. Elə vaxt olub ki, 3 gün rayon prokurorluğunun qabağında oturub onu güdərək binadan çıxmasina imkan verməmişəm. Məcbur olub məni bayırda dinləyib. Belə şəxsiyyətin sahibi olan bir kəs Ağcabədi rayon prokuroru vəzifəsində necə işləyir? Prokurorluğu xalqın gözündə nüfuzdan salan məhz belə prokurorlardır. Hörmətli cənab prezident! Xahiş edirəm, prokurora və polis müstəntiqinə yaraşmayan, cinayətkarlara havadarlıq etməklə məşğul olan, hüquq mühafizə orqanlarını hörmətdən salan bu hərəkətlərinə görə Ağcabədi rayon prokuroru Salman Səmədov və Ağcabədi rayon polis idarəsinin müstəntiqləri Rüfət Məmmədov və Elşən barəsində qanuni tədbir görəsiniz. Məni vəhşicəsinə döyüb bədən xəsarəti yetirən şəxslərin, həmçinin 28 baş balalı qoyunlarımı mənimsəyən Ünsiyyət Baxışovu cinayət məsuliyyətinə cəlb edilmələrini təmin edin. Bildirirəm ki, həmin döyülməyim nəticəsində aldığım xəsarətlərdən indi də əziyyət çəkir, müntəzəm müalicələr alıram. Məcburi köçkün kimi ümidim hər bir Azərbaycanlının Prezidenti olan Cənab İlham Əliyevədir".

Müraciətdə adları sadalanan şəxslərin də mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.