Nazirin vəzifədən çıxarılacağını eşidən müavinləri və aparat rəhbəri onun yerinə keçməyə can atırlar
9-09-2015, 11:30
Azər Bayramov, İlqar Fətizadə və Namiq Süleymanov Maliyyə Nazirliyində çox böyük problemlər yaradırlar
Maliyyə naziri Samir Şərifovun vəzifədən azad ediləcəyi haqda xəbərlər zaman-zaman ölkə mətbuatının gündəminə gəlib. Hətta bir müddət əvvəl bildirilirdi ki, maliyyə naziri tutduğu görəvdən alınacaq və daha yüksək posta təyin olunacaq. Amma hələ ki, bununla bağlı verilən proqnozlar özünü doğrultmayıb. Maliyyə Nazirliyinə tabe olan yerli şəhər və rayon maliyyə idarələrində son illər üzə çıxan problemlər isə nazirin gələcək karyerasının daha da parlaq olmasına sanki imkan vermir.
Belə ki, 9 ildir nazir postunda çalışan Samir Şərifovun nəzarətindəki maliyyə idarələrində qanun pozuntuları zaman keçdikcə daha da artır və təbii ki, həmin neqativ hallar yuxarıların diqqətindən yayınmır. Məhz buna görədir ki, Maliyyə Nazirliyi son vaxtlar ən çox qanun pozuntularının üzə çıxdığı mərkəzi icra hakimiyyəti orqanına çevrilib. Yerli maliyyə idarələrində problemlərin çoxalması isə Samir Şərifovun müavinlərinin yarıtmaz fəaliyyəti ilə izah edilir. Özəl mənbələr tərəfindən redaksiyamıza verilən məlumatlara görə, nazirin müavinləri arasında uzun müddətdir davam edən nüfuz, mövqe savaşı adıçəkilən qurumun fəaliyyətinin bərbad vəziyyətə düşməsinə səbəb olub: "Maliyyə Nazirliyində Samir müəllimdən sonra əsas söz sahibi Azər Bayramovdur. Neçə ildir müavin vəzifəsində işləyən bu şəxs indiyə qədər müsbət islahatlarla yadda qalmayıb. Şəxsi mənafeyindən başqa heç nəyi fikirləşmir. Maliyyə Nazirliyində kadr işlərinə məhz o nəzarət edir. Onun razılığı olmadan nə nazirliyin mərkəzi aparatında, nə də yerli qurumlarında kadr islahatları aparıla bilər. Hazırda maliyyə idarələrinə rəhbərlik edən rəislərin bir çoxu məhz Azər Bayramovun xeyir-duasından sonra vəzifəyə təyin olunublar. Vəziyyət o həddə çatıb ki, bəzi hallarda müavin nazirin qəbul etdiyi qərarlara belə müdaxilə edir və öz istədiyini həyata keçirir. Onun hərəkət və davranışlarından Maliyyə Nazirliyinə rəhbər keçmək fikrinin olduğu açıq şəkildə hiss edilir. Lakin bu məsələdə ona mane olan amillər var. Məsələn, Maliyyə Nazirliyində öz komandasını formalaşdıran nazir müavini İlqar Fətizadə müəyyən mənada bəzi planlar qurur, onların həyata keçməsi istiqamətində addımlar atır. Nazirliyin tabeliyindəki xidmətlər tamamilə bu şəxsin nəzarəti altındadır. Onunla Azər Bayramovun münasibətləri heç də yaxşı deyil. Hər iki müavin əllərinə fürsət düşən kimi bir-birlərinin əleyhinə işlər görürlər. Bu mənada üstünlük Azər Bayramovun tərəfindədir. Belə ki, deyilənə görə, o bəzi mətbuat orqanlarında İlqar Fətizadənin haqqında tənqidi yazılar dərc etdirir və həmin media qurumlarına mühüm faktlar ötürür. Maliyyə Nazirliyində getdikcə şiddətlənməkdə olan nüfuz savaşının kölgədə qalan iştirakçılarından biri də nazirliyin aparat rəhbəri Namiq Süleymanovdur. Bu adamın bir xüsusiyyəti var ki, hər zaman nazirlikdə baş verən proseslərdən özünü kənarda saxlamağa çalışır. Buna baxmayaraq, gizli şəkildə öz işlərini həyata keçirir. Əgər Samir Şərifov vəzifədən azad edilsə və onun yerinə Namiq Süleymanov təyin olunsa, heç kim təəccüblənməməlidir. Aparat rəhbərinin çox güclü əlaqələrinin olduğu bildirilir. Nazirin dəyişəcəyini eşidən Namiq müəllim bütün mötəbər əlaqələrini səfərbər edib. Ki, nazir vəzifəsinə keçsin. Bu məsələlər hələlik tam dəqiqlik qazanmayıb. Yəni Samir Şərifovun işdən nə vaxt kənarlaşdırılacağı məlum deyil. Nazirin vəzifədən çıxarılıb-çıxarılmayacağı dəqiq bilinməsə də, iki müavini və aparat rəhbəri onun postu uğrunda indidən mübarizəyə başlayıblar". Sonda qeyd edək ki, Samir Şərifov 2006-cı ildən Maliyyə Nazirliyinə rəhbərlik edir.
Yazı ilə bağlı bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.
xəbər xətti