Ofşorlar “anası” Britaniyanı azərbaycanlı məmur-oliqarxlara cəlb edən amillər
7-06-2018, 08:20

Londonun çirkli pullarla mübarizəsi kimə qarşı yönəlib?
Məlumat verdiyimiz kimi, Böyük Britaniyanın Cinayətkarlıqla Mübarizə üzrə Milli Agentliyi “korrupsiyalaşmış Elita və onların qeyri-leqal varidatı”na qarşı mübarizə tədbirlərini sərtləşdirir. Qeyri-müəyyən mənşəli vəsaitlərlə mübarizə sahəsində əlavə səlahiyyətlər əldə edən agentliyin hazırda Böyük Britaniya vətəndaşı olan, yaxud bu ölkə ilə sıx mal və can bağlılığına malik 130 imkanlı şəxsin işini araşdırdığı bildirilir.
Rusiya mənbələrinin iddiasına görə, Britaniyanın başlatdığı bu proses birbaşa bu ölkədəki Rusiya mənşəli oliqarxlara və biznesə qarşı yönəlib. Bu prosesin Skripal işindən sonra daha sərt xarakter aldığı qeyd edilir. London rəsmiləri isə prosesin bilavasitə ruslara qarşı yönəlmədiyini, mənşəyindən və milliyyətindən asılı olmayaraq, çirkli pullara malik bütün şəxsləri əhatə etdiyini bildirirlər.
Onu da qeyd edək ki, “Sunday Times” qəzeti bu il də Britaniyanın ən varlı şəxslərinin siyahısını tərtib edib. Siyahıya yalnız Birləşmiş Krallığın vətəndaşlığı olan şəxslər deyil, bu ölkə ilə sıx əlaqələrə malik şəxslər də daxil edilib. Siyahıya keçmiş SSRİ respublikalarından olan 16 nəfər daxil edilib. Onların böyük əksəriyyəti Rusiya mənşəlidir. Məsələn, 15,2 milyard funt-sterlinq varidatla siyahının 3-cü pilləsində qərarlaşan Leonid Blavatnik 1978-ci ildə keçmiş SSRİ-dən ABŞ-a köçüb. 2010-cu ildən Britaniya vətəndaşlığı alıb. 10,5 milyard funt-sterlinq sərvətlə 8-ci yerdə olan Əlişir Usmanov “Metalinvest” və “MeqaFon”un sahibidir.
Qəzetin siyahısında 9,3 milyard funt-sterlinq var-dövləti olan Roman Abramoviçi 13-cü yerdədir. Onun partnyoru Yevgeniy Şvidler 1,1 milyard funt-sterlinqlə 125-ci yerdə qərarlaşıb. Moskvanın keçmiş meri Yuri Lujkovun xanımı Yelena Baturina 882 milyon funt-sterlinqlə 160-cı yerdədir. Siyahıya daha bir neçə Rusiya əsilli varlı şəxsin adı daxil edilib.
Güman edilir ki, 130 nəfərlik şübhəlilər siyahısı tərtib olunarkən «Sunday Times»ın tərtib etdiyi reytinqdən də istifadə edilib. 130 nəfərlik siyahıda adı keçən şəxslərin aktivləri dondurula bilər.
Bu siyahıya Rusiya əsilli milyarderlərlə yanaşı, dünyanın müxtəlif ölkələrindən olan varlı iş adamları da daxil edilib.
Maraqlıdır ki, Azərbaycandan da yaşamaq, biznes qurmaq üçün Britaniyaya gedənlər az deyil. Rəsmi məlumatlara görə, yalnız 2017-ci ildə Azərbaycandan Böyük Britaniyaya yatırılan birbaşa xarici investisiyalar 66,4 milyon ABŞ dolları təşkil edib. Bunun 1,1 milyon ABŞ dolları neft sektoruna, 65,3 milyon ABŞ dolları isə qeyri-neft sektoruna qoyulub. Düzdür, bu yatırımların kimlərin tərəfindən edildiyi açıqlanmır, lakin nəinki biznes çevrəsindən, hətta hakimiyyət çevrəsindən olanlar arasında da Birləşmiş Krallıqda biznes maraqları olanlar az deyil. Məsələ burasındadır ki, dünyanın ən məşhur vergi cənnətləri olan ofşor ərazilərin böyük əksəriyyəti məhz Birləşmiş Krallığa daxildir. Virciniya adalarından tutmuş, Kayman adaları, Panamaya qədər ən nüfuzlu ofşorlar Britaniyaya tabedir. Azərbaycanda, eləcə də digər ölkələrdə korrupsiya, rüşvət, narko-ticarət, insan alveri və sair qeyri-qanuni yollarla qazanılmış pulların yuyulması məhz bu ofşorlarda yaradılan şirkətlər vasitəsilə yuyulur. Eləcə də Avropada, ABŞ-da, digər ərazilərdə qanuni fəaliyyət göstərən böyük şirkətlər, milyarderlər öz vəsaitlərini vergidən yayındırmaq üçün iri məbləğli alqı-satqılarını ofşorlarda rəsmiləşdirirlər. Bu baxımdan, Azərbaycanda imkanı olan hər kəsin Britaniyada biznes qurmağa can atması təbii görünür...
Nəzərə alsaq ki, uzun illər boyu Azərbaycanda vəzifədə olaraq külli miqdarda vəsait əldə edən bir sıra məmurların ya özləri, ya övladları Britaniya ilə bağlılığa malikdir, onda bu ölkədə çirkli pullara qarşı sərtləşən mübarizədən onların da zərər çəkəcəkləri ehtimalının yüksək olduğunu görə bilərik. Belələri arasında hələ də vəzifədə olanlar az deyil, amma bir çoxları vəzifədən alınıb.

Məsələn, yayılan məlumatlara görə, prezident seçkilərindən sonra postunu itirən keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədovun oğlu Asif Əsədzadə də Londonda yaşayır. Xatırladaq ki, 2017-ci ildə Asif Əsədzadə London küçələrində Az 90 HO 505 dövlət nömrə nişanlı “Porsche” ilə “avtoşluq” etməsi əks olunan video ilə gündəmə gəlmişdi.

Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirovun oğlu İlqar Bəşirov da Azərbaycanın zəngin adamları sırasına daxil edilir. İlqar Bəşirov atası kimi gəmiçilik sahəsində çalışır. Ona məxsus xeyli yükdaşıma gəmilərinin olduğu və onlardan əsasən neftdaşımada istifadə olunduğu bildirilir. Böyük Britaniya vətəndaşı olduğu bildirilən İlqar Bəşirovun adı əsasən neft qaçaqmalçılığı ilə bağlı xəbərlərdə mərkəzi fiqur kimi keçib. İlqar Bəşirovun biznesinin coğrafiyası Türkiyə, Rusiya və vətəndaşlığını daşıdığı Böyük Britaniyanı əhatə edir.

Dövlət Dəmir Yolu İdarəsinin sabiq rəisi Arif Əsgərovun oğlu Elnar Əsgərzadə də Londona bağlılığı ilə tanınır. Adı ilk dəfə Azərbaycan mətbuatının gündəminə təhsil aldığı Londonda özünün əvəzinə digər bir şəxsi imtahana yollaması ilə gəlmişdi. Məlum olmuşdu ki, Elnar Əsgərov Londonda olarkən “Credit Suisse” bankında treyder işləyən 34 yaşlı Ceromi Dreni özünün əvəzindən imtahan verməyin mümkünlüyünə inandırıb. Əvəzində hər imtahan üçün ona 2 min funt-sterlinq ödəmişdi (manatın indiki kursu ilə təxminən 4 min 500 manatdan artıq). Ceromi Elnar Əsgərovun adına düzəldilmiş saxta vəsiqədən istifadə edərək, onun əvəzinə 8 dəfə imtahana girib, sonuncuda isə professor ondan şübhələnib və fırıldağın üstü açılıb. Qalmaqal haqda Britaniyanın nüfuzlu nəşrləri sayılan “The Yorkshir Post” və “The Daily Mail” də yazmışdı.
Dünyada avtomobil idmanının ən bahalı növlərindən birinin - “Formula-1”in ”Qran Pri" yarışının təşkilatçısı Arif Rəhimov gənclər və idman nazirinin yeganə övladıdır. Orta məktəbi Bakıda bitirən, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində oxuyan Arif Rəhimov ardından ali təhsilini İngiltərənin paytaxtında davam etdirib. Arif Rəhimov 2011-2012-ci illərdə Londondakı Cass Business School-da neft və energetika sənayesi ixtisasına yiyələnib. Arif Rəhimov evlidir və hazırda Londonda yaşayır. Onun da Böyük Britaniya vətəndaşlığı alması haqda məlumatlar var.
Bunlardan əlavə, bir sıra yüksək vəzifəli məmurların övladları, ailə üzvlərinin Britaniya vətəndaşlığı aldığı bildirilir. Onların bəziləri Birləşmiş Krallıqda müxtəlif şirkətlərə rəhbərlik edirlər...
musavat.com