Xalq yazıçısı Anar dənizdə boğulmaqdan son anda qurtulub

8-08-2019, 18:45           
Xalq yazıçısı Anar dənizdə boğulmaqdan son anda qurtulub
Xalq yazıçısı, Yazıçılar Birliyinin sədri Anar bu günlərdə ölüm təhlükəsi ilə üz-üzə qalıb

Bu barədə o, “Yeni Müsavat”ın əməkdaşı ilə söhbətində bildirib. Anar müəllimin sözlərinə görə, bu günlərdə ailəlikcə qardaş Türkiyəyə istirahətə gedib.

İstirahətinin son günlərində, Azərbaycana dönməyə bir gün qalmış Egey dənizində boğulmaqdan son anda xilas olub. Xalq yazıçısı hadisəni belə nəql edib: “Orda ailə ilə bir yerdə dincəlirdik. Amma dəniz turuna tək çıxmışdım. 6 saatlıq tur idi. Çox maraqlı idi. Adalar, qədim yunan mifləri ilə bağlı məkanlar...

Odisseyin səyahəti həmin adalarla bağlıdır. Az qaldı mən də Odissey kimi əfsanəyə dönəm”. (gülür) Anar müəllim dedi ki, səyahət zamanı hər saatdan, yaxud saat yarımdan bir gəmi limana yaxınlaşırmış: “O saat uşaqlar, cavanlar dənizə tullanıb çimirdilər. Axırıncı dəfə gəmi sahildən bir az aralı dayandı. Dedim madam ki, çıxmışam, bir dəfə mən də çimim.

Otelin hovuzunda çimirdim, dedim dənizə də baş vurum. Özümü göyərtədən dəniz atdım. Demə, gəmi dənizin lap dərin yerində dayanıbmış. Dərinlik bəlkə də üç mən hündürlükdəydi. Boğulurdum, su ağzıma dolurdu”. Xalq yazıçısı deyir ki, o anda kimisə haraylamaq ağlına gəlməyib, xilasedicilər də olmayıb: ““Fəryad” qışqırım, ya türkcə “imdad” qışqırın, “SOS” deyim, heç ağlıma da gəlmirdi. Dalğalar da məni gəmidən uzaqlaşdırırdı. Üzməyə çalışıram, amma dalğalara müqavimət göstərə bilmirəm. Birdən səs gəldi ki, “Anar müəllim, əlinizi verin!” Əlimi uzatdım. Tutdu əlimdən, gəmiyə doğru dartdı. Gəmiyə çatandan sonra məhəccərdən yapışıb yuxarı qalxdım. Ramil adlı həkim orda olmasaydı, bəlkə də fəlakət olacaqdı. Demə, o da ailəsi ilə istirahətə gəlibmiş. Yoldaşı da həkimdir, iki dənə də balaca uşağı var. Onlar da Azərbaycandan istirahətə gəlibmişlər. Dedi görüşərik. Amma səhəri gün mən Bakıya döndüm”.

Yazıçı dedi ki, bütün uşaqlığı Buzovnada keçib və üzməyi yaxşı bacarırmış: “Düzdür, axır vaxtlar üzmürdüm. Amma burda üzmək də deyildi. Dalğalar o qədər güclü idi. Həm də çox dərin idi. Bir var ayağınla təkan verəsən, qalxasan yuxarı. Bir də var ki, su üç mənim boyum qədər idi”.

Anar boğulmaq anında keçirdiyi hissləri də bölüşdü: “Doğrusu, o anda fikirləşməyə vaxt olmadı. Məndə heç qorxu da yox idi. Amma çıxandan sonra fikirləşdim ki, belə qəribə ölüm ola bilərmi? Bu yaşa çatmışam, bura istirahətə gəlmişəm, qayıtmağa bir gün qalmış dənizdə boğulum? Düşünürəm ki, əgər boğulsaydım, həyat üçün çox mənasız bir sonluq olardı. Bəlkə də kimlərsə sevinəcəkdi. Amma düşünürəm ki, sevinənlər olacaqdısa, olsun. Mən heç kəsin ölümünə sevinmirəm. Qoy özgənin ölümünə sevinənlər uzun yaşasınlar!”

Bir daha Anar müəllimə “keçmiş olsun!” deyirik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.