Əkrəm İmamoğlu Bakıya gələcək: "Qucaqlaşacağıq, söhbət edəcəyik"

4-09-2019, 12:52           
Əkrəm İmamoğlu Bakıya gələcək: "Qucaqlaşacağıq, söhbət edəcəyik"
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Azərbaycan mediasına müsahibə verib.
Teref.az "Teleqraf.com"a istinadən Ə.İmamoğlunun müsahibə zamanı Azərbaycanla bağlı dilə gətirdiyi fikiləri təqdim edir:

- İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə seçkilərin nəticələri Azərbaycanda da maraqla qarşılandı. Heç Azərbaycanda olmusunuz? Qarşıda Bakıya səfəriniz gözlənilirmi? İstanbulda təhsil alan, işləyən minlərlə azərbaycanlı var. Onların problemləri ilə tanış olmaq, təmsilçiləri ilə görüşmək imkanınız olubmu?

- Təbii ki, Azərbaycanda olmuşam. Azərbaycanı və azərbaycanlı dostlarımızı çox sevirəm. Artıq İstanbul Böyükşəhər Bələdiyyə sədriyəm. Sizin vasitənizlə xəbər vermək istərdim, xaricə ilk səfərlərimdən biri də Azərbaycana, Bakıya olacaq. Gələcəyəm, qucaqlaşacağıq, söhbət edəcəyik. İnanın, böyük bir həyəcanla o günü gözləyirəm, yəqin, təsəvvür edə bilirsiniz, burada işlərimiz çox gərgindir, gediləcək çox uzun yolumuz var. Ən qısa vaxtda işlərimizi yoluna qoyub Bakıda olacağam, indidən xəbər verim.

Azərbaycanlı qardaşlarımız, dostlarımla həmişə görüşürük, əlaqə saxlayırıq, onlara qapımız hər zaman açıqdır. Mən aramızda məsafə görmürəm. Bu gözəl şəhər bütün azərbaycanlı qardaşlarımız üçün hər şey etməyə hazırdır. Tələbələriniz bizim övladlarımızdır, bir problemləri olarsa, Əkrəm İmamoğlu buradadır, bilsinlər. Onsuz da biz də onlarla lazımi təmaslar qururuq, narahat olmayın.

Bu səbəbdən analarına, atalarına “Övladlarımız bizə əmanətdir, onların təhsilini başa çatdırıb ölkələrinə faydalı, sizlərə xeyirli övladlar olmaları üçün əlimizdən nə gəlirsə edəcəyik, heç şübhəniz olmasın” deyə çağırış etmək istəyirəm.

- Cümhuriyyət Xalq Partiyasının təmsilçisi kimi partiyanızın Türkiyənin Azərbaycanla bağlı siyasəti, xüsusilə Ermənistan tərəfindən işğal edilən Dağlıq Qarabağın azad edilməsi üçün hansı təklifləri var?

- Üzvü olduğum Cümhuriyyət Xalq Partiyası Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını beynəlxalq hüquqa və Azərbaycanın ərazi bütövlüyünə zidd hesab edir. Bu siyasət ilk gündən bəri dəyişməyib. Partiyam Azərbaycan siyasətini dəstəkləyir. Türkiyənin bütün beynəlxalq forumlarda Azərbaycana verdiyi dəstəyi partiyamız eynilə müdafiə etməkdədir.

Ümid edirəm ki, bu haqsızlığa ən qısa zamanda son qoyular və Azərbaycan ona edilən haqsızlığı aradan qaldıraraq öz yolunu daha güclü şəkildə davam etdirər. Buna heç şübhəm yoxdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.