“İranda Azərbaycan dilinin tədris olunacağı xəbəri yalandır, şoudur” - Güneyli yazar
30-08-2019, 12:59
Bəzi KİV-lər və sosial şəbəkələrdə xəbər verilib ki, cari tədris ilindən İranın Şərqi Azərbaycan vilayətinin orta ümumtəhsil məktəblərində Azərbaycan dilinin tədrisinə başlanılacaq. Məlumata görə, 2017-ci ildə ikinci dəfə prezident seçilən Həsən Ruhani Təbrizdə yerli əhali ilə keçirdiyi seçkiqabağı görüşündə Şərqi Azərbaycan vilayətindəki məktəblərdə Azərbaycan dilinin tədris olunacağı barədə söz verib. Bildirilir ki, prezident seçki kampaniyasında verdiyi sözü tutaraq, Azərbaycan dilinin tədrisinə icazə verib. İddialara görə, vilayətin rəhbəri Cəfər Paşayi bildirib ki, təhsil nazirinin əmrinə əsasən, orta məktəblərdə şagirdlərə həftədə 2 dəfə Azərbaycan dili tədris olunacaq.
“Bu il yeni dərs ilində Şərqi Azərbaycanın bəzi məktəblərində türk dilinin tədrisinə başlanılacaq və tələbələrə həftədə iki saat, dərs ili ərzində isə cəmi 60 saat türk dili dərsi tədris olunacaq”, - Cəfər Paşayinin adından yaılan məlumatda bildirilib.
Bəs İran azərbaycanlılarının ana dili ilə bağlı yayılan xəbərlər nə dərəcədə doğrudur?
Mövzu ilə bağlı Modern.az-a danışan Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri Sayman Aruz əminliklə bildirib ki, bu cür xəbərlərə inanmır:
“Bir neçə dəfə bu növ xəbərlər yayılıb. Hətta universitetlərdə də Azərbaycan dilinin tədris olunacağı deyilib. Ancaq sonradan həmin xəbərlər yalan çıxdı. Düzdü, həmin dərslərə adını yazdıranlar oldu, ancaq dərslərə gedən adamlara mane olub, onları təzyiqlərə məruz qoydular. Bu qədər təzyiqdən sonra heç kim gedib o dərslərdə iştirak etmədi və axırda da bağladılar. Bu cür xəbərlər təbliğatdır, şoudur. Bu cür xəbərlərlə razılaşmışam. O dərslərin açılmasına da inanmıram”.
İran cəmiyyətində böyüyən müsahibimiz deyir ki, şou yaratmaq İran dövlətinin peşəsidir:
“O cəmiyyətin içindən gəlmiş adamam. Həm hakimiyyətin, həm də cəmiyyətin psixologiyasını yaxşı bilirəm. Əminəm ki, bu dərslər yaradılacaq. Sadəcə həmin dərslərə getmək istəyənlər qorxduqlarından gedə bilməyəcəklər. Çünki təzyiqlər olacaq, o dərslərə gedənlərə pantürk, Azərbaycançı adı qoyacaqlar. Ona görə də soydaşlarımız imtina edəcəklər. Bir növ şou yaratmaq İran dövlətinin peşəsidir.
Əgər 45 milyonluq azərbaycanlının ana dilini rəsmi olaraq tanıyırsansa, imkan ver, o cəmiyyət öz ana dilində dərs alsın. Kim istəyir, fars dilində, kim istəyir Azərbaycan dilində oxusun. Tam təhsili təkcə Təbriz, Urmiya, Ərbəbildə deyil, Tehranın özündə də yaratmaq lazımdır. Əgər insanlara dərs oxumaq imkanları yaradırsansa, bunu həftədə iki dəfə etmək lazım deyil. Tam dərs sisteminə keçmək daha yaxşı olardı”.
Sayman Aruzun sözlərinə görə, belə bir xəbəri yayamaqda mütləq məqsəd var:
“İran prezidentinin iqtisadi-siyasi məsələlərə görə reytinqi cəmiyyət arasında aşağı düşüb. Hamı da bilir ki, soydaşlarımız faşist və şovinist düşüncələrə, İran dövlətinin Azərbaycan xalqına olan hər hansısa rəylərinə görə heç vaxt seçkilərdə iştirak etməyib. Ona görə də səslənən fikirlər şoudur və cəmiyyəti bir növ aldadıb sandıq başına gətirmək istəyirlər”.