"Aqrolizinq" bəlası hələ də bitməyib - Qobustanda narazılıq var...
8-09-2015, 21:19
Artıq bir neçə müddətdir ki, redaksiyamıza daxil olan məlumatlarda yerli fermerlərin “Aqrolizinq” ASC Qobustan regional nümayəndəliyinin direktoru Həsənağa Hüseynovun fəaliyyətindən doğan ciddi narazılıqları öz əksini tapmaqdadır. Ötən saylarımızda biz həmin materiallar əsasında hazırladığımız bir neçə tənqidi materialla çıxış etmişdik. Həmin materiallarda da qeyd olunmuşdu ki, Qobustanda mövcud olan təbii şərait bu rayonda əkinçiliklə böyük ərazilərdə məşğul olmağa imkan vermir. Bununla belə rayon öz əhalisini maksimum səviyyədə taxılla təmin edə bilir. Həm də məhz əkinçilik Qobustan sakinlərinin ənənəvi məşul olduqları sahələrdən biridir. Statistik məlumatlara görə, rayonda hər il adam başına müntəzəm olaraq 1 tondan artıq taxıl istehsal olunur. Taxılçılıq əsasən dəmyə şəraitində becərilir. Lakin aldığımız açıqlamalarda qeyd olunur ki, “Aqrolizinq” ASC Qobustan regional nümayəndəliyinin qeyri-qənaətbəxş fəaliyyəti bu sahədə mövcud olan müxtəlif problemləri bir qədər də dərinləşdirir. Təəssüflər olsun ki, bu gün ümumiyyətlə “Aqrolizinq” ASC-nin bir çox rayon filiallarının fəaliyyəti yerli sahibkarlar və rayon ictimaiyyəti tərəfindən qeyri-qənaətbəxş kimi qiymətləndirilir. Halbuki, kənd təsərrüfatı məhsulları istehsalçılarının maddi-texniki bazasını möhkəmləndirmək, onlara aqrotexniki xidmətlər göstərmək, kənd təsərrüfatı texnikası, texnolojı avadanlıq, ehtiyat hissələri, mineral gübrələr, xəstəlik və ziyanvericilərə qarşı mübarizə preparatları ilə, tinglərlə, yüksək reproduksiyalı buğda toxumu və damazlıq heyvanlarla təmin etmək “Aqrolizinq” ASC-nin birbaşa funksiyalarına aiddir. Bu funksiyaların səmərəli şəkildə həyata keçirilməsi üçün isə, ASC-nin 55 rayonda təsərrüfat hesablı Aqroservis filialları və onların 100-dən çox mexanikləşdirilmiş dəstələri vardır. Redaksiyamıza daxil olan məlumatlarda isə Qobustan nümayəndəliyinin rəhbərliyi səriştəsizlikdə, işə məsuliyyətsiz yanaşma tərzində, cəmiyyətin fəaliyyət prinsiplərinin kobud şəkildə pozulması hallarına yol verməkdə ittiham olunur. Bildirilir ki, Həsənağa Hüseynov texnikanın fermerlərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması işində süni əngəllər yaradaraq vəziyyətdən şəxsi maraqlarının təminatı məqsədilə yararlanır. Mənbələr xəbər verir ki, rayonda lizinq yolu ilə texnika alan fermerlər texnikanın qiymətləndirilmiş məbləğlərindən əlavə rüşvət vermək məcburiyyətində qalırlar. Bu vəziyyət isə təbii ki, kənd təsərrüfatının inkişafına və ölkənin ərzaq təhlükəsizliyinin təminatına yönəldilmiş dövlət tədbirlərinin reallaşmasını əngəlləyən amillərin yaranmasına gətirib çıxarır. Həmçinin bir çox digər istiqamətlərdə də filialının fəaliyyəti yerli sahibkarlar və rayon ictimaiyyəti tərəfindən qeyri-qənaətbəxş kimi qiymətləndirilir. Qeyd olunur ki, nümayəndəliyin rəhbərliyi tərəfindən taxıl biçən kombaynlar sadə kənd sakinlərinin adlarına sənədləşdirilərək onlardan alınan yüksək kirayə haqqı 50% faiz azaldılır. Bundan sonra isə həmin texnikalar ya rayonda məmurların təsərrüfatlarına, ya da qonşu rayonlara yollanılır və Həsənağa Hüseynov hər bir texnikaya görə gündəlik təyin etdiyi haqqı alaraq mənimsəyir. Həmçinin məlumatlarda bildirilir ki, nümayəndəliyin fəaliyyətində korrupsiya hallarının daha çox yer aldığı istiqamətlərdən biri də gübrə, pestisidlər, xəstəlik və ziyanvericilərə qarşı mübarizə preparatları ilə təchizat xüsusundadır. İddialara görə, xüsusilə gübrə məhsullarının “qara bazara” çıxarılması məqsədilə fermerlər tərəfindən bu məhsulların alınması məqsədyönlü şəkildə əngəllənir. Bundan sonra isə Həsənağa Hüseynov bəzi yerli işbazlarla korrupsiya əlaqələrinə girərək, “qənaət olunmuş” azot gübrəsini onlara baha qiymətə satır. Büdcə vəsaiti hesabına alınmış məhsul beləcə “qara bazar”a çıxır, bürokratik əngəllərə görə fermerlərin bir çoxu onu elə buradan əldə etmək məcburiyyətində qalırlar...
Qarşı tərəfin də məsələyə münasibətini öyrənməyə hazırıq.