“Miatsum”u Paşinyanın burnundan gətirmək olar - BUNUN ÜÇÜN NƏ ETMƏLİYİK? / Müsahibə

26-08-2019, 12:08           
“Miatsum”u Paşinyanın burnundan gətirmək olar - BUNUN ÜÇÜN NƏ ETMƏLİYİK? / Müsahibə
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Fuad Çıraqovun Redaktor.az-a müsahibəsini təqdim edirik:

- İrəvanın Qarabağ istiqamətində son fəallığı nə ilə əlaqəlidir?

- Deməzdim ki, İrəvan Qarabağ istiqamətində hansısa fəallıq edir. Görünən odur ki, Paşinyanın son populist və məsuliyyətsiz çıxışları münaqişənin həll edilməsi prosesini nəinki canlandırır, əksinə, onun məhz sülh yolu ilə həll edilməsi ümidlərini və ehtimallarını daha da aşağı salır.

- Bəs, hakimiyyət daxilində klanlararası savaş və Paşinyanın öz hakimiyyətini gücləndirmək istəməsi Qarabağda yeni müharibə provakasiyasını gücləndirə bilərmi?

- Bəli, hazırkı hakimiyyətin Qarabağ klanı ilə problemi var, ümumilikdə isə ölkə Qarabağ münaqişəsinin əsirinə və girdabına düşüb. Bir balaca ağlı olan adam anlayır ki, bu münaqişə həll edilmədən ölkənin gələcəyi yoxdur. Bunu vaxtilə keçmiş prezident Levon Ter Petrosyan demişdi. Ancaq bu, ona baha başa gəldi. Paşinyan hələlik ağıllı söz demir, bəyanatları qatı milliyyətçilərin gözləntilərini qarşılamağa, eyni zamanda münaqişəni daha da qızışdırmağa yönəlib. Paşinyan bir müddət əvvəl bildirdi ki, münaqişəni başlayaraq, müəyyən əraziləri Azərbaycana verməklə onu pis vəziyyətdə qoyub xain çıxarmaq istəyirlər. Vəziyyət qəlizdir, bir tərəfdə münaqişənin alovlanmasını istəməyən, ancaq məsuliyyətsiz bəyanatlarla buna təhrik edən, digər tərəfdə isə münaqişənin alovlanmasını siyasi təzyiq vasitəsi kimi istifadə etməyə hazır tərəf var...

- Paşinyan üçün hazırda önəmli məqamlardan biri, qondarma rejimin gələcək liderinin kim olacağıdır. Sizcə, separatçı rejimə başçılıq edəcək şəxs Qarabağ klanının keçmiş ortaqlarından biri olacaq, yoxsa yeni sima gözlənilir?

- Hələlik, qondarma rejimin liderinin yeni simasının kim olması ilə bağlı heç bir məlumat yoxdur. Belə bir namizəd ortaya atılmayıb və spekulyasiyalar da yoxdur. Yəqin ki, hələ tezdir. Bəlkə də belə bir namizəd qondarma rejimin Xankəndi şəhərində keçirəcəyi sentyabr "seçki"lərində ortaya çıxacaq. Hər halda yeni sima ehtimalı çox aşağıdır. Namizədlər və ya iddialıların hamısı hər kəsə məlumdu- əvvəllər və ya indi müxtəlif vəzifələr, postlar tutmuş insanlardır. Paşinyan bu iddialıların içərisində özünə yaxın və maraqları uzlaşan namizədlərlə görüşlər keçirir, ölçüb-biçir, ticarət edir... Paşinyanın son məqsədi onun hakimiyyətinə əsas təhlükə mənbəyi olan Qarabağ klanının əsas mənbəyinin neytrallaşdırılmasıdır.

- Paşinyan Xankəndidə mitinq təşkil edərək, burada “Miatsum” sədaları altında çıxış edən ilk Ermənistan lideri oldu. Sizcə, niyə məhz indi “Miatsum” gündəmə gətirilir?

- Mitinqin keçirilmə vaxtı və səsləndirilən mesajlardan açıq aydın görünür ki, bu addım məhz daxili siyasət kontekstindən atılıb. Paşinyan müxalifət tərəfindən davamlı şəkildə “xain və Qarabağı Azərbaycana təslim edəcək şəxs” qismində ittiham edilir. O, isə bu iddialara cavab verməyə və əksini sübut etməyə çalışır. Bu çıxış da məhz bu baxımdan qiymətləndirilməlidir. Bu bəyanat ilk növbədə Ermənistanın maraqlarına və son illərdə xarici siyasət strategiyasına ciddi zərbə kimi qiymətləndirilir və bu fikir erməni siyasətçilərinin şərhlərində də ifadə olunur. Məsələnin digər tərəfi odur ki, Paşinyan bu cür bəyanatlarında o qədər uzağa gedir ki, gələcəkdə güzəştlərə getmək lazım olsa, buna məcbur olsa və ya məcbur edilsə addım atmaq ona çox ağır olacaq...

- Rusiya prezidenti Vladimir Putinin İrəvana səfər etməsi gözlənilir. Səfər ərəfəsində İrəvanda hansı dəyişikliklər baş verəcək?

- Bəzilərinin ehtimal etdiyi kimi, mən Rusiya-Ermənistan münasibətlərində hansısa problem görmürəm. Daha doğru və dəqiq ifadə etsək, Moskvanın Ermənistandan elə bir istədiyi məsələ yoxdur ki, ala bilməsin. Ermənistan Rusiyaya verə biləcəyi hər şeyi verib, razılaşdırılmayan ciddi nəsə yoxdur. Rusiya da Ermənistana nəzarət edə biləcəyi qədər edir... Paşinyan hakimiyyətə gələndən sonra onun xarici siyasət kursunun dəyişə biləcəyi və buna görə də İrəvanın cəzalandırıla biləcəyi barəsində müxtəlif ehtimallar səsləndirilirdi. Bəlkə ilkin dövrdə iki tərəf arasında hansısa anlaşılmazlıqlar var idi, amma yeni erməni hakimiyyəti Rusiyanı qıcıqlandırmamaq üçün əlindən gələni etdi. Təsadüfən yeni hakimiyyətdə yer almış şəxslər- bəzi Qərbmeyilli şəxslər uzaqlaşdırıldı, qalanları da yəqin uzaqlaşdırılacaq. Məhz buna görədir ki, artıq bəzi erməni şərhçiləri Paşinyanın sələfi Sarkisyandan daha çox rusiyapərəst olduğunu göstərirlər.

- Nikol Paşinyanın hazırkı mövqeyi Azərbaycan üçün hansı dividentlər yaradır. Hazırkı durumdan Azərbaycan necə istifadə etməlidir?

- Əslində Paşinyan özünü və Ermənistanın mövqeyini çıxışları ilə ifşa edir və buna görə ona “təşəkkür etmək” lazımdır. Artıq bu bəyanatdan sonra Ermənistan rəhbərliyinin “Dağlıq Qarabağ müstəqil tərəfdir” kimi iddialarla çıxış edərək, danışıqlar prosesini uzadaraq beynəlxalq aləmi aldatmaq və çaşdırmaq cəhdləri oqədər də effekt verməyəcək. Bu, əsas dividentdir. Görünən odur ki, qarşımızda çox kövrək əsasları olan bir ölkə və hakimiyyət var. Paşinyan Xankəndində böyük iddialardan və ambisiyalardan danışdı. Bu iddiaların o coğrafiyada və belə bir xarici siyasətlə reallaşdırılmasının münkün olub olmamasını qoyaq bir qırağa. Böyük islahatlar güclü, mərkəzləşdirilmiş hakimiyyət və böyük iradə tələb edir. Bunlar isə yoxdur, insanlar konkret nəticələri indi və ən qısa zamanda istəyirlər. Bu istək reallaşmayandan bir müddət sonra nəinki həmin liderə, elə o ideallara və arzulara inam da itir və məyusluq gəlir. Tarix onu göstərir ki, xalqların böyük vədlərlə aldadılması sonda faciələrə və iflasa aparıb çıxarır. Bu müddət ərzində səbrlə proseslərin məntiqi sonunu gözləməklə yanaşı, daha sonra yaranacaq vəziyyətdən ölkəmizin maraqlarına uyğun şəkildə istifadə edilməsinə çalışmalıyıq. Eyni zamanda, Paşinyanın bu tip məsuliyyətsiz çıxışlarını mümkün formalarda beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıyıq.

Firuzə Vahid / REDAKTOR.AZ












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.