Pambıqçılıqla bağlı qərəzli iddialara cavab: “Onların reallıqdan xəbəri yoxdur”

7-08-2019, 09:46           
Pambıqçılıqla bağlı qərəzli iddialara cavab: “Onların reallıqdan xəbəri yoxdur”
Ötən həftə pambıqçılığn inkişafı ilə bağlı Publika.az-a müsahibəsi böyük maraq doğuran Sabirabad rayonunun Zəngənə kəndinin sakini, fermer Əfras Əsgərovla pambıqçılığın perspektivləri və son günlər bu sahə ilə bağlı ortaya atılan iddialar haqqında danışdıq.

- Pambıqçılıq son illərdə yüksələn xətt üzrə inkişaf edir. Bu il pambıqçılıqda vəziyyət necədir?

- Pambıqçılıqda hazırki vəziyyət normaldır. Artıq üçüncü suvarmaya başlamışıq, təxminən avqustun 15-nə qədər başa çatdıracağıq. Lazımi gübrələri də vermişik. Gözləntilərimizə görə, ötən illə müqayisədə bu il məhsuldarlıq daha çox olacaq.

- Bildiyiniz kimi, ölkədə pambıqçılıq 2016-cı ildə Prezident İlham Əliyevin Sabirabadda keçirdiyi müşavirədən sonra sürətlə inkişaf etməyə başladı. Son 4 ildə nələr dəyişib?

- Uzun müddət pambıqçılıq diqqətdən kənarda qalmışdı. 2016-cı ildən etibarən bu sahəyə dövlət başçısı tərəfindən xüsusi diqqət ayrıldı və bu diqqətin nəticəsi olaraq, pambıqçılıq inkişaf etməyə başladı. Əvvəllər təcrübəsizlik var idi, bu işi bilən yaşlı nəsil sıradan çıxmışdı, pambıq əkənlərin də sayı az idi. Texnika problemi var idi, toxum çatışmazlığı, dərmanların azlığı, gübrələrin zəifliyi kimi hallar mövcud idi. 2016-cı ildə Prezident İlham Əliyev təşəbbüs qaldırandan sonra bu sahədə mövcud olan problemlər tədricən həllini tapdı. 2016-cı illə müqayisədə 2017-ci il, 2017-ci illə müqayisədə 2018-ci il daha yaxşı oldu, bu il ötən dövrlərlə müqayisədə daha da yaxşı olacaq. Çünki bu il heç bir çatışmazlıq yoxdur. Kifayət qədər texnika parkı yaradılıb, suvarma sistemində xeyli irəliləyişlər var. Hər şey ildən-ilə qaydasına düşür. Bəzən mətbuatda hansısa kəndlərdə suvarma problemlərinin olduğuna dair xəbərlər çıxır, lakin bu problemlər təbii proseslərin nəticəsidir. Misal üçün, Araz çayının suyu azalanda belə hallar yaşanır. Mənim məlumatıma görə, əksər rayonlarda pambığın suvarılması normal şəkildə başa çatdırılıb. Mənim sahələrimdə də heç bir problem yoxdur. Ötən illərdə ölkə rəhbərliyinə, Kənd Təsərrüfatı Nazirliyinə müxtəlif müraciətlərim olmuşdu, lakin indi heç bir problem yoxdur. Hər cür diqqət, qayğı var. Müqavilə bağladığım şirkət hər şeylə təmin edib. Kənd təsərrüfatı naziri də pambıqçılığa böyük diqqət ayırır, istənilən problemə dərhal və ciddi şəkildə reaksiya verilir.

- Son vaxtlar pambıqçılığın perspektivi haqqında müxtəlif iddialar irəli sürülür. Misal üçün, AXCP sədri Əli Kərimli bu sahədən heç bir qazanc götürülmədiyini iddia edir, hər şeyin görüntü xarakteri daşıyan statistikadan ibarət olduğunu deyir. Bu iddialarla bağlı nə deyə bilərsiniz?

- Mən də belə iddialara rast gəlirəm. İstər AXCP sədri Əli Kərimli olsun, istərsə digər müxalifətyönlü iqtisadçılar, pambıqçılığı lüzumsuz sahə adlandıdırlar. İddia edirlər ki, bu sahədən camaat xeyir götürmür, insanlara məcburi pambıq əkdirirlər. Əli Kərimli də, digərləri də reallığı bilmədən danışırlar. Mən qətiyyən bu fikirlərlə razı deyiləm. Bu sahəyə ümumilikdə üç prizmadan yanaşa bilərik.

Birincisi, kənd təsərrüfatı əkinlərində növbəlilik prinsipi var. Ölkədə ən çox sahə tutumu taxılçılıqdır. Eyni torpaq sahəsinə üç il ard-arda taxıl əkəndə məhsuldarlıq 20 sentinerdən yuxarı olmur. Lakin pambıq əkilən sahəyə taxıl əkəndə məhsuldarlıq ikiqat artır. Misal üçün, mən ötən il pambıq əkdiyim sahəyə bu il taxıl əkdim və 40 sentiner məhsul götürdüm, yəni ikiqat artım oldu. Amma ötən il taxıl əkdiyim sahəyə bu il yenə taxıl əkdim, məhsuldarlıq 20 sentiner oldu. Torpağın münbitləşməsi, daha çox məhsul verməsi üçün pambıqçılıq ən vacib sahələrdəndir.

İkincisi, pambıqçılıq ən çox əməktutumlu sahədir. Azərbaycanda əhalinin yarısı kəndlərdə məskunlaşıb. Kənd əhalisinin yarısı da pambıq əkilən aran bölgələrində yaşayır. Bu insanlar həyatlarını onlara ayrılan pay torpaqları hesabına təmin edirlər. Kənd təsərrüfatı sahəsində insanların ən çox işlədiyi və pul qazandığı sahə də məhz pambıqçılıqdır. Ötən il 135 hektar pambıq əkmişdim, təkcə alaq otlarının təmizlənməsi işinə görə 30 ailəyə 30 min manata yaxın əmək haqqı verdim. Bunun pambıq yığımı, o cümlədən, texnikanı işlədənlər, suvarma işinə baxanlar və digər işləri həyata keçirənlər də var. Bu, faktiki olaraq kənd yerində iş yeri deməkdir. Mənim əkdiyim sahələrin 90 faizi pay torpaqlarıdır. Misal üçün, biri təqaüdçüdür, digəri müəllim işləyir, başqası ölkədən kənarda yaşayır. Mən bu insanların yerini əkirəm və onlara icarə haqqı verirəm, həm insanlar qazanır, həm də əkin sahələri boş qalıb şoranlaşmır, münbitliyi azalmır.

Pambıqçılıq əhali üçün yeni iş yerləri, gəlir mənbəyidir. Mingəçevir şəhərində böyük sənaye parkı inşa olunur. İndi dövlət mahlıcı xammal şəkilində xaricə satır, lakin həmin sənaye parkı istifadə veriləndən sonra məhsulumuzu özümüz emal edəcəyik, parça, iplik və digər tekstil malları istehsal olunacaq, həm daxili bazarı təmin edəcəyik, həm də xaricə ixrac olunacaq. Ölkəyə valyuta axını çoxalacaq, qeyri-neft sektoru daha da inkişaf edəcək, şirkətlər daha çox pul qazandıqca, pambığın qiyməti də qalxacaq. Misal üçün, indi bir kiloqram pambığı bizdən 65 qəpiyə alırlar, onda qiymət 1 manata qədər yüksələcək. Dövlət qazandıqca biz daha çox qazanacağıq, biz fermerlər qazandıqca, sahələrdə işləyən əhali də daha çox qazanacaq.

Və nəhayət üçüncüsü, mən pambıq əkən bir şəxs kimi bu sahədən böyük qazanc əldə edirəm. Ötən il 135 hektar pambıq əkmişdim, 470 ton məhsul tədarük etdim, bu il minimum 500 ton pambıq tədarük edəcəm. 500 ton pambığın təkcə subsidiyası 50 min manatdır. Bu böyük məbləğdir. 500 ton pambıq 65 qəpikdən 320 min manata qədər pul edir. 320 min manatın yarısı icarə haqqı, işçi qüvvəsi və digər xərclərdir. Bu insanlar üçün böyük qazancdır. İnsanlar mənim əkdiyim sahədə həm pambığı becərir, həm pambıq yığımını həyata keçirir, həm də öz təsərrüfatlarını idarə edirlər. Yəni ailələrin gəliri artır. 2000-ci illərdə pambıq əkəndə qazancım 10-15 min manat edirdi, indi isə qazancımız 100 minlərlə ölçülür. Bu sahədən niyə əl çəkməliyik?! Dövlət hər şeylə təmin edir, texnika verir, dərmanlarla, gübrələrlə təmin edir, üstəlik subsidiya verir, son nəticədə biz məhsul götürüb, böyük qazanc əldə edirik. Hətta mənə pambıq əkməyi qadağan etsələr belə, yenə də müxtəlif yolla olsa belə əkməyə davam edəcəm. Çünki bu sahədə qazanc əldə edirəm. Hanısa idarənin müdiri işləməkdənsə, yaxşı pambıq əkmək daha sərfəlidir. Təbii ki, bu sahədə də işi yaxşı bilməyənlər, səriştəsizlər var. Onlar bəzən torpaqlarını yaxşı seçmirlər, yaxud yaxşı torpaqlara digər məhsulları, pis torpaqlara pambıq əkirlər, ona görə də məhsuldarlıq az olur. Lakin 2016-cı illə müqayisədə bu gün pambıq sahəsində də peşəkarlaşma gedib, daha bacarıqlı, səriştəli insanlar bu sahə ilə məşğuldur, bu da məhsuldarlığın çox olması ilə nəticələnir. Hər il ölkə üzrə pambığın sentineri yüksəlir. 4-5 ilə Azərbaycanda da Türkiyədəki kimi ortalama məhsul 50-55 sentiner olacaq. Elə torpaq sahələrimiz var ki, 60 sentiner pambıq verir. Ötən il mənim 20 hektar sahəm 55 sentiner məhsul vermişdi, digər sahələr isə 25-30 sentiner olmuşdu. Kiçik qardaşım da 100 hektara yaxın pambıq əkir, onun da bu il 350-400 ton pambığı olacaq. Kənddə 30-35 ailə mənimlə, 25-30 ailə onunla işləyir və bu, daha çox insanın işləməsi, daha çox insanın sosial rifahının yüksəlməsi deməkdir. Buna görə deyirəm ki, bizi bu sahədən uzaqlaşdırmaq mümkün deyil. Ətrafımızdakı insanlar da mənim və qardaşımın qazancını görəndən sonra pambıqçılığa daha ciddi yanaşmağa başladılar. Əvvəllər müəyyən problemlər var idi. Misal üçün, 3 il bundan qabaq pambıq qəbulu məntəqəsinə xeyli adam borclu qalırdı, ötən il təsadüfi adamlar borclu qaldı. Bu il isə hesab edirəm ki, heç kim borclu qalmayacaq.

- Yəni bu sahədə hər il daha müsbət nəticələr əldə edilir.

- Bu, dünyanın hər yerində belədir. Hansısa işə başlayanda ilk 3-5 il çətinliklər olur. Lakin Azərbaycanda bu sahəyə dövlət tərəfindən böyük dəstək var. Milyonlarla sərmayə qoyulur, ən müasir texnikalar alınıb. Hər il daha çox irəliləyiş əldə olunur. Misal üçün, əvvəllər əkin zamanı torpağa gübrə vermirdim, bu il amafos gübrəsini verdim və xeyrini görürəm. Bununla yanaşı, gövdə gübrələnməsini bu il tətbiq etmişəm və effekti olub. Bu sahə kifayət qədər perspektivli sahədir və pambıqdan pul qazanan şəxs kimi istəyirəm ki, dövlət bu sahəni daha da inkişaf etdirsin. Pambıqçılıqla bağlı irəli sürülən iddialar absurddur. Çünki hakimiyyətdə hansı siyasi qüvvə olursa olsun, gəlib Zəngənə kəndində, yaxud digər kəndlərdə fabrik açmalı deyil ki?! Kəndlərdə əsas məşğulluq sahəsi əkinçilikdir və bu gün dövlət bizə bununla bağlı hər cür şərait yaradır. 10 il öncə suvarmada çətinliklər olurdu. İndi hər-hansı problem yarananda pambıqçılar birbaşa icra hakimiyyətinin başçısına, yaxud müavinlərinə, eləcə də kənd təsərrüfatı nazirinin müavinlərinə, şöbə müdirlərinə zəng edirlər və problem dərhal həllini tapır. Bu mənzərə kənd təsərrüfatının inkişafına təkan verir, kənd təsərrüfatının inkişafı da bölgələrdə əhalinin məşğulluq səviyyəsinin yüksəlməsi, nəticə olaraq, sosial rifahının yaxşılaşması deməkdir. Təkcə pambıqçılıqla son 4 ildə bu istiqamətdə böyük irəliləyişlərə nail olunub. Bu baxımdan, pambıq həqiqətən də strateji məhsuldur.

- Görünür, pambıqçılığın perspektivləri ilə bağlı iddialar irəli sürənlərin bu sahədən ümumiyyətlə xəbərləri yoxdur.

- Bəli, nə AXCP sədri Əli Kərimlinin, nə də digər iddialar irəli sürənlərin bu sahədən xəbərləri yoxdur. Onlar bu gün kəndlərdə məhz pambıqçılığın inkişafı nəticəsində insanların həyat səviyyəsinin necə yüksəldiyindən də xəbərsizdirlər. Yalnız yerlərdən verilən qərəzli informasiyalarla qərəzli iddialar irəli sürürlər. Reallığı mən bilirəm, çünki birbaşa bu işi həyata keçirirəm. Sual yaranır, nə üçün bu gün dünyanın ən güclü ölkəsi olan ABŞ-da, yaxud Çində pambıqçılığa xüsusi önəm verilir, yaxud Avropa ölkələri, o cümlədən, Türkiyədə pambıq ən strateji məhsullardandır? Çünki dövlətlər bu sahədən ciddi gəlirlər əldə edir. Azərbaycan dövləti də pambıqçılığın inkişafına diqqət ayırmaqla əhəmiyyətli addım atdı və bundan həm dövlət, həm sahibkarlar, həm də bölgələrdə əhali yaxşı qazanc əldə edir. Bu sahə ilə bağlı yersiz iddia irəli sürənlərin reallıqdan xəbərləri yoxdur. Misal üçün, əvvəllər yığımda problemlər olurdu, yağış yağanda məhsul sahədə qalırdı. Amma indi çox müasir texnikalar gətirilib. “Conder” texnikaları bir gündə 15 hektar pambıq yığır. Texnika ilə yığım daha sərfəlidir, lakin əl əməyinə də üstünlük veririk, çünki insanlar işləməli və pul qazanmalıdır.

- Necə düşünürsünüz, 4 ildə bu qədər irəliləyiş əldə olunub, qarşıdakı illərdə inkişaf hansı səviyyədə olacaq?

- Ötən il ölkə üzrə məhsul 20 sentiner oldu, bu il ən azı 25-28 sentiner olacaq. Hər şey qaydasında davam edərsə, üç mövsümdən sonra Azərbaycanda pambığın məhsuldarlığı 50-55 sentiner olacaq. Bu o deməkdir ki, dövlət 2016-cı ildə qoyduğu eyni sərmayə ilə daha çox qazanc əldə edəcək. Beləliklə, kəndlərdə pambıqçılıq getdikdə həyat tərzinə çevriləcək. Bu gün qərəzli iddialar irəli sürənlərin proqnozları isə elə ehtimal olaraq qalacaq. Çünki reallığı onlar yox, xalq görür.

Asif Nərimanlı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.