"Microsoft" "Windows 10"a dəstəyi dayandırır:

Bu gün, 08:34           
"Microsoft" "Windows 10"a dəstəyi dayandırır:
2025-ci ilin iyun ayının əvvəlində “Windows 11” ilə “Windows 10” arasındakı fərq cəmi 1,19 faizədək azalıb.

Valyuta.az xəbər verir ki, analitik “Statcounter” agentliyinin məlumatına görə, “Microsoft” şirkətinin yeni nəsil əməliyyat sistemi olan “Windows 11” istifadəçilər arasında sürətlə populyarlaşır və “Windows 10” ilə aradakı fərq tarixdə ilk dəfə bu qədər azalaraq 1,19 faizə enib.

2025-ci ilin iyun ayına olan statistikaya əsasən, “Windows 11” bazar payını 47,73 faizə çatdırıb, “Windows 10” isə 48,92 faizlə liderliyini qoruyur. Hazırkı artım tempi davam edərsə, yaxın günlərdə “Windows 11” liderliyə yüksələcək.

Bunun əsas səbəblərindən biri kimi “Windows 10” üçün rəsmi dəstəyin 2025-ci il oktyabrın 14-də dayandırılacağı göstərilir. Bu tarix yaxınlaşdıqca istifadəçilər yeni sistemə daha fəal keçməyə başlayıb. Bu keçid ya yeni kompüterlərin alınması, ya da köhnə avadanlığın “Windows 11” tələblərinə uyğun şəkildə yenilənməsi yolu ilə baş verir.

Müqayisə üçün qeyd olunur ki, ötən ilin iyun ayında “Windows 10”un bazar payı 66 faiz, “Windows 11”in isə 30 faizin altında idi. Son bir ildə bu fərq sürətlə azalıb.

Yenilənməyə tələsməyən istifadəçilər üçün “Microsoft” bir illik təhlükəsizlik yeniləməsi paketi təqdim edəcək. Bu əlavə dəstəyin qiyməti 30 ABŞ dolları olacaq və yalnız bir il üçün nəzərdə tutulub. Yenidən uzadılması mümkün deyil.

Qeyd edək ki, “Windows 11” artıq “Steam” platformasında ən populyar əməliyyat sistemi statusunu qazanıb. 2025-ci ilin iyununa olan məlumata əsasən, bu sistem “Steam” istifadəçilərinin 60 faizindən çoxunda quraşdırılıb. “Windows 10” istifadə edən oyunçuların payı isə 40 faizdən aşağı düşüb.

Xatırladaq ki, yaxın günlərdə “Microsoft” “Windows 11” üçün 24H2 yeniləməsinin məcburi şəkildə və fon rejimində quraşdırılmasına başlayıb. Bu prosesi dayandırmaq və ya imtina etmək mümkün olmayacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.