Əhmədzadənin işçiləri belə yeyir - İTTİHAM VAR
9-09-2015, 10:33
DİA.AZ xəbər verir ki, Kürdəmir rayonunda fəaliyyət göstərən Mollakənd Mexaniki Suvarma İdarəsinin fəaliyyətində yer almış çoxsaylı nöqsanlardan bəhs etmişdik. Qeyd etməliyik ki, bir müddət bundan əvvəl idarənin rəhbərliyində dəyişiklik olunmuşdur. Lakin aradan keçən müddət ərzində bu dəyişiklik heç bir müsbət nəticə verməyib. Bu xüsusda yeni aldığımız məlumatlarda bildirilir ki, Valeh Qaraşov hələ Qış Otaqlarını Suvarma İdarəsinin rəisi vəzifəsində ilşlədiyi vaxt 261 kilometr uzunluğunda R-5 diametrli su borularının, bir ədəd buldozerin və elektrik transformatorunun kənara satışını həyata keçirərək, əldə olunan külli-miqdarda vəsaitləri mənimsəmişdi. Təbii ki, onun bu fəaliyyəti hal-hazırda rəhbərlik etdiyi Mollakənd Mexaniki Suvarma İdarəsində davam etməkdədir. Bu xüsusda mənbələr bildirirlər ki, təxminən 7 ay əvvəl təyin olunduğu yeni vəzifədə Valeh Qaraşov ilk olaraq “maraq” göstərdiyi sahə, texnikaya ayrılan yanacağın mənimsənilməsi oldu. İddia olunur ki, idarə müdiri Ucarda yerləşən YSM bazasından daha çox yanacaq-sürtkü materiallarının alınması üçün idarənin qarajında duran və qətiyyən istismar olunmayan texnikaya da saxta yol vərəqələri yazdırır. Artıq alınan dizel yanacağı və digər materiallar isə müxtəlif yanacaq doldurma stansiyalarına satılır. Həmçinin məlumatlarda qeyd olunur ki, suvarma idarəsində dövlət vəsaitlərinin mənimsənilməsi məqsədilə “nağdlaşma” üsulu geniş tətbiq olunur. Bu zaman sadə, lakin çox effektiv sxemdən istifadə olunur. Belə ki, idarə guya ki, müxtəlif işlərin görülməsi üçün bir neçə özəl kiçik müəssisə ilə müqavilələr bağlayır. Lakin bu müəssisələr mahiyyət etibarı ilə heç bir iş görmürlər. Onların hesabına köçürülən pullar isə müvafiq vergilər tutulduqdan sonra nağdlaşdırılır və maxinasiyanın iştirakçıları arasında bölüşdürülür. Eyni maxinasiyalar idarəyə mal-materialların alınması zamanı da həyata keçirilir. Digər tərəfdən isə, idarəyə alınan malların müəyyən hissəsi bir çox hallarda ümumiyyətlə anbarlara daxil edilmədən kənara satılır. Məlumatlarda bu da vurğulanır ki, Valeh Qaraşovun daha bir gəlir mənbəyi kimi də idarənin balansında olan müxtəlif texnikanın müxtəlif fiziki və hüquqi şəxslərə icarəyə verilməsidir.Digər tərəfdən də yerli fermerlər hələ də Mollakənd Mexaniki Suvarma İdarəsinin fəaliyyətində çoxsaylı nöqsanların olduğundan şikayətlənirlər. Artıq qeyd olunduğu kimi bu idarə rayon ərazisində 23971 hektar əkin sahəsini suvarma suyu ilə təmin edir. Su nasoslar vasitəsi ilə Kür çayından götürülərək rayonun 30-dan çox kəndinin 35 min hektaradək ərazisinə verilir. İdarənin xidmət sahələrində ümumilikdə 568 km kanal, 47 nasos stansiyası, 82 hidrotexniki qurğu var. Yerli sakinlər isə iddia edirlər ki, mütəmadi olaraq melioratorlar tərəfindən bir çox vacib suvarma tədbirləri vaxtında həyata keçirilmir, görülən işlər isə keyfiyyətsiz və az effektli olur. Suvarma kanallarında, kollektor-drenaj şəbəkəsində lildən təmizləmə işləri də yarımçıq görülür. İdarənin əməkdaşları yerlərdə verilən suyun qənaətlə işlədilməsi və bərabər qaydada paylanmasına nəzarət adı altında özbaşnalıqlara yol verir, nəticədə isə ayrı-ayrı əkin sahələrinin və təsərrüfatların susuz qalmasına səbəb olurlar. Kürdəmir rayonu iqlim şəraitinə görə respublikanın ən isti və quraq bölgələrindən biri hesab olunur. Bu səbəbdən rayon ərazisindəki bütün əkin sahələri də suvarılan torpaqlardır. Buna görə də quraq keçən illərdə işlər daha çox problemli olur. Həmin dövrdə su ehtiyatının yaradılması üçün operativ tədbirlər həyata keçirilmir. Bu isə Valeh Qaraşovun yol verdiyi digər özbaşınalıqlarla birgə, sahələrin suvarılmasında ciddi problemlər yaratmaqla məhsuldarlığın kəskin şəkildə aşağı düşməsinə yol açır. Həmçinin məlumatlarda bildirilir ki, idarənin işçiləri şənbə və bazar günləri də qeyri-qanuni olaraq işə çıxmağa məcbur edilirlər. Bunun müqabilində isə, əlavə yazılan əmək haqqları yenə də rəhbərlik tərəfindən mənimsənilir...