SÜLHƏDDİN ƏKBƏR ELÇİBƏYLƏ ARASINDAKI FİKİR AYRILIĞININ SİRRİNİ AÇDI:"Mən “KQB” ilə əməkdaşlıq edənlər haqda ona rəsmi məlumat vermişdim" - MÜSAHİBƏ

24-08-2019, 17:11           
SÜLHƏDDİN ƏKBƏR ELÇİBƏYLƏ ARASINDAKI FİKİR AYRILIĞININ SİRRİNİ AÇDI:"Mən “KQB” ilə əməkdaşlıq edənlər haqda ona rəsmi məlumat vermişdim" - MÜSAHİBƏ
Elçibəy hakimiyyəti dövründə Milli Təhlükəsizlik nazirinin birinci müavini vəzifəsini tutmuş, hazırda Azad Demokratlar Partiyasına rəhbərlik edən Sülhəddin Əkbər “Yeni Müsavat”a maraqlı müsahibə verib.

Strateq.az həmin müsahibəni öz oxucuların da təqdim edir:



– Sülhəddin bəy, müxalifətin proseslərə əhəmiyyətli təsiri yoxdur. Bəzi proqnozlar səslənir ki, payızda müxalifətin izdihamlı mitinqləri ola bilər, hətta xaricdən “inqilab” çağırışları edənlər var. Niyə hər payızqabağı bu cür məsələlər ortaya atılır?

– Ümumiyyətlə, tarixi təcrübə ilə bağlıdır. Yay aylarında passivlik olur. Siyasi proseslərin yüksələn xətti yaz və payıza düşür. O demək deyil ki, başqa fəsillərdə ola bilməz. Çünki Azərbaycanda proseslər lokal deyil. Regionda elə hadisələr ola bilər ki, bizə də təsir edə, vaxtından tez başlaya və ya təxirə düşə bilər.

– Müxalifətlə bağlı çoxsaylı iddialar var. Məsələn, son olaraq belə fikir vardı ki, Elçibəyin şərti komandası olan bu qüvvələr təzədən iqtidara gəlsə, ölkəni idarə etmək gücündə deyillər…

– Əvvəla, indiki dövrlə 1993-cü ili müqayisə eləmək yanlış olar. O dövrdə milli azaldıq hərəkatı gedirdi, cəmiyyət təkpartiyalı siyasi sistemdən təzə çıxmışdı, siyasi plüralizmlə yenicə tanış olurdu. Siyasi qruplar formalaşmamışdı, partiyalar yeni yaranırdı.

İndi siyasi fəaliyyət sahəsi daralsa da, peşəkarlar təbəqəsi formalaşıb. Digər sahələrdə demokrat mütəxəssislər yetişib, ölkədə kadr problemi yoxdur. Xalq Cəbhəsi siyasi qüvvə kimi iqtidara gəlmişdisə, o, siyasi partiya deyildi. Xalq Cəbhəsində müxtəlif baxışları olan insanlar varıydı. Həmin dövrün özündə belə, qruplaşmalar varıydı. Həmin insanlar ayrı-ayrı partiyalarda birləşiblər. İstənilən halda, nəinki Azərbaycanda, digər inkişaf etmiş ölkələrdə hansısa qüvvənin iqtidara təkbaşına gəlməsi indi qeyri-mümkündür.

– Vəkil Adil İsmayılov Elçibəy hakimiyyətini DTK arxivlərini açmamağa görə qınayır. Buna AXC iqtidarının siyasi iradəsi çatmadı?

– Həmin dövrün ən həssas məsələlərindən biriydi və məni də narahat edirdi. Amma bu haqda indiyə qədər ciddi açıqlamalar verməmişəm. Bəlkə də ilk dəfə eşidəcəksiniz. O vaxt Milli Təhlükəsizlik Nazirliyinin arxivlərinin açılması bir yana, hakimiyyətdə təmsil olunanlar, zamanında “KQB” ilə əməkdaşlıq etmiş şəxslər haqda ciddi fikir ayrılığı yaranmışdı. Mən siyasi rəhbərliyə rəsmi məlumatlar vermişəm. Amma irəliləyişə nail ola bilməmişəm və ölkənin siyasi rəhbərliyi ilə çox ciddi fikir ayrılığımız yaranmışdı.

– Məlumatlar var ki, sabiq nazir İlhüseyn Hüseynov arxivləri aparmaq istəyib, siz bəzilərinin qarşısını almısınız…

– Hakimiyyət dəyişikliyinə qədər arxivlər onsuz da böyük ölçüdə təmizlənmişdi. Lakin peşəkarlar bilirlər ki, nə qədər təmizlənsə də, çox materiallar qalır. Sadəcə, hamısını bərpa etmək mümkün deyildi. Onlar xüsusi qiymətli sənədləri, agentura haqda məlumatları aparmışdılar. Çox işlər görmək olardı. Həmin dövrdə Baş Kəşfiyyat İdarəsinin agenturasını üzə çıxarmaqla bağlı bir təşəbbüsümüz olmuşdu. Qısa zamanda Azərbaycanda “QRU” ilə məxfi əməkdaşlıq etmiş 200 nəfərdən çox adam üzə çıxardıq. Bunu üzə çıxara bildiksə, deməli, “KQB” ilə bağlı da etmək olardı.

– Sülhəddin bəy, Azərbaycanin yerləşdiyi regiondakı vəziyyəti necə qiymətləndirirsiniz?

– Köhnə dünya nizamı dağılıb, yeni dünya nizamının qurulması prosesi ağrılı gedir. Düşüncəmə görə və bir qrup ekspertlər də bu qənaətdədir ki, böyük müharibə olmayana qədər dünyada yeni düzənin qurulmasını problemli görürəm. Yeni düzən qurulmasında isə hər kəs istəyir ki, güclü yer tutsun. Yumşaq güc, assimetrik müharibələr hesabına mümkün olmayacaq, regional hərbi münaqişə gözləyirəm. Tərəflərdən biri digərinə “təsirli” güc nümayiş etdirmədikcə, dünyada qeyri-müəyyənlik, qarışıqlıq davam edəcək. Sabitliyin pozulması dünyaya yayılacaq. Belədə Azərbaycan bundan kənarda qala bilməz.

Rusiya, İran və Türkiyədə gedən proseslərə baxın: Qafqaz uğrunda rəqabət aparan 3 ənənəvi böyük dövlətlərdir. Əgər bunlar dünyadakı proseslərdən belə təsirlənirsə, müstəqilliyini yeni qazanmış, ərazilərinin 20 faizi işğal edilmiş ölkə necə təsirlənməyə bilər? Azərbaycan böyük ölçüdə təsirlənəcək. Sadəcə, dünyanın başqa yerlərində maraqları toqquşan qüvvələr Azərbaycandakı maraqlarını balanslaşdırırlar.

– Aydın Mirzəzadə deyir ki, Azərbaycan niyə strateji seçim etməlidir. Sizcə, strateji seçim dilemması qarşısındayıq?

– Hər bir dövlətin milli maraqları var. Və öz dövlət siyasətini milli maraqlarına əsasən müəyyən etməlidir. Bu gün dünyanın inkişafı elə yerə çatıb ki, daxili və xarici siyasət bir-biri ilə üzvü şəkildə bağlıdır. Siz daxildə bir, xaricdə bir başqa siyasət apara bilməzsiniz. Məsələn, əgər siz daxildə idarəçiliyi sərtləşdirirsinizsə, heç vaxt demokratik dünya ilə normal münasibətlər qura bilməzsiniz.

Müasir milli dövlət qurmaq istəyiriksə, demokratik inkişaf yolu tutmalıyıq. Demokratik inkişaf yolu tutmaq isə artıq strateji seçimdir. Deməli, demokratik dünya ilə inteqrasiya yolu tutmağa məcbursan. Onda xarici siyasət vektorun müəyyən olur.

– Bir müddət əvvəl Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü, daha öncə Avrasiya İttifaqı və Gömrük ittifaqlarına qoşulacağı haqda danışılırdı. Bu məsələlər siyasi gündəmdən çıxıbmı?

– Aktuallığını itirdiyini düşünmürəm. Rusiya KTMT-nin Müşahidəçi İnstitutunu yaradır. Burada ilk ağla gələn Türkiyə və Azərbaycandır. Ona görə gündəlikdən çıxacağını düşünmürəm.

– Azərbaycan KTMT-yə qoşulacaqmı?

– Azərbaycan tərəflərdən hansının üstələyəcəyini gözləyir. ABŞ-la Rusiyanın strateji resurslarını müqayisə eləmək olmaz. Azərbaycan strateji planda ABŞ, Avropa Birliyinin, o blokdan hələ ki çıxmayan Türkiyənin regionda üstələyəcəyini bilir. Sadəcə, onlar da dediyim müddəti gözləyirlər. Gələn ilin sonu, ya da 2021-ci ilə qədər Bakı strateji seçim etməli olacaq. Azərbaycan hakimiyyəti öz maraqları baxımdan daha düzgün seçim etmək haqda düşünür.

– İlin sonuna qədər Avropa Birliyi ilə assosiativ sazişin imzalanacağı deyilir. Sizin gözləntiniz nədir?

– Bayaq dediyim kimi, Azərbaycanda maraqlı olan qüvvələrin istəkləri balanslaşdırılıb. Söhbət ABŞ, Rusiya, Britaniya və İsrailin maraqlarından gedir. Son toqquşma riskinin yüksəldiyi bir dövrdə razılaşma əldə olundu. Yeganə marağı nəzərə alınmayan Avropa Birliyi qalıb. Görünür, hakimiyyət bunu da nəzərə alır və gec-tez bu sazişi imzalayacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.