Raquf Orucovun xanımı: “Deyirlər, şəhidin ordeni yoxdursa, adını əbədiləşdirə bilmərik”

23-08-2019, 20:50           
Raquf Orucovun xanımı: “Deyirlər, şəhidin ordeni yoxdursa, adını əbədiləşdirə bilmərik”
“Şəhid ailəsinə ilk növbədə sayğı lazımdır. Qarabağ probleminin həlli barədə danışırıqsa, bu inanc hər bir ailədən başlamalıdır. Qoy, körpələrimiz internetdə xarici kinolardakı yox, real qəhrəmanlarla böyüsün”.
Bu sözləri Aprel müharibəsində şəhid olan polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova “Qadın Konsensus Mərkəzi” İctimai Birliyinin “Şəhid ailələrinin sosial problemlərinin həllinə dair təşəbbüslər” mövzusunda təşkil etdiyi ictimai müzakirədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, şəhidlərin övladları məktəblərin örnəyi, baş tacıdır: “Təsis etdiyimiz “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi həmin körpələrin oxuduğu məktəblərdə tədbirlər keçirir ki, tanımayan tanısın bu körpə filankəsin oğludur, onun atası qəhrəmandır, sənin uğrunda, sən yaxşı yaşayasan deyə bu uşaq atasız qalıb. Bu uşaqlara birinci vətəndaş sahib çıxmalıdır. Elə yanaşma tərzi seçməliyik ki, uşaq pis olmasın, ruhu inciməsin ki, yetim olduğuna görəmi belə edirlər.

Sevinc Orucovanın sözlərinə görə, şəhidlik məsələsinin həm mənəvi, həm də sosial tərəfi var: “Şəhid ailələrinə dəstək məqsədi ilə təşkilat yaradanda düşündüm ki, qayğılarımızın hamısını dövlətin boynuna qoymalı deyilik. Hələ ki düşüncələrimdə peşiman olmamışam, fikirlərim özünü doğruldub.

Mübariz oldum, aldığım təhsil, iş təcrübəm mənə ayaq üstdə durmağıma imkan verdi. Aprel döyüşlərində xeyli körpə uşaqlarımız atasız qaldı, hətta atasının ölümündən sonra doğulan uşaqlarımız oldu, gənc ailələrimiz, xanımlarımız başsız qaldı, analarımız gənc yaşında qara örpək örtdülər. Qərara gəldik ki, onlara dəstək olaq.

Atəşkəs dövründə şəhidlər tək-tək olurdu, aprel döyüşləri isə sanki Azərbaycan cəmiyyətində oyanış yaratdı, orduda xidmət keçmiş hərbçilərimizin şəhidlikdən çəkinməməsi arxada gedənlərimizə də örnək oldular.

Polkovnik Vüqar Yusifovun həyat yoldaşı Lalə xanımla qərara gəldik ki, təsisçi olaraq təşkilatı quraq. Təşkilatı qeydiyyatdan keçirdik, ilk pillədə çox çətinlik çəkdik, amma üz tutduğumuz dürüst ünvanlar çox oldu, heç birindən boş qayıtmadıq.

Könüllülələrimiz oldu, ASAN xidmətin könüllüləri bizə dayaq durdu. 2010-cu ildən bəri şəhid olan qəhrəmanlarımızın ailələri ilə əlaqə yaratdıq.

Müharibənin əvvəllərində şəhid olanların övladları artıq böyüyüblər. O dövr çox çətin idi, amma indi imkanlar var, hər şey dövlətin boynunda qalmalı deyil. Bu qədər şirkət, özəl məktəblər var, biz onlarla ünsiyyət yaratdıq, Aprel şəhidlərinin 60-a yaxın körpəsi var, hərəsinin öz yaşına uyğun məşğələləri, əyləncələrinə görə bir istiqamət yaratdıq. Əzmlə işlərimizi davam etdiririk, yay məktəbləri təşkil edilir”.

Sevinc Orucova oğlunu itirəndən sonra ağır xəstəliyə tutulan şəhid analarının yardıma ehtiyacı olduğuna diqqət çəkib: “Şəhid Təbriz Musazadənin anasına 8 Mart Qadınlar bayramı münasibətilə poçt vasitəsilə hədiyyə göndərdik. Martın 7-si gecə eşitdik ki, xərçəngdən keçinib. Tez əlaqə yaratdıq ki, qapıda yasdır, hədiyyəni aparmayın, birdən səhv edərsiniz.

Şəhid Sarvan Mehralıyevin anası xəstəlikdən əziyyət çəkir. Xocalıdan sağ qurtulub, apreldə oğlu şəhid olub. Bu ananın vəziyyəti çox ağırdır. Sağ olsunlar Heydər Əliyev Fondu yardım edir, oğlu yoxdur, gözü qapıdadır, bütün Azərbaycan ona oğulluq etməlidir.

Nuru Abdullayevi 2018-ci ilin aprelin 4-ü ermənilər şəhid edib, Sumqayıtda iki gözəl körpəsi var, çox xahiş edirəm, imkanınız olanda ziyarət edin.

Astaradan Pəncəli Teymurov 17 il Azərbaycan naminə döyüşüb. Qardaşının ayağı amputasiya edildi, xəstəxananın qabağında qan yığdıq. Anası kompensasiya pulu ilə övladına həyətində muzey tikdirib. Onun kəndinə də yol təzə çəkildi”.

Sevinc Orucova şəhidlərin adlarının əbədiləşdirilməsinə məsələsinə ədə toxunub: “Yaşadığım küçə şəhid Ənvər Hüseynovun adınadır, məlumat lövhəsi də asılıb. Şəhid atası, anası hər küçədən keçəndə qürur duyur ki, keçdiyim küçə oğlumun adını daşıyır.

Türkiyədə keçidlərə, körpülərə, ümumi istifadə yerlərinə, meydanlara şəhid adları verilir. Adsız məktəblərə də adlar verilə bilər. Raquf Orucov adına küçə tini belə yoxdur. Biz sadəcə lövhə davası edirik, bir təskinlik olar.

Şəkidə Elnur İsgəndərov adına küçə verilib, Bakıda niyə şəhidə küçə adı verilməsi çətinlik hesab olunur? Şəhid Fəxrəddin Qurbanlının adının əbədiləşdirilməsini xahiş edirik, deyirlər, bunun üçün şəhidin gərək ordeni olsun. 18 yaşında hərbçi ordeni necə ala bilərdi?

Əmək və Əhalinin Müdafiəsi Nazirliyi ilə danışıq aparmışıq, mexanizmi olmalıdır. Fəxrəddin Qurbanlının qohumları üç ailə bir yerdə yaşayır, anası gözdən əlil, yüksək təzyiqlidir, ev siyahısında illərmi gözləyəcək?

Şəhid Mahir Quliyevin anası Lalə Quliyeva ağır şəraitdə yaşayır. Oğlu nişanlıdır, şəraitə görə evləndirə bilmir. Gecikən problemlər çoxdur, sürətləndirməyə çalışırlar”.(Teleqraf.com)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.