“Amerikalı həmsədri buradan qovmaq lazımdır” - deputat
11-01-2019, 11:36
60 dərəcə şərq uzunluğunda yayım həyata keçirən “İntelsat 33" peyki Dağlıq Qarabağdakı qondarma rejimin ”Artsax TV" adlı telekanalını yayımlamağa başlayıb. Erməni separatçılarının telekanalı bu peykdə yanvarın 6-dan görünməyə başlayıb və HD formatında yayımlanmaqdadır.
“İntelsat 33" peyk operatoru 2017-ci ildən fəaliyyət göstərir və Avropanı, Asiyanı, Yaxın Şərqi, Afrikanı, Aralıq dənizi və Hind okeanı regionlarını əhatə edir. Bu isə o deməkdir ki, Qarabağ ermənilərinin telekanalına Türkiyə, Gürcüstan, İran, Rusiyanın bir hissəsi, Ukrayna, bir sıra Avropa və Yaxın Şərq ölkələrində baxa bilərlər.
Beynəlxalq telekommunikasiya nəhəngi “İntelsat” 50 süni peyki idarə edir və mənzil-qərargahı ABŞ-da, habelə Lüksemburqda yerləşir. “İntelsat 33" peyki Amerikanın ”Boeing" korporasiya tərəfindən istehsal edilib. Belə görünür, rəsmi Bakı Qarabağ ermənilərinin telekanalının ABŞ peyki ilə yayımlanmasına qarşı təcili hərəkətə keçməlidir və diplomatik kanallarla müvafiq addımlar atılmalıdır.
Deputat Aqil Abbas “Yeni Müsavat”a bildirdi ki, bu məsələnin qarşısının alınması yollarını hüquqşünaslar daha yaxşı bilər: “Ancaq Azərbaycana sülənməyə gələn, yeyib-içib gedən ATƏT-in amerikalı həmsədrini buradan qovmaq lazımdır. Ona demək lazımdır ki, get peyk yayımını dayandır, gələrsən”.
Onun sözlərinə görə, Dağlıq Qarabağ Azərbaycanlılarının Qarabağ İcmasına yeni sədri seçilən Tural Gəncəliyev bu posta layiqdir və tezliklə “Qarabağ TV” açılmalıdır. “Qarabağ icmasının telekanalı olmalıdır. Niyə Şuşa, niyə Qarabağ televiziyalarımız yoxdur? Gündə bir küçə telekanalı açılır, arvad-uşaq davalarından, tamadaların mənasız çıxışlarından boğaza yığılmışıq. Ermənilərin qabağına daha güclü informasiya platforması ilə çıxmaq lazımdır”, - deyə o, əlavə elədi.
“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də erməni kanalının açılmasını yolverilməz saydı: “Bu cür insidentlər olub. Ermənilər telekommunikasiya xidmətləri üçün zaman-zaman addımlar atıblar, bəzən uğur da qazanıblar. Bu hadisənin baş verməsi aidiyyəti qurumların zəif fəaliyyətinin nəticəsidir. Çünki ermənilər həmişə bu sahədə çalışırlar”.
O.Gündüz hesab edir ki, bizim qurumlar qabaqcadan hazır olmalı, məsələni kontrolda saxlamalı idı, nəinki qarşısının alınması üçün addımlar atılmalıdır. “Çünki buna hazırlıq gedirdi və bir günə əmələ gələn proses deyildi. O halda telekanalın fəaliyyətinin qarşısını almaq asan olardı, nəinki fəaliyyətə başlayandan sonra. İndi daha çox resurs xərcləməliyik. Ermənilərə belə böyük platforma şəraiti vermək onlar üçün nəhəng üstünlükdür”.
Ekspert “Artsax TV”-nin yayımının hansı prosedurla məhdudlaşdırılması üçün dünyada oturuşmuş mexanizmin olduğunu bildirdi: “Bunun qaydaları, konvensiyaları var. Bizim də öz peykimiz var və ”Azərkosmos" müstəqildir. Xarici İşlər Nazirliyi və “Azərkosmos” bu məsələyə qoşulmalıdır. Xatırlayıram ki, İran əleyhimizə kanallar yayanda “Azərkosmos” Afrika ölkələrində İran əleyhinə kanallar yaya biləcəyini söyləmişdi. Ona görə aidiyyəti qurumlar hərəkətə keçməlidir".